STİVEN SPİLBERQİN ELMİ-FANTASTİK JANRDA ÇƏKDİYİ FİLMLƏR BU JANRA OLAN BAXIŞI DƏYİŞİB.
Məşhur hollivud rejissoru Stiven Spilerqin ən sevdiyi mövzulardan biri də yadplanetlilərdir. Rejissor indiyədək bu əcaiblərə 3 film həsr edib. Onun “Üçüncü növ yaxın görüşlər” filmi elmi-fantastik janra olan baxışı dəyişib. Stiven Spilberq sübut edib ki, bu janrla kütləni özünə cəlb etmək olar.
Üçüncü növ yaxın görüşlər (Close Encounters of the Third Kind)
“Üçüncü növ yaxın görüşlər” Amerikalı rejissor Stiven Spilberqin 1977-ci ildə ekranlaşdırdığı ilk elmi-fantastik lentidir. Süjetin mərkəzində insanların yadplanetli sivilizasiya ilə görüşü dayanır. Filmin adı insan varlığı ilə yadplanetli arasındakı əlaqənin dərəcə bölgüsündən götürülüb ki, burada “üçüncü növ” sözü naməlum canlılar üzərində aparılan müşahidələr anlamına gəlir. 20 milyon dollar büdcə ilə çəkilən “Üçüncü növ yaxın görüşlər” ekran əsəri prokatda 306 milyon toplamışdır.
Yadplanetlilər haqqında bundan əvvəl və sonra filmlər çəkilsə də məhz Spilberqin bu şah əsəri tamaşaçıların gözündə möhtəşəm bir film kimi yadda qaldı. 9 Oskar qazanan “Üçüncü növ yaxın görüşlər” elmi-fantastik janra olan münasibəti dəyişdi, sübut etdi ki, bu janrla da kütləni özünə cəlb etmək olar.
Baş rolları Riçard Dreyfus və Teri Qarr canlandırır. Filmdə məşhur Fransa rejissoru Fransua Trüffo da çəkilib.
Yadplanetli (E.T. the Extra-Terrestrial)
Spilberqin “Yadplanetli” filmi (1982) Elliot adlı bir oğlan uşağının yadplanetli ilə dostluğundan bəhs edir. Süjetə görə başqa ulduzdan gələn bir qrup tədqiqatçı Kaliforniya meşələrində bitkilərdən nümunələr götürürlər. Ancaq insanları görən əcaib məxluqlar tələsik kosmik gəmilərinə qayıdır və öz həmkarlarından birini bayırda unudurlar. NASA mütəxəssisləri hadisəni qeydə alsalar da Elliot meşədə azmış yadplanetlini evində gizlədir. İndi o, öz planetinə qayıtmaq istəyən məxluqa kömək etməlidir.
Spilberqin öz uşaqlıq arzularından bəhs edən film 4 Oskar mükafatı qazanıb, həmçinin bir çox müsabiqələrin qalibi olub. Rejissorun “Universal Pictures”lə çəkdiyi “Yadplanetli” ekran əsəri “Ulduz döyüşləri”ni arxada qoyaraq növbəti onillikdə də ən çox gəlir gətirən filmlərdən biri olub.
Dünyaların müharibəsi (War of the Worlds)
Britaniyalı yazıçı Herber Uelsin romanı əsasında 2005-ci ildə çəkilən “Dünyaların müharibəsi” Stiven Spilberqin yadplanetlilərdən bəhs etdiyi 3-cü işidir. Film kadrarxası bu sözlərlə başlayır: “Müasir insanlar öz problemləri ilə o qədər məşğuldur ki, yadplanetlilərin onları izlədiyini hiss etmirlər.”
Filmin süjetinə görə avtomobillərin təmirilə məşğul olan Rey Ferrier qızları Reyçel və Robbi ilə evdə olarkən televizorda Ukraynada qasırğa nəticəsində işığın kəsildiyi xəbərini alır. Xəbərə əhəmiyyət verməyən Rey Ferrier bayırda qəribə hadisələrin baş verdiyini görür. Və hadisələr elə bundan sonra cərəyan etməyə başlayır. Yerin altından çıxan Yadplanetli qurğular insanlara müharibə elan edirlər. Bütün dünyanı ələ keçirməyə çalışan yadplanetlilər hərbiçilərin güclü müqavimətilə üzləşir.
603 milyon dollardan çox gəlir əldə edən filmdə baş rolları Tom Kruz, Dakota Fenninq, Tim Robbins ifa edir.
Leave a Reply