27 yaşımda öləcəm…

(hekayə)

Xəstəxanaya çataçatda şəhərə qaranlıq çökdü, günün gündüzündə günəş qeybə çəkildi, ətrafda səs kəsildi. Dünyanın sonu gəldiyini düşündülər. Nə baş verdiyini anlamırdılar, bir anlıq nitqləri tutuldu. Emin canındakı xofu qovub bərkdən qışqırdı:

-Hə, təbrik edirəm, Allahın qəzəbinə gəldin! Cəhənnəmə getmək istəyirsən mənsiz get! Həyatından bezmisən, mənim nə günahım var…

Coşqun mızıldandı, lakin heç nə demədi. Allahın günahkar bəndəsi başındakı qarma-qarışıqlığı sahmana salmağa çalışdı. Beynini ha çalışdırmaq istədi, heç nə alınmadı. Yazıq-yazıq onun üzünə baxdı, susdu.

Qarşıda yalnız beşmərtəbəli bir bina görünürdü. Aləm zülmətə dönsə də bulanıq, sarımtıl rəngdə bərq vuran xəstəxananı seçə bildilər. Gördüyü mənzərənin sehrinə düşən Coşqun “biz ora getməliyik!” – deyib, dostunun qolundan dartdı.

Xəstəxananın qapıları bağlı idi, ancaq hansısa qüvvə onları maqnit kimi içəri dartırdı. İzaholunmaz bir gücün qarşısında sanki hipnoz olurdular. Coşqun öz-özünə danışırmış kimi divardan yapışdı:

-Yuxarı çıxmaq lazımdı! – deyib, kərtənkələ təki dırmaşmağa başladı.

Coşqunun inadkarlığına etiraz edə bilməyən Emin də kərtənkələ yerişini aldı. Sanki fövqəltəbii bir varlıq ona görünməmiş güc verdi.

Xəstəxananın damında ürəkləri bulanır, canlarında yüksək hərarət hiss edirdilər. Coşqunun spontan hərəkətləri Emini özündən çıxarırdı. Həyatı elə bura qədər imiş… nə etdiyini anlamır, beynində pozuntular baş qaldırırdı. Düşüncələr içində kənara çəkilib, çarəsiz-çarəsiz hadisələrin gedişatını gözlədi. Bir dost kimi əlindən gələni etmişdi, bundan sonra artıq özü bilər…

Başlarının üstünü yadplanetli obyekt alanda qorxu canlarına elə sarmaşdı ki, yerlərində donub qaldılar. Nə gizlənə, nə də qaça bilirdilər. Təslim oldular…

Arada yaranan çəkisizlik ayaqlarını binanın damından üzdü. Onlar burula-burula naməlum obyektin içinə sovruldular…

***

Cimi Hendriksə qulaq asırdı. Payız günəşinin isitdiyi yarıqaranlıq otaqda boynunu büküb oturmuşdu. “Woodstock” festivalındakı konsertlərini dəfələrlə izləmişdi. Ən çox da 1969-cu ilin videoyazılarını dinləməyi sevirdi. Ağ stratokasterdə “Foxey Lady” mahnısını qıvrıla-qıvrıla ifa edən Hendriksi özü dəfələrlə dostlarının arasında təkrarlamışdı. Həmişə də Cimi Hendriks kimi şan-şöhrətli ifaçı olmağı arzulamışdı. Amma Coşqunu Bakının “Deja vu” rok-klubundan o yana tanımırdılar. Pis ifa etmirdi, musiqiyə ürəyini qoymuşdu, səhnədə özünü unudur, Hendriks kimi tamaşaçıların gözlərini qamaşdırırdı. Daha o qaradərilinin taleyini yaşamaq istəmirdi! Bu vaxt qapı döyüldü. Qalxmağa halı olmadığından elə oturduğu yerdən səsləndi:

-Gəl!

Emin içəri keçəndə gözlərinə inanmadı. Dostu onunla zarafat etmirdi. Coşqunun oturduğu divanın bir tərəfi al-qana boyanmışdı.

-Sən… Niyə özünü bu günə qoymusan?

-Emin, məni xəstəxanaya çatdır…

-Məsləhət görərdim əvvəlcə başını yoxladasan. Heç utanırsan? Bir qaradərilinin üstündə özünü öldürmək ancaq sənin kimi axmağın ağlına gələrdi, – Deyinə-deyinə bu ağıldan zayın qolundan tutub, ehmalca onu dikəltdi.

Xoşbəxtlikdən, xəstəxana yaxında idi. Yol boyu Emin ona həyatın astar üzünü başa salırdı.

-Sən bilirsənmi, insanın özünü öldürməsi Allah qarşısında işlətdiyi ən böyük günahıdır?

Coşqunun canından üşütmə keçdi.

