Mən ətrafa yummuş gözlərimlə baxıram. Göz mənim üçün vacib əzadır. Onları itirmək istəməzdim…
Dünyaya göz açanda ilk gördüyüm işıq olub. Bəbəklərimə nüfuz edən fotonlar başıma ağ ləkə salıb. Bu gün də onların sayəsində dünyam sayrışır.
Dəri məni təkcə xarici pisliklərdən qorumur. Mən gözlə gördüyümü dərimlə də hiss etməliyəm. Təmas mənim üçün vacibdir. Ancaq ən dəyərlisi beyindir.
Göz, hissiyat və şüur mənə uzaq məsafələr qət etməyə imkan verir.
An – bu iki hərfdə, bu sözdə bütün həyatımız cəmləşib. Ömrümüz o “an”ların məcmusudur. Mənim fantaziyam gördüklərimdən uzağa getməyib. Mən o qədər də mükəmməl varlıq deyiləm. Ancaq beynimin sayəsində həmin “an”ları təxəyyülümdə canlandırır, ən adisini seçib, onu istədiyim tərzdə nəql edirəm.
Yazmaq da mənim üçün vacibdir. Məhz bu yolla mən özümü ifadə edirəm. Yadplanetlilər, kainatın müxtəlif bucaqlarında baş verən hadisələr, oradakı həyat mənim mövzularımdı. Deyə bilərəm ki, yazdığım ən absurd əsərin belə gerçəkliklə əlaqəsi var.

Məmməd Məmmədli bədii yaradıcılığa ispan və Latın Amerikası müəlliflərinin əsərlərini dilimizə çevirməklə başlayıb. İlk dəfə “ULDUZ” jurnalında (2006) Visente Blasko İbanesin “Dənizdə” və “Mavrın qisası” hekayələrilə çıxış edib. İspan yazıçısı Xavier Serkasın “Təhrik” (El Móvil) povestini tərcümə edəndən sonra (2007), əsərin qəhrəmanı Alvaro onu orijinal əsər yazmağa təhrik edib. “Axırıncı yol” povesti məhz belə yaranıb. Sonradan müəllif fantastik janra müraciət edib. 2016-cı ildə “Xüsusi maddə axtarışında” povestini bitirib. Azərbaycanda ədəbiyyatın bu qolu populyar olmasa da Məmməd Məmmədli məhz bu istiqamətdə əsərlər yazmağa meyillidir. Kainat, yadplanetlilər onun üçün əsas mövzulardı. Yazıçı bədii əsərləri və tərcümələrilə əsasən “ULDUZ” jurnalında çap olunur. Müəllifin “İşıqdan gözləri qamaşanlar”, “İki dünya arasında” və “Ərafın dərin qatlarında” hekayələri kulis.az saytında da dərc olunub.
“Союз-Apollo” beynəlxalq kosmik missiyası
“Союз-Apollo” beynəlxalq kosmik missiyası (1975) Yerdən təxminən 231 km aralı ABŞ-ın “Apollo” və Sovetlər Birliyinin “Союз” kosmik gəmilərinin “öpüşü” kimi tarixə düşüb. İlk dəfə olaraq kosmik aparatlar cütləşəndən sonra 3 amerikalı və 2 rus astronavtları bir-birilə görüşüb, qarşı tərəfin modulu ilə tanış olublar. Bu, kosmonavtika sahəsində “Böyük sıçrayış” və iki superdövlətin detente (siyasi münasibətlərin yumşaldılması) simvolu idi.
Məni kameranın qarşısında otuzdurub əlimə də “Союз-Apollo” maketini verəndə onun nə olduğunu çox güman ki anlamırdım. Ancaq belə şeylər insana şüuraltı təsir edir. Düşünürəm ki, kosmosu kəşf etdiyim gün məhz bu fotoşəkildən başlayır…