Posted on

by

Doğrudan balıqların

Qəribə şakəri var:

Dünya alt-üst olsa da

Dinmir,

Susur balıqlar.

Tora düşəndə belə

Balıqlar yenə dinmir.

Bəlkə balıqlar əsla

Kədərlənmir, sevinmir?!

Biri bu qızılbalıq,

Danışsa, dinsə əgər?

Qızıltək sözlər deyər.

Şahmayılar tavada

Qovrulanda cızhacız.

Baxır sükutla yalnız,

Gör necə susur sazan,

Gön qalın, gözlər iri;

Danışsa, yağdıracaq

Qaba-qaba sözləri.

Sıf da susur, danışmır,

Üst-başı tikan-tikan.

Danışsa,

Tikanlı söz

Töküləcək ağzından.

Hərçənd ki, lüm-lüm udur

Balaca balıqları, –

Zorgödən naqqa belə

Danışsa, gəlsə dilə

Sözüylə, nitqi ilə

Kar edər qulaqları.

Danışmır çapaq, xəşəm,

Danışmır susur nərə.

Bu balıqlar görəsən

Danışmır nəyə görə?

Sel gəlir dalğalarla,

Dalğa gəlir qatarla,

Çay coşur ləpə-ləpə, –

Balıqlar iri-iri,

Balıqlar körpə-körpə

Üzür belədən-belə.

Onlar susurlar elə…

Onlar susurlar elə…

Əliağa Kürçaylı

One response to “Balıqlar”

Leave a Reply

You cannot copy content of this page