-Sən bu hərəkəti eliyəndə heç ata-ananı düşündün? – Emin davam etdi. – Məlumun olsun ki, səndən fərqli, Cimi Hendriks özünü öldürməyib. Sən yaxşı ifaçısan, amma başqasının yolunu gedirsən. Bu, səni məşhur etməyəcək… bunu birdəfəlik qulağında sırğa elə…

Coşqun ağzına su alıbmış kimi yazıq-yazıq dostunun üzünə baxırdı. Susmağı ilə sanki Eminin fikirləri ilə razılaşırdı.

Qəflətən hava qaraldı, günəş yoxa çıxdı. Küçələrdən insanlar, maşınlar qeybə çəkildi. Dostların canına vic-vicə düşdü…

***

Gitarasını səsgücləndiriciyə qoşub 70-ci illərin dəbdə olan rok mahnılarını çalırdı. Səsi o qədər qaldırmışdı ki, küçədəkilər səs gələn tərəfə baxır, narazı-narazı ötüb keçirdilər. Qonşularsa bu dəliqanlı gitaraçının musiqisinə çoxdan öyrəncəli idilər. Həftəsonu dostlarını başına yığan Coşqun 27 yaşını qeyd etmək üçün bu dəfə evində “parti” keçirirdi. Dostları da deyib-gülür, qızlı-oğlanlı oynayır, kresloda yayxanıb Xırdalan pivəsindən içə-içə Coşqunun ifasına qulaq asırdı. Kefləri saz idi… O qədər siqaret üfürmüşdülər ki, günəş işığı içəri düşməyə çətinlik çəkirdi. Coşqun da Hendriks kimi qıvrılır, gitaranı boyunun arxasında çalırdı, hərdən də simlərini dişi ilə tərpədirdi. Üç saatlıq “səs-küydən” sonra qonaqlar dağılışdı.

Coşqun günü “yaxşı” başa vurmağı planlamışdı. Görəsən həyatı bu gün bitsəydi, necə olardı? Odur ki, Cimi Hendriksin “Woodstock”dakı konsertlərini qoşub divanda özünə yer elədi. Damağında Marlboro, bir əlində də pivə şüşəsindən yapışan dəliqanlı gənc həyatını vərəqləməyə başladı. Öləndən sonra yaddaşlarda qalacağına inanırdı. “27-lər klubu”nun üzvü olmaq ümidi ilə cibindəki “lezvanı” çıxartdı. Kağızını cırıb qolun bükülən yerindən astaca sürtdü. Həmən dərisi açıldı… ağappaq damarı üzə çıxdı… İkinci cəhddən sonra içəridə axan tünd qırmızı mayeni azadlığa buraxdı. Qan fəvvarə təki elə fışqırdı ki, divanı, yeri, hətta tavanı belə qırmızı rəngə boyadı. Damağındakı siqareti buraxmadan qanı ilə çəkdiyi mənzərəyə tamaşa edirdi…

Qanın təzyiqi düşdü, fəvvarənin gücü azaldı, ancaq o, huşunu itirmədi… “Qəribədir niyə ölmürəm bəs?” – deyə ağlından keçirdi. Bir anda ölmək fikrindən daşındı. Anladı ki, ömür insana verilən taledir və o, bu taleni yaşamalıdır. “Görünür vaxtım hələ çatmayıb…” – öz-özünə dedi.

Mobil telefonla dostuna zəng vurdu.

-Emin, damarımı kəsmişəm, tez məni həkimə apar, – deyib, telefonu bağladı.

Televizorda “Foxey Lady” mahnısını ifa edən Cimi Hendriks ağ gitarası ilə tamaşaçıları coşdururdu, ancaq Coşqun üçün indi bunun heç bir əhəmiyyəti yox idi…

***

Coşqun yuxudan ayılıb adəti üzrə səhərin siftəsinə siqaretini yandırdı. Tüstülədə-tüstülədə başını pəncərədən çıxarıb yoldan keçən maşınlara, işə tələsən adamlara baxdı. Günəş düz gözünə düşürdü. Kefi kökdür. Necə də olmasın, axı bu gün 27 yaşı tamam olurdu. Özəl günündə valideynlərini qohumlarıgilə yollayıb “parti” keçirmək üçün dostlarını evə çağırdı. Yeyib-içmək, siqaret, bir də gitara… necə deyərlər, budəfəki ad günü yaddaqalan olacaqdı. Emini də unutmadı. Telefonla zəng vurub dəvətinin məqsədini açıqladı:

-Şimal maralı, necəsən? – o, dostunu belə çağırırdı. – Sənə bir sualım var. Sən “27-lər klubu” haqqında nə bilirsən?

-Coşqun, sən elə bir vaxtda zəng vurdun ki… əlimdə işim var, sonra danışarıq.

-Yox e, sən bilirsən ki, Cimi Hendriks, Cennis Coplin, Emi Vaynhaus, Morrison, Kurt Kobeyn…

-Hansı Kurt Kobeyn, “Nirvana” qrupundakını deyirsən?

-Bəli dostum, özüdