Posted on

by

Soyuq idi, çox soyuq. Xəzri havada rəqs edən yağışı adamın düz üzünə çırpırdı. Bu zəhlətökən dəqiqələrdə yolla gedənlərin yeganə arzusu evlərinə çatıb isti otaqlarına təpilmək idi. Dekabrın ilk həftəsi sərt başlamışdı. Sinoptiklər qar yağacağına söz vermişdilər. Küləyin başdan qapaz vuracağından qorxan Telman da papağından bərk-bərk yapışıb, iti addımlarla işlədiyi xəbər agentliyinə tələsirdi.

Mədəniyyət şöbəsinin müdiri idi. Müxbirlik işindən razı olsa da maaş onu qane etmirdi. Binaya daxil olanda papağını çıxarıb əlilə yaşını çırpdı. Liftə minib otağına qalxdı. Həmkarı Araz onu görən kimi yanladı:

-Telman müəllim, Akademik Milli Dram Teatrında “Qeyrətini itirənlər” tamaşasının premyerasına getməlisiniz. Tamaşa axşam saat 16:00-da başlayır. Telman duruxdu, zəndlə Arazın üzünə baxdı və uzun fasilədən sonra xəbər aldı:

-O nə tamaşadır elə, “qeyrətini itirənlər…” başqa ad tapmadılar?!

-Bilmirəm, Telman müəllim, onu bilirəm ki, bu axşam tamaşanın premyerasıdır.

Telman paltosunu çıxarıb asılqandan asdı, sonra da kompüterini açıb xəbər portallarında günün baş xəbərlərini nəzərdən keçirdi. Gözü “Ölkədə benzin bahalaşdı…” başlıqlı yazıya sataşanda elə bil kefinə soğan doğradılar.

-Görürsən? Qiymətlər qalxır, saytlar yazır. Xaraba qalsın bu ölkəni! – deyib, dişi ilə Winston qutusundan bir siqaret çəkib çıxartdı. Nəzərlərini tavana dikib dərindən bir qullab aldı və tüstülədə-tüstülədə alaqaranlıq dəhlizdə o baş – bu baş gəzişdi.

Telman balacaboy, kök bir kişi idi. 45 yaşını təzəcə adlamışdı. Binə Ticarət Mərkəzindən aldığı yeni kostyumu, uzun güllü qalstuku, qarsılmış bığları və qabağa çıxmış qarnı ona əsl müdir görkəmi verirdi.

Bu arada idarənin bərkgedənləri işlərinə fasilə vermək bəhanəsi ilə həmişəki kimi kül qabının ağzını kəsdirmişdilər, ciddi görkəmdə nəyisə müzakirə edirdilər. Telman onların məclisinə qoşulmadı, sonuncu tüstünü acgözlüklə ciyərlərinə çəkərək otağına qayıtdı.

İşini görə-görə Arazdan gedəcəyi tədbirin vaxtını bir də dəqiqləşdirdi. İdman şöbəsinin əməkdaşı Seymur qapıdan içəri boylandı.

-Mədəniyyət şöbəsinə eşq olsun!

Telman arxaya söykənib əli ilə qarnını sığalladı. Seymur otağın küncündə kompüterə başı qarışan Məmmədə işarə edərək:

-Yeni əməkdaşınız necədi, işə uyğunlaşa bilirmi?

Məmməd kompüterdə nəsə yazırdı.

-Salam, ay Məmməd, vəziyyət necədi?

Məmməd barmaqlarını klaviaturanın üstündə gəzdirib başı ilə təsdiqləyici bir işarə cızdı. Onun bu hərəkəti “mən məşğulam və hər şey əladır” anlamına gəlirdi.

Telman qarnını qabağa verdi:

-Ay Seymur, özün görürsən, bahalıqdı, amma maaş artımından bir söz demirlər. Dünən 400 qram çörəyi 1 manata aldım. Yeyə bilmədim, boğazımdan keçmədi, elə bil mədəm kiçilmişdi.

-Peşəni dəyiş! Müxbir çörəyi üstünə şəkər tozu səpilmiş bulkaya bənzəyir. Başımızı aldadırlar…

“Telman üçün şapalaq” hekayəsindən bir parça

Leave a Reply

You cannot copy content of this page