Fərhad Yalquzaq: avanqard rəsmlərdə rəssamın intellekti, daxili aləmi üzə çıxır

Mədəniyyət Nazirliyinin dəstəyi, “Leyla Khazary ArtGallery” və “Qalaalti Hotel & Spa”nın təşkilatçılığı ilə “XAZART” incəsənət simpoziumu keçirildi. Bir həftə davam edən layihəyə Azərbaycanın hüdudlarından kənarda tanınan və sevilən sənətkarlar, eləcə də ustad rəssamlar qatılmışdı. Simpoziumu işıqlandırmaq üçün Qalaaltıya ezam olundum. Səfər zamanı Fərhad Yalquzaqla görüşərək ondan rəssamlıq sənətinin incəlikləri barədə fikirlərini öyrəndim.

İncəsənət simpoziumu rəssamlara nə kimi təcrübə qazandıra bilər?

Belə simpoziumların rəssamın yaradıcılığında əhəmiyyəti böyükdür, çünki burada müxtəlif janrlarda işləyən rəssamlar bir araya gəlir və iş prosesində bir-birlərinin texnikaları ilə tanış olur, nəyisə öyrənir, mənimsəyirlər. Yaradıcılıq baxımından simpoziumun gənclər üçün önəmi daha böyükdür. Onlar peşəkar rəssamların texnikasını görərək öz işlərindəki boşluqları doldurmağa çalışırlar. Gənclər istər realist, istərsə də abstrakt əsərin yaranma mərhələlərini izləyir, hansısa bir obrazın yaranmasına şahidlik edirlər. Peşəkar rəssam heç zaman simpoziumlarda fərdi yaradıcılığını tam olaraq göstərə bilmir, çünki rəssamın özünün mühiti olmalıdır, ancaq peşəkar olduğu üçün istənilən simpoziumda yaxşı əsər ortaya qoya bilər.

Rəssamlar çox zaman fərdi texnikasını başqaları ilə bölüşmək istəmir. Bunun səbəbi nə ilə bağlıdır?

Bu, heç də belə deyil. Hər bir rəssamın öz “mətbəxi” var və o, bişirdiyi yeməyin inqrediyentlərini öz yaradıcılığında başqalarına göstərməyə həvəslidir. Belə rəssamlarda pedaqoji keyfiyyətlər olduğu üçün digər həmkarlarına qarşı açıqdırlar. Məndə öyrətmək həvəsi olmadığı üçün bir az qapalı yaradıcılığa üstünlük verirəm, öz texnikamı sirr saxlamağa çalışıram. Bu, yəqin ki, xarakterimdən irəli gəlir. Mən yanımdakı rəssama əsərdə hansısa bir hissiyyatı ötürmək üçün hansı rənglərdən istifadə etməli olduğunu deyə bilərəm. 35 ildir bu sənətlə məşulam və öz təcrübəmdə bir sıra mərhələlərdən keçərək özümdə müəyyən texnikanı inkişaf etdirmişəm.

Onu da deyim ki, 1989-cu ildə Əzim Əzimzadə adına rəssamlıq məktəbinə daxil olmuşam. Həmin vaxt Qarabağda müharibə gedirdi, sonradan başımıza Qanlı Yanvar faciəsi gəldi. Günlərimiz nümayişlərdə keçirdi, bu sənəti bizə öyrədəcək müəllim də yox idi. Mən rəssamlığı kitablardan öyrənmişəm, gördüyüm fotoları çəkməklə bu sənətə yiyələnmişəm. Buna görə də 35 illik təcrübəmi 10 dəqiqənin içində kiməsə ötürə bilmərəm.

Çox zaman rəssamlar təlabat olan əsərlərə üstünlük verirlər, bəs sizdə necədir?

Əvvəlcə onu deyim ki, hər bir əsərin öz tələbatçısı var. Mən avanqard üslubunda çəkdiyim üçün müraciətlər çox deyil. Ancaq əsərlərimlə maraqlananlar adətən çəkdiymi müzakirə etməyi sevir. Çünki hansısa bir mənzərə haqqında danışmağa ehtiyac yoxdur, əsərə baxarkən o sənin ya xoşuna gəlir, yaxud da gəlmir. Ancaq avanqard rəsmlərdə rəssamın intellekti, daxili aləmi üzə çıxır. Bu janrda müəyyən bir ideya yaratmaq, mesaj ötürmək mümkündür.

Abstrakt rəssamalar çox zaman çəkdiyi bir əsər üzərində danışmağı sevmir, yaxud da çatdırmaq istədiyini izah edə bilmir. Sizcə bu nə ilə bağlıdır?

Abstrak rəsmləri anlamaq üçün insanın intellektual səviyyəsi yüksək olmalıdır. Belə rəsmləri yalnız rəssamın ötürdüyü “dalğaya” köklənərək hiss etmək lazımdır. Emalatxanada işləyəndə bir də görürsən əsər kompozisiya, rəng həlli baxımından gözəl olsa da nəsə çatmır. Oturub saatlarla əsərə baxırsan, ancaq onda olan çatışmazlığı görə bilmirsən və qara rəngi götürüb 3 ay əmək sərf etdiyin rəsmin üstünə yaxırsan. Bu zaman əsəri ya bitirirsən ya da onu məhv olmuş hesab edirsən. Təəssüf ki, belə hallar tez-tez baş verir.

Rəssamlıqda təcrübələr etməyi sevirsinizmi?

Təcrübə etməyən rəssam heç zaman yenilik edə bilməz. Rəssamın daxili aləmi zəngindirsə içindəkiləri boşaltmaq üçün yollar axtarmalıdır. Tablolarıma baxanlar onların fərqli rəssamlar tərəfindən çəkildiyini düşünürlər. Pikassonun “mən axtarmıram, mən tapıram” sözlərini xatırlayanda onun fikirlərilə razılaşmalı oluram, çünki mən də hansısa bir yazıçının əsərini oxuyanda qəhrəmanın düşdüyü vəziyyəti rəssamlıqda hansı formada ifadə edəcəyimi düşünürəm. Yazıçı hərdən elə incə mətləblərə toxunur ki, məndə “görəsən bunu tabloya necə köçürə bilərəm”, sualı yaranır. Bunun üçün vərəqdə bir neçə kiçik eskizlər edirəm, düşdüyüm vəziyyətdən istifadə edərək, depressiyada olduğum, yaxud yaradıcılıq həvəsilə alışıb-yanan anlarımda keçirdiyim hissiyata köklənib, əsərdəki obrazı canladırmağa çalışıram. Bu zaman qarşımda bir neçə yollar açılır və mən onlardan birini seçib təcrübə qazanıram…

Maraqlı müsahibəyə görə sizə təşəkkür edir və yeni yaradıcılıq uğurları arzulayıram.

Məmməd MƏMMƏDLİ

blank

Leave a Reply