Dünya kinosunun retrospektivi (2-ci hissə)

Cənubi Amerika inqilabı və Asiya kinosu

Əgər 1960-cı illər Avropanın siyasi, sosial və mədəni həyatında dönüş yaratdısa, bu dəyişikliklər Latın Amerikasınadan da yan keçmədi. Kino dünyasında sözügedən onillikdə Braziliyada “cinema novo” yetişməyə başladı. İtaliya neorealizminin təsirindən yaranan bu cərəyan aclıq, zorakılıq və var-dövlətin bölüşdürülməsi zamanı yaşanan ədalətsizlik problemlərindən bəhs edən qısametrajlı realist lentlərilə kommersiya istehsallarına qarşı müqavimət göstərmək istəyirdi. Nelson Pereira Dos Santosun “Barsız həyat” və Ruy Qerranın “Tüfənglər” ekran əsərləri cərəyanın iki nümunəsi kimi götürülə bilər. Ancaq cərəyanın əsl lideri və onilliyin braziliyalı kinoşünası kimi tanınan Qlauber Roşa olub. O, qəzetçi, tənqidçi, prodüser, böyük coşqu ilə qarşılanan “Fırtına”, “Ovsunlanmış torpaq” və “Antonio das Mortes” lentlərin müəllifi kimi yadda qalıb. 1968-ci ildə Braziliyada hökmranlıq edən hərbi diktatura “cinema novo”nu iflic edəndən sonra onun bir çox nümayəndələri ölkəni tərk etdilər.

Yaxşı, pis və zalım (1966) Serco Leonenin şah əsəri hesab edilən bu filmdə Klint İstvud, İlay Uollak və Li Van Klif rol alıb.

Amerikanın digər Cənub regionlarında mədəniyyət, folklor mövzularından bezmiş rejissorlar öz xalqlarının daxili dünyasını daha real bir şəkildə əks etdirən təsvirləri önə çəkməyə çalışırdılar. Bu fəaliyyət sözün əsl mənasında mədəni və sosial inqilaba yol açdı. Beləliklə, inqilabçı Kubada Tomas Qutierres Alea “İnkişafdan qalmış xatirələr” filmilə əsl şok yaratdığı bir vaxta bolivialı Xorxe Sanxines hinduların durumunu nümayiş etdirən “Şahin qanı” ekran əsərilə tozu göyə sovurdu.

Avropada olduğu kimi, “Hollywood” studiyaların sistemini təkzib edən bütün bu öncül cərəyanlar əsasən cavan kino işçilərindən ibarət idi və kino sənayesinə tənqidi yanaşaraq, hətta tələb edərək yenilik gətirmək istəyirdilər. Misal üçün Argentinada Leopoldo Torres Nilsson “Bayram sona çatdı”, “Baharın dərisi”, “Terras” kimi vacib filmlərin üzərində işləyəndə ölkədə diqqət çəkən adlar da peyda oldu – “Qızcığaz Raulito” filmini çəkəcək rejissor Lautaro Murua, Leonardo Favio, Fernando Birri və gizli şəkildə “Sobaların vaxtı” filmini çəkən Fernando E. Solanas. Meksikada bir çox rejissorlar kiçik layihələr üzərində işləyərək böyük kino sənayesilə yarışırdılar. Felipe Kazals özünün “Nifaq alması” prima operası ilə “incəsənət və esse” janrına yaxınlaşırdı; Arturo Ripşteyn “Uşaqların vaxtı” səssiz filmində böyük təcrübə göstərdi; Pol Leduk isə “Reed” ekran əsərində yerli mövzulara toxunmadan bir əhvalata yeni nəzərlərlə baxdı. Çilidə dövlət çevrilişi zamanı Salvador Alyende hakimiyyətə gələndə Raul Ruizin “Üç kədərli pələng”, Migel Littinin “Nahueltoro çaqqalı”, Çarlz Elsesserin “Şahidlər” filmlərilə elə bil yeni kino yuxudan oyandı.

