Sarı müəmma

Saturn sıralanmaya görə Günəşdən altıncı yerdə dayanır və böyüklüyünə görə Günəş sistemində ikincidir. Minlərlə halqa ilə əhatə olunan Saturn planetlər arasında ən unikalıdır. O, halqası olan tək planet deyil, amma onun buz, qaya parçalarından formalaşmış diskləri bu nəhəngi digər sferalardan ayırır. Özünün yaxın qonşusu Yupiter kimi Saturn da hidrogen və helium qazlarından yaranmışdır.

Saturnun 7 əsas peyki var. Mimas, Enselad, Tefiya, Diona, Reya, Titan və Yapet 1789-cu ildə kəşf olunsalar da onlar bu günədək əsas tədqiqat obyektləridir. Planetin ən böyük peyki olan Titan metan gölləri ilə tanınır ki, bu da onu sirli bir dünyaya, elmi kəşflər ocağına çevirir.

blank
Saturn və onun peykləri

Saturn Yerdən uzaq məsafədə yerləşsə də onu gözlə görmək mümkündür. Saturn Qədim Romada kənd təsərrüfatı allahının adını daşıyır. Yunanlar isə onu Zevsin (Yupiter) atası Kronos adlandırır.

Ölçü və məsafə

Radiusu 58,232 kilometrə çatan Saturn Yerdən doqquz dəfə böyükdür. Əgər Yer 50 qəpik ölçüsündə olsaydı o zaman Saturn voleybol topu boyda görünərdi. Saturn Günəşdən 9.5 astronomik vahiddə (qısaca AV) yerləşir. Bir AV Yerdən Günəşədək olan məsafəyə bərabərdir. Bu məsafədə Günəş şüaları Saturna 80 dəqiqəyə çatır.

blank

Orbiti və oxu ətrafında fırlanması

Saturnda bir gün uzunluğuna görə Günəş sistemində ikinci yerdə dayanır. Başqa sözlə Saturnun bir günü 10.7 saata bərabərdir. Bir Saturn ili isə 29.4 Yer ili (10,756 gün) qədərdir.

Saturn oxu üzərində 26,73° əyilib. Bu o deməkdir ki, Yerdəki kimi Saturnda da fəsillər var.

blank

Yaranması

Saturnun yaranması 4,5 milyard il əvvəl, bütün Günəş sisteminin formalaşdığı dövrə təsadüf edir. O zaman planet fəzada uçuşan qaz və toz hissəciklərini cazibəsinə alaraq nəhəngə çevrilmişdir. Saturn indiki görünüşünü təxminən 4 milyon il bundan əvvəl almışdır. Yupiter kimi Saturnun da tərkibi hidrogen və helium qazlarından ibarətdir. Bu, iki element Günəşi də formalaşdırıb.

blank

Quruluşu

Planetin mərkəzində daş-qaya ilə əhatə olunmuş dəmir və nikeldən ibarət nüvə yerləşir. Planetin üz qabığı isə hidrogen qatı ilə örtülüb. Ancaq Saturnun nüvəsi onun böyük qardaşı Yupiterin nüvəsindən qat-qat kiçikdir.

Təsəvvür etmək çətin olsa da, Saturn Günəş sistemində yeganə planetdir ki, sıxlığı suyun sıxlığından azdır.

Səthi

Saturn nəhəng qaz planeti olduğundan möhkəm səthə malik deyil. Bura tufanlar məskənidir, planetin səthinə yaxınlaşdıqca sıxlıq artır. Kosmik gəmi Saturnun atmosferinə daxil ola bilməz. Yüksək təzyiq, hərarət burada uçuşu mümkünsüz edər.

Atmosfer

Saturnun buludları zəif təbəqə əmələ gətirir. Burada tufan, hava axınları planeti sarı, şabalıdı və boz rəngə boyayır.

blank

Atmosferin yuxarı təbəqələrində, ən çox da ekvator ərazisində küləyin sürəti saniyədə 500 metrə çatır. Müqayisə üçün Yeri nümunə gətirmək olar: Yerdə ən möhkəm külək saniyədə 110 metrlə əsir. Yupiterdə sıxlıq o qədər yüksəkdir ki, burada insan özünü suyun altındakı kimi hiss edər. Saturnda qaz maye halındadır.

Planetin Şimal yarımkürəsində maraqlı hadisələr baş verir. Bu yaxınlarda Voyacer-1 kosmik aparatı 6 bucaqlı hava axınını qeydə alıb və Kassini aparatının köməkliyi ilə bu fenomen daha dərindən öyrənilib. Belə ki, 30 min km genişliyində olan bu altı bucaqlı qasırğa saatda 322 km sürətlə dövr edir. Belə şey indiyədək heç bir yerdə qeydə alınmayıb.

blank

Həyat mümkünlüyü

Saturnun ətraf mühiti bildiyimiz həyat kimi deyil. Burada olan təzyiq, hərarətin ekstremal həddə çatması həyatı mümkünsüz edir.

Ancaq Saturnun peyklərində yaşamaq olar. Enselad və Titan kimi peyklər həyat üçün yararlıdır.

blank
Enselad
blank
Enselad
blank
Titan

Peyk

Saturnun çox maraqlı peykləri var. Seyrək buludlu Titandan tutmuş, kraterlərlə zəngin Foebe… Saturnun hər bir peyki, planetin müəyyən tarixi qatını əks etdirir. 2019-cu ilədək Saturnun 82 peyki məlum idi. 2006-cı ildə tədqiqatçılar Yaponiyanın Havay adalarında yerləşən Subaru teleskopu ilə daha 9 peykini aşkar ediblər. Onların hamısı retroqrad orbit ilə hərəkət edən nizamsız peyklər tipinə aiddir. 2006-cı ildə tədqiqatçılar həmin teleskopda retroqrad orbitlə hərəkət edən daha 20 peykin tapdıqlarını bəyan edib. 2023-cü ilin mayında isə yeni 63 peykin mövcudluğu məlum olub. Ümumilikdə Saturn peyklərinin sayı 146-ya çatıb.

blank
Mimas
blank
Yapet
blank
Enselad

Halqa

Belə güman olunur ki, Saturn halqaları bir zamanlar bir-birilə toqquşmuş peyklərin qırıntılarıdır. Halqalar xırda toz dənəciklərindən tutmuş, böyük buz və daş qayalarından ibarətdir. Onlardan bəziləri bildiyimiz dağ boydadır. Bu halqalara Saturnun səthindən baxsaq onlar ağ rəngdə görünər. Və çox maraqlıdır ki, halqaların fırlanma sürəti eyni deyil.

blank

Disklərin enliliyi 282.000 kilometrə çatır, qalınlığı isə çox azdır, hardasa 10 metr. Ancaq Kassini bu halqaları biri-digərindən ayırd edə bilib. Burada ən böyük halqalar A, B və C, onlardan bir qədər kiçik olanlar isə D, E, F və G halqalarıdır.

Maqnitosfer

Saturnun maqnetik sahəsi Yupiterin maqnetik sahəsindən zəif olsa da, Yerin maqnitosferindən 578 dəfə güclüdür. Bütün halqalar, peyklər Saturnun maqnetik sahəsində yerləşir. Onlar Günəş küləyinin elektromaqnit sahəsindən çox Saturnun maqnetik sahəsində elektrikləşir.

blank

Yerdə müşahidə etdiyimiz avrora Günəşin elektromaqnit təsirindən asılıdırsa Saturn avrorası planetin maqnitosferinə görədir. Kassini sübut etdi ki, burada işıldayan dan şəfəqləri Yupiterdəki kimidir, Günəşdən asılı deyildir. Ancaq Günəşdən asılı olmayan başqa avroralar da var. Onlar hələ ki, tam öyrənilməyib.

Tərcümə etdi: Məmməd Məmmədli

Mənbə:

nasa.gov

ru.wikipedia.org

 

 

1 thought on “Sarı müəmma”

Leave a Reply