Mən atamı xatırlamıram…

(hekayə)

Əlində araq şüşəsi sahil boyu hara getdiyinin fərqində deyildi. Ayaqları dənizin qumuna dolaşır, bədəni dalğaların xışıltısında boşluğa yuvarlanırdı. Ölmək, torpağa qarışıb yox olmaq, lap elə cəhənnəmə getmək Aslan üçün ən yaxşı son olardı, əgər o, naməlum məxluqlarla üzləşməsəydi…

Gecəni məst edən ay işığında dayanıb Xəzərə tamaşa edirdi. Gözləri ağaran dalğalara qoşulub rəqs edir, arabir səmanın dənizlə birləşib itdiyi boşluğa zillənirdi. Birdən ona elə gəldi ki, suyun üzü alışıb yanır. Həmən sərsəmlədiyini sandı, bu ola bilməzdi. Zəhrimarı bu dəfə qədərindən artıq içib. O qədər içib ki, dəniz gözünün qabağında alışıb yanır. Başını silkələdi, gözlərini yumub açdı. Yox! Bu, qarabasma deyildi! Dəniz qaynayıb coşduqca içindən bir “Günəş” çıxırdı.

Günəşə bənzər naməlum obyekti görəndə sinirləri tab gətirmədi. Vahimə onu basdı, dizləri boşaldı və əlində bərk-bərk tutduğu araq şüşəsini yerə atıb qaçmağa başladı. Bəlkə mən yuxu görürəm? Ola bilməz… bu, mənim gözümə göründü! Bəs bu işıq topası hardandı?

Uzağa qaça bilmədi, arxadan elə bil onu maqnit kimi tutub saxladılar, taqətdən saldılar və o, çarəsiz-çarəsiz yerə çökdü.

– Getmə, dayan! Biz sənə zərər vermərik. – kimsə onun beyin hüceyrələrini tərpətdi.

Hipnoz olunmuş kimi yerindən qalxıb dənizə üz tutdu. Suya girəndə dərinliyi hiss etmədi. Ona elə gəldi yelkənli qayıq təki suyun üstü ilə şütüyür. Günəşə yaxınlaşdıqca cazibə qüvvəsi daha da artdı və o, huşunu itirib qırmızı kürənin içinə sovruldu.

– Siz kimsiniz, hardan gəlmisiniz? – Dərin yuxudan ayılırmış kimi dedi.

Qarşısında qaraltı kimi dolaşan əcaib məxluqlardan biri insan kimi danışdı:

– Biz sənə hardan gəldiyimizi söyləsək, bir şey anlayacaqsanmı?

– Məndən nə istəyirsiniz? – dili ağzında dolaşdı.

– Biz sənin dərdini bilirik. Səni 30 il çəkdiyin iztirabdan qurtarmaq istəyirik. Bizə etibar edə bilərsən. Qorxma!, – küt səslə dedi.

Bu zaman kosmik fəzada asılı qalmış astronavt kimi ayaqları yerdən üzüldü, başına torba keçirib harasa apardılar.

– Buraxın məni, Günəş balaları, köpək uşaqları… – qışqırdı.

Aradan nə qədər vaxt ötdüyünü, başına nə oyun açdıqlarını hiss etmədi. Təslim oldu…

Beləcə dəniz özünə lazım olmayanı sahilə atdığı kimi onu da qumun üstünə tulladılar. Bütün gecəni ölü kimi düşüb qaldı. Özünə gələndə hava artıq işıqlaşırdı. Ayağa qalxıb ətrafa göz gəzdirdi. Yaddaş qırıqlığına uğramışdı. Axı onun sahildə nə ölümü vardı? Anlamırdı. Üst-başını çırpıb evə qayıtdı…

Qapını açıb içəri keçəndə gördüyü mənzərədən çaşıb qaldı. O, anasının gözünün ağı-qarası, yeganə balası idi. Axşamdan oğlunun 35 yaşını qeyd etmək üçün hazırlıq görən ana balasının yolunu gözləyə-gözləyə başını masaya söykəyib yuxuya getmişdi. Əlini ehmalca anasının saçına çəkdi. Süfrədə aş, aşqara, cürbəcür salatlar, kəsilməmiş tort, hamısı onu gözləyirdi. Kefi duruldu. İştahla aş-qaradan götürüb boşqabı qabağına çəkdi.