Latın Amerikası kinosunun inqilabi, tənqidi və ciddi təklifləri öz bəhrəsini verə bilərdi. Təəssüf ki, onillik boyu ölkələrin çoxunda diktator rejimi toxumu səpilirdi ki, bu da incəsənətin azad şəkildə özünüifadəsinə maneə yaradırdı. Və bir çox kinostudiyalar da ənənəvi sistemlərini qoruyub saxlamaqdan ötrü ötən illərin bayağı mövzularına yenidən müraciət etməli olurdular.

“Yeni dalğa” fenomeninin əks-sədası Asiya kinosunda da eşidildi. Kino istehsalını kölə halına salan televiziyaya müqavimət göstərən Yaponiya sənayesini dirçəltmək üçün yeni istedadlara güvənməli idi. Görkəmli rejissorlardan biri, “Gəncliyin qəddar hekayəsi”, “Oğlan”, “Mərasim” sonradan isə “Hisslərin imperiyası” filmlərini yaradan Nagisa Osima idi. İranın kəşf edilməyən kinematoqrafiyası isə Dariuş Mehrcuyun “İnək” və Pərviz Kimiavinin “Monqollar” ekran əsərləri sayəsində Jan-Luk Qodarda öz heyranlığını gizlətmədən özünü bir qədər tanıda bildi.

Erotika dəbə minir

blank

Ötən əsrin 60-cı illərində dünyada gözə çarpan dəyişikliklərdən biri senzuranın gecikməsi idi. Prodüsserlər aydın başa düşürdülər ki, erotika və seks tamaşaçıların marağını oyadan bir şeydir. Yəni buna görə tamaşaçı pul xərcləyirdi. Bu illərdə cəmiyyət müasirləşməyə başlamış və əvvəlki illərdə olduğu kimi qalmaqal yaranmırdı. Cəmiyyətdə baş verən dəyişikliklər və sənayenin etdiyi təkid senzorları bir qədər öz tələblərini kənara qoymağa vadar etdi. Erotik səhnələri kəskin şəkildə qadağan etmək əvəzinə onlar filmlərin qiymətləndirmə sistemini yaratdılar. Bu zaman tamaşaçı filmin hansı yaş kateqoriyasına aid olub-olmadığını əvvəlcədən bilirdi. ABŞ-da rejissor Stenli Kubrik fürsətdən istifadə edib, Nabokovun sevgi əhvalatını adaptasiya edərək “Lolita” ekran əsərini çəkdi. Sonradan bir gənc oğlanın sevgilisinin anası ilə mazaqlaşmasını göstərən “Məzun” ekran əsəri və aktyorlar Rakel Uelç və Cim Braunun irqlərarası əlaqələrini nümayiş etdirən “100 ədəd tüfəng” vesterni meydana çıxdı.

Buna baxmayaraq ABŞ kinosu ilkin vaxtlarda həddini aşmağa cürət etmədi və “Sevgi əhvalatı” filmində olduğu kimi, lentlərində erotika deyil, romantizmə üstünlük verdi. Ancaq Avropa kinosunda erotikanın olması həmin vaxtda böyük çəki aldı. Fransa-Almaniya-İtaliyanın müştərək “Anjelika” ekran əsəri bu qəbildən olan ilk lent oldu. Tammetrajlı bu film o qədər uğur qazandı ki, sonradan yeni erotika simvolu sayılan Mişel Merciyenin iştirakı ilə onun yeni hissələri çəkildi. Fransa seksual əhvalatlara açıq-aydın işarə edən “Gündüz gözəli” və “İstismar olunmuş gözəlçə” kimi filmlərlə başladı. İtaliya özünün nüfuzlu rejissorları ilə belə mövzuların çəkilməsinə cəsarət etdi. Nəticədə Fellini və Pasolini “Satirikon” və “Dekameron” letnlərini ərsəyə gətirdilər.

blank
Hisslərin imperiyası (1976) Gerçək hadisələr əsasında lentə alınan əsərdə yapon rejissoru Nagisa Osima sevgi münasibətlərində ehtirasın gizli məqamlarını təqdim edir.

