Qətllər, mistik hadisələr, qeyri adi varlıqlar, tənhalıqdan yaranan hallüsinasiyalar… Təxmin etdiyiniz kimi budəfəki yazı ən yaxşı qorxu filmləri haqqındadır. Bu filmləri izləmək sözün əsl mənasında bizdən cəsarət tələb edir. Bir dəfə baxdıqdan sonra izləməyə cürət etmədiyiniz 5 filmin qısa sinopsisini təqdim edirəm.
Sonsuzluq hovuzu
Brendon Kronenberqin sürrealist janrında çəkdiyi “Sonsuzluq hovuzu” geniş bir istirahət mərkəzini özündə əks etdirir. Filmin süjet xəttinə görə “1 faiz” adı ilə tanınan beynəlxalq ictimai qrup sonsuz klon əldə etmək üçün qətl törədirlər. Plana görə həmin klonlar dünyada bütün məsuliyyəti öz üzərinə götürməlidir. Rollarda Mia Qot, Kleopatra Koleman, Amanda Brugel, Karolin Boulton və başqaları çəkilib.
Daşlı ada
İngiltərənin Cənub sahillərində yerləşən bir adada sayrışan ağğappaq bir işıq şüasını təsəvvürünüzdə canlandırın. Bu, yəqin ki, Mark Cenkinin qorxu janrında çəkdiyi “Daşlı ada” filmində tükürpədici məqamları tamaşaçıya çatdırmaq üçün ən uyğun təsvirdir. Sözlərimiz reallıqla səsləşməsə də rejissor ən azından ötən illərin qorxu filmlərində müşahidə etdiyimiz “uyuşdurucu obraz” təssüratını ötürməyə çalışıb. Bu film, dünyadan təcrid olunmuş bir qadının yavaş-yavaş ağlını itirməsindən bəhs edir. Baş rollarda Meri Vudvayn, Edvard Rou və Flo Krou çəkilib.
Heç kəs səni xilas etməyəcək
Kasıb təbəqəyə məxsus bir qadın hiss edir ki, yaşadığı kənddə qəribə hadisələr baş verir. O, insanların böcəkgözlü yadplanetlilər tərəfindən hücumuna məruz qaldığını zənn edir. Sən demə onun düşündükləri həqiqətdir. O, sadəcə 51-ci zonadan qaçan əcaib məxluqlardan qorunmalıdır. Filmin rejissoru və ssenari müəllifi Briyan Daffilddir. Baş rolları Keytlin Dever, Elizabet Kaluyev və Zak Dümi canlandırır. Ekran əsəri “Heç kəs səni xilas etməyəcək” adlanır.
Şər qarışanda
Əgər nəvaxtsa sizdən böyük, ağzından çürümüş maye axıdan və bətnində hələ doğulmamış körpənin ruhunu gizlədən əcaib bir məxluqla qarşılaşsanız heç vaxt onu öldürməyin. Çünki onu məhv etmək sizə baha başa gələcək, qəzəbi daha da alovlandıracaq. Söhbət “Şər qarışanda” filmindən gedir. İstedadlı argentinalı rejissor Demian Ruqnanın bu ekran işi sürprizlərlə doludur. Bu o filmlərdəndir ki, baxış zamanı qorxunuzdan qışqıracasınız. Keçmiş ər obrazını canlandıran Esekiel Rodrigesə yalvaracaqsınız ki, evdə gizlənən arvadından uzaq dursun.
Skinamarink
“Skinamarink” filmində 4 yaşlı Lukas evdə tək qalır. Onun atası, anası və böyük bacısı bir-birinin ardınca qeyb olurlar. Gözəgörünməz bir qüvvə elə bil evin pəncərə və qapılarını, otaqlardakı əşyaların yerini dəyişir, uşağın oyuncaqlarını tavana yapışdırır və Lukasın qulağına nəsə pıçıldayır ki o, bıçağı əlinə alıb özünü müdafiə etsin. Filmin rejissoru və ssenari müəllifi Kayl Edvard Bolldur. Rolları Lukas Pol, Dali Rouz Tetro, Ross Pol və başqaları oynayıb. Təzyiqdən əziyyət çəkən tamaşaçılar filmə baxarkən mütləq özləri ilə dərman gəzdirsinlər. Belə ki, onların həkimə ehtiyacı ola bilər.
Tərcümə etdi: Məmməd MƏMMƏDLİ
Mənbə: “Rolling Stone” jurnalı
Leave a Reply