Anası başını qaldırıb ağzını marçıldadan oğluna zəndlə baxdı.

– Hardaydın?

– Dənizdə.

– Yenə sərxoşluq edirdin, hə? Atanı fikirləşirdin? Bədbin olma, oğlum, gələcəyə bax.

Aslan heç nə olmamış kimi anasının üzünə gülümsədi:

– Hansı atanı?

Ana oğlundan bu cavabı gözləmirdi. Səsindəki soyuqluq beynində qarışıq fikirlər oyatdı.

Aslan bu vaxtadək elə bil quyunun dibində ömür sürürdü. Oradan çıxmağı düşünmürdü. Oğluna kömək əlini uzatsa da aralarındakı məsafə onu həyata qaytarmağa bəs eləmirdi. İki dünya arasında ilişib qalmışdı Aslan. Nə ölə bilirdi nə də quyudan çıxmağa çalışırdı. Oğlunun bədbin fikirlərə qapılması, göz görə-görə “intihar” etməsi ananı üzürdü. İndi atası haqqında solaxay sualı ananı üşütdü:

– Necə yəni hansı atanı?! Şəkillərdə gördüyün, sevə-sevə xatırladığın atanı, – ana ağlamsındı.

Atasının yoxluğu, uzun illər qəlbində daşıdığı atasızlıq kimi ağır yük elə bil sovrulub yox olmuşdu. Dənizdə başına gələn hadisə onu büsbütün dəyişmiş, sanki quyunun dibindən dartıb həyata qaytarmışdı. İndi o, lili çökmüş suya bənzəyirdi. Bununla belə gözlərində bir qədər laqeydlik də sezilirdi.

– Mən atamı xatırlamıram.

Bu dəfə ana əməlli-başlı heyrətləndi. Gözlərini iri açıb narahat-narahat soruşdu.

– Sənə nəsə olub, oğlum?

Sakit baxışlarla düz anasının gözünün içinə baxdı:

– Heç nə olmayıb, ana, ciddi deyirəm, mən atamı xatırlamıram.

Anasının sualları ona bir az qəribə gəlirdi, elə bil “ata” sözünü həyatında heç vaxt dilinə gətirməmişdi.

– Bəlkə başına hava gəlib? Yalvarıram, o zəhrimarı daha içmə!

– Narahat olma, – ağzındakı loxmanı çeynəyib sözünə davam etdi. – Sadəcə atasız böyüdüyüm üçün yadıma düşmür. Yəqin sən deyən kimi içkinin təsirindəndi.

Bu sözlərdən sonra anası sakitləşdi. Üzündəki təbəssümü görüncə özündən ixtiyarsız 30 il əvvəl baş vermiş hadisədə balaca Aslanın gözlərində donmuş, anlaşılmaz ifadəni xatırladı…

***

blankSoyuq yanvar ayı idi. Şahnaz mətbəxdə yeməyə baxır, balaca Aslan da pedallı avtomobilini minib o baş, bu başa sürür, qabağına çıxanı vurub dağıdırdı. Sözəbaxan uşaq deyildi. Valideynləri onun heç bir arzusunu ürəyində qoymazdı, nadincliyinə görə bir söz deməzdilər. Atası ona hər ay yeni animasiya qəhrəmanı hədiyyə etsə də, oyuncağa olan sevgisi cəmi bir gün çəkirdi, səhərisi ya başı qopmalıydı ya da ayağı. Evdə o qədər oyuncaq avtomatı, təyyarələri vardı ki, yığıb-yığışdırmaq olmurdu.

Atasına olan sevgisi də özünəməxsus tərzdəydi. Hamıdan tez durur, duran kimi, çarpayıya dırmaşıb atasının qulaqlarını dartışdırırdı. O, məhz oğlunun hesabına işə gecikmirdi. Canlı saat düz onun evində yaşayırdı. Aslan oyandısa evdəkilər yatmamalıydı. Əks halda nəsə düşüb sınacaq, yaxud da evi su basacaqdı.