İndi isə ABŞ-a qayıdaq, çünki yaxın bir neçə ilə orada sözün əsl mənasında qarmaqarışıqlıq baş verəcəkdi. 1968-ci ildə Rass Mayer adlı azad və özünəməxsus bir rejissorun ağlına “Vixen” filmini çəkmək gəldi. İlk dəfə olaraq seks simulyasiyaları ilə çəkilmiş bu lent sonradan kino sənayesində “Soft-core” adını aldı. Qalmaqal o qədər böyüdü ki, lent bütün dünyada senzura problemlərini yaşadı. Buna baxmayaraq film minlərlə tamaşaçının böyük marağına səbəb oldu və onun uğuru yeni bir janrın yaranmasına yol açdı. Növbəti ürəkgetmə hadisəsi 1971-ci ildə Robert Krambın komiksləri əsasında “Pişik Fritz” cizgi filmi çəkiləndə yaşandı. Seksin cizgi filmlərinə ayaq açması kütləvi şəkildə insanları bayıltdı. Bundan da güclü səda artıq gəlmək üzrə idi. Jerar Damiano adlı tanınmayan bir rejissorun 1972-ci ildə lentə aldığı “Dərin boğaz” filmi artıq onu göstərirdi ki, intim səhnələr simulyasiya deyil, real seksdir. Beləliklə, sonradan “Porno filmləri” adını alan “Hard-core” janrı yarandı. Bu janrda çəkilən birinci film sozügedən xüsusiyyətlərə malik olmasa da cəmiyyət arasında fenomenə çevrildi və kinosalonlara minlərlə yanıq izləyicini cəlb etdi. Pornoaktrisa Linda Lavleysin şəkli də “Time” jurnalının üz qabığına düşdü. “Don Juan qadın olsaydı” filmini yaradan Rocer Vadim və Bridcit Bardo tandemi uğursuzluğa düçar olan zaman Bernardo Bertoluççinin rejissorluğu ilə Marlon Brando və Mariya Şnayder cütlüyünün çəkildiyi “Parisdə son tanqo” ekran əsəri başqa bir qalmaqal yaratdı. Film o qədər tanındı ki, İspaniyada franko rejiminin qadağan etdiyi bu filmə baxmaq üçün Fransaya turlar təşkil olunurdu. Demək olar ki, eyni vaxtda italyanlar insanlarda yanğını aradan qaldıra bilən, sonradan isə İspaniyada təqlid olunan erotik komediya sub-janrını yaratdılar. Öndə gedən filmlərin arasında Salvatore Samperinin “Pislik” lenti oldu. Filmdə xadimə rolunu oynayan Laura Antonelli ailənin bir oğlu ilə intim münasibətdə olur. Erotik filmlər silsiləsindən olan hollandiyalı Pol Verhuvenin “Türk lokumu” filmini isə digər bir nümunə hesab etmək olar.

“Soft-core” filminin iki rejissoru Avropa kinosunda şok yaşadıb. Onlardan biri Polşa əsilli bir rejissor və animasiya filmi məktəbində formalaşmış, “Əxlaqsız hekayələr” və “Vəhşi” filmlərini çəkən Valerian Borovçik idi. Onun gözəl və bədheybət mifi əsasında çəkdiyi bu sonuncu filmi seksual səhnələrlə yüklənib. Fransalı rejissor Cast Caekin isə qərara gəldi ki, erotik novellaların adaptasiyası üzrə ixtisaslaşsın və onları incə və ehtiyatlı bir şəkildə təqdim etsin. Bütün zövqləri oxşasın deyə, kinoşünas yüngül (light) seks təklif edirdi ki, bu da müasir dövr üçün hətta darıxdırıcı görünə bilərdi. Ancaq o zaman bu, çox təsirli alınırdı. Silviya Kristelin canlandırdığı “Emmanuel” əsəri bütövlükdə bir erotik əfsanəyə çevrildi və beynəlxalq səviyyədə uğur qazandı. Bir qədər sonra Caekin nisbətən az, ancaq gözəçarpan “O haqqında hekayə” əsərilə növbəti bir uğura imza atdı.