– Aslan, get o biri evdə oyna, imkan ver işimi görüm. İndi ata gələcək, sənə gözəl bir hədiyyə gətirəcək. – Şahnaz toyuq budlarını çevirə-çevirə oğluna səsləndi.

Aslan pedala basıb maşını var gücü ilə yataq otağına tərəf sürdü. Qapını vurub təkərini şkafa dirədi. Bir-iki dəfə dala-qabağa verib dayandı, yoruldu.

Yataq otağı Aslanın gözündə bir avtodayanacaq idi. O, hər dəfə maşını park etmək istəyəndə bu otağa salırdı. Bununla belə nəyisə kəşf etmək hissi heç zaman onu tərk etmirdi. Odur ki, növbəti axtarışını elə həmin paltar şkafından başladı.

Paltarları töküşdürüb şkafın gözlərini gəzirdi. Hündür əliçatmayan yerlər Aslan üçün bir tapmacaydı. O, alpinist kimi elə hey yuxarı dırmaşmalıydı.

Budur, artıq şkafın başındadır. Heç vaxt görmədiyi əşyanı tapdığından maraq onu götürüb. Görəsən nə var bunun içində? Yaman ağırdı! Nə üçündü görəsən?

Oğlunu görməyə tələsən ata hələ də tıxacdaydı. Vaxtı öldürmək üçün mühərriki söndürüb radionu qoşmuşdu. 105FM dalğasında “Bakuba” qrupunu dinləyirdi. Cazı sevdiyindən vaxtın necə ötdüyünü hiss etmədi. Başını qaldıranda yol açılmışdı, hətta arxadakı sürücülər siqnal verirdi ki, sür də, nə durmusan. Mühərriki işə salıb yoluna davam etdi.

Yaşadığı binanın həyətində maşını saxlayıb, Aslanın hədiyyəsini götürərək tələsik evə qalxdı. Səbirsizlənir, həm də sevinirdi. Görəsən “transformer” oğlunun xoşuna gələcək? Yoxsa bu da birgünlükdü?

Liftdən çıxıb qapını döydü. Açan olmadı, bir də döydü. Harda qaldı bu Şahnaz? Nəhayət yoldaşı qapını açdı.

Evə girən kimi ucadan oğlunu səslədi.

– Aslanım mənim! Gör ata sənə nə alıb!? – deyib yataq otağına keçdi.

– Hardadı mənim vəhşi pişiyim?

Başını qaldıranda Aslanı gördü. Bir göz qırpımında evi sanki ildırım vurdu. Ata iki addım geriyə çəkilib çarpayının üstünə yıxıldı.

***

blankMəgər Aslan həmin gecəni xatırlamırdı? Buvaxtadək özünü günahkar sayan həyatı boyu çəkdiyi iztirabları necə unuda bilərdi?! Nə baş verdi ki, uzun illər qəlbində daşıdığı acısını dənizdə qoyub gəldi? Şahnaz ürəyində sevinsə də bu sualın cavabını axtarırdı.

– Sən dənizdə neynirdin, oğlum? Nə gördün orda? Çalış yadına sal.

– Desəm inanmayacaqsan, – yeməyinə ara verib sözünə davam etdi. – Başqa ulduzdan gəlmələr məni tutub saxlamışdılar. Hiss edirəm onlar mənə nəsə edib. Amma tam xatırlamıram, dünənki gecə yaddaşımdan ən qorxunc xatirəni silib elə bil.

Şahnaz indi hər şeyi başa düşdü. Oğlu yarasını qaşımasın deyə bir daha atasıyla bağlı mövzuya qayıtmadı. Anladı ki, unutqanlıq insanı ən ağır dərddən belə azad edə bilər. İndi 30 il bundan əvvəl baş verən hadisənin sirrini yalnız Şahnaz bilirdi. Və o, bunu heç kəsə söyləməyəcəkdi.

Həmin gecə Şahnaz özünü otağa atanda ağlına gətirdiyi gerçək oldu. Aslan əlindəki ov tüfəngini bərk-bərk sıxıb donmuş baxışlarını düz atasına zilləmişdi…

Məmməd MƏMMƏDLİ

“ULDUZ” Jurnalı – noyabr-dekabr 2023

Leave a Reply