Hər bir ölkə “S” (yüngül) və ya “X” (ağır) hərflərlə işarələnmiş belə filmlərin yayılmasını və nümayişini nəzarətə götürsə də, erotika və seksin çəkilməsi Liliana Kavaninin “Gecə qapıçısı”, Tinto Brassın “Salon Kitty”, Nagisa Osimanın “Hisslərin imperiyası”, Serj Qensburun “Mən səni sevirəm… mən səni yox” filmlərində davam etdi. Beləliklə, böyük kinostudiyalardan tamamilə uzaqlaşmış və qrup şəklində cəmləşərək müstəqil şirkətlərdən ibarət porno sənayesi gördü ki, onların beynəlxalq bazarda olan satışı təsəvvür etdiklərindən də qat-qat artıqdır.

Beynəlxalq “star-system”ə doğru

Bu illər ərzində Avropada çəkilən filmlərin keyfiyyəti bütöv kino sənayesinə təsirsiz ötüşmədi. Bir tərəfdən ABŞ kino sənayesi Atlantik okeanın o biri sahilində baş verənlərin öz tamaşaçıları üçün maraqlı olduğunu qəbul etməli idi. Buna görə də onlar qeyri-ingilis dilində çəkilən filmləri subtitrlərlə nümayiş etdirmək üçün yeni kinosalonlar açmağa başladılar. Nəticə etibarı ilə Avropa kinosunda uğur qazanmış aktyorlar beynəlxalq ulduzlara çevrilir və müxtəlif ölkələrin kinoşünaslarının diqqətini cəlb edirdi.

blank
Lolita (1962) Nabokovun eyniadlı əsərini ekranlaşdıran Stenli Kubrikin bu filmində yetgin yaşa çatmış bir kişi cazibədar qadına olan dəli ehtirasın qurbanına çevrilir.

İstedadlı kinoşünasları kəşf etməklə bərabər “Yeni dalğa” və “Azad sinema” ictimaiyyətə geniş proyeksiyada gənc aktyor qalereyası hədiyyə etdi. Bu fransız janrı, ən tanınmış aktyorlardan biri olan Janna Moro, detektiv və əkşn filmlərinin tanınmış simaları Alen Delon və Jan-Pol Belmondo, Enni Jirardo, Stefan Odran, “Şerbur çətirləri”, “İkrah”, “Gündüz gözəli” və “Eşşək dərisi” filmlərinin şəksiz kraliçası Katrin Denev, “Kişi və qadın” ekran əsərinin unudulmaz qəhrəmanı Anuk Eymi kimi ulduzların istehsalı platformasına çevrildi. Britaniya kino cərəyanından isə Tom Kortni və “İdman həyatı belədir”, “Kamelot” və “At adında kişi” layihələrinə qoşulan Riçard Harris, Alan Beyts və “Tom Cons”, “İki nəfər yolda” lentlərindən tanınan Albert Finni kimi adlar peyda oldu və Riçard Berton və Lourens Harvi kimi aktyorların məşhurlaşmasına imkan yarandı.

Burada Böyük Britaniyada romantik qəhrəmanın klassiki kimi təsnif edilən Dirk Boqardın hadisəsini xatırlatmaq yerinə düşər. O, başqa üslubda olan layihələrdə iştirak etməklə karyerasını təhlükəyə ataraq, mürəkkəb personajları canlandırmaq imkanı əldə etmişdi. Beləliklə o, Cozef Louzi ilə “Qulluqçu”, Lukino Viskonti ilə “Venesiyada ölüm” və Alen Rene ilə “Bəsirət” lentlərinə çəkilməkdən yararlandı. Boqardın başına gələnlər diqqətəlayiqdir, çünki məhz o, hazır kommersiya obrazından imtina etmiş və eksperimental filmlərdə işləməklə hərtərəfli bir aktyora çevrilmək imkanı qazanmışdı. Onun bəzi həmvətənləri – Terens Stemp, Vanessa Redqreyv, Oliver Rid onun təcrübəsinə qoşuldular. Bütün Avropa ölkələrində geniş yayılan bu təcrübə “Hollywood” ulduzlarının dominantlığına son qoydu. Məşhur “star-system” beynəlxalq bir fenomenə çevrilmişdi. Onun bariz nümunəsi o zaman özünü göstərdi ki, ABŞ-ın bəzi məşhur aktyorları öz xidmətlərini Avropa kinosuna təklif etdilər. Bu, tamaşaçıya imkan verdi ki, Bert Lankasteri “Bəbir” Henri Fondanı “Mənim adım Heçkimdir”, onun qızı Ceyni “İşlər yaxşı gedir”, Elliott Quldu Berqmanın rejissorluğu ilə çəkilmiş “Təmas”, Marlon Brandonu “Parisdə son tanqo” və Cek Nikolsonu Antonioninin “Müxbir” ekran əsərlərində görə bilsin.

Hər halda prodüsserlər filmlərinin uğurlu alınması üçün ABŞ-da ulduz axtarışına çıxmaq məcburiyyətində qalmırdılar. İtaliya, Fransa, Böyük Britaniya, Almaniya və hətta İspaniyada tamaşaçıların bəyəndiyi gözəl və artıq dünyanın yarısında populyarlaşan aktrisalar var idi. Bu, Marçello Mastroyanni, Sofi Loren, Maykl Keyn, Culi Kristi və “Qaçan adam” filmində rejissor Kerol Ridin arzularını yerinə yetirən, həmçinin “Fransız əlaqəsi”da yaramaz roluna görə tanınan və rejissor Luis Bunuellə “Tristana” ekran əsərində çalışan İspaniyanın yaraşıqlı aktyoru Fernando Rey üçün gözəl anlar idi.

Ümumi şəkildə olsa da 1960-1970-ci illərdə iri addımlar atan qeyri-adi komediya ustalarını xatırlatmaq yerinə düşər. Cerri Luis “Havalanmış professor” və digər məzmunsuz komediya filmlərində bütün gücünü nümayiş etdirirdi. Cek Lemmon “Mənzil”, “Əsrin yarışı” əsərlərində insanları əyləndirdi, həmçinin “Nə yoğurdu, nə yapdı, hazırca kökə tapdı”, “Qəribə cütlük”, “Qəzet manşeti” filmlərində Uolter Mattau ilə cütlük yaratdı. Lui de Funes “San-Tropezli jandarm”, “Fantomas coşub” və “Ravvin Yakobun çılğın sərgüzəştləri” ekran əsərlərilə Fransanın ən böyük komediya aktyorlarından biri kimi yadda qaldı. Britaniyalı Piter Sellers Stenli Kubriklə “Doktor Streynclav” filmi üzərində işləyəndən sonra Bleyk Edvardsın “Çəhrayı pantera” lentinə çəkilən zaman təkrarolunmaz inspektor Kluzoya həyat verməklə və “Şənlik” ilə yanaşı digər əyləncəli tammetrajlı kinolentlərdə iştirak etməklə rejissor üçün mükəmməl bir aktyora çevrildi. Güman ki, Vudi Allen bu dövrün ən böyük tapıntısı idi – əvvəlcə aktyor, sonra isə ssenarist və rejissor kimi o, özünün dahiliyini “Pulu götür və qaç”, “Bananlar”, “Seks haqqında bilmək istədiyiniz, lakin soruşmağa cürət etmədiyiniz şey”, “Yatağan” və “Məhəbbət və ölüm” filmlərində göstərə bildi.

“Star-system” monopoliyası və klassik janrları sıxışdıran “sənət və esse” kinosundan sonra “Hollywood” 1970-ci illərin ortalarında heç zaman olmadığı kimi unudulmuş bir məkana çevrildi, ancaq Avropa özünün intibah dövrünü yaşayırdı. Bəzi mütəxəssislər deyirdilər ki, ABŞ kinematoqrafiyasının gələcəyi qara gələcək. Ancaq bu mütəxəssislər sonradan “Hollywood”un mühərrikini yenidən işə salacaq bir qrup gənc kinoşünasların təsirli fəaliyyətini nəzərə almırdılar. Hər halda onlar ABŞ kinosunun istiqamətini müəyyənləşdirən yeni dalğanı formalaşdırırdılar. Frensis F. Koppolanın “Xaç atası”, Corc Lukasın “Amerika qraffitisi”, Martin Skorsezenin “Acıqlı küçələr” və Stiven Spilberqin “Çənələr” filmləri “Hollywood” üçün qarşısıalınmaz bir oyanış oldu.

“El Cine” (Kino) kitabından

İspancadan çevirdi: Məmməd MƏMMƏDLİ

Leave a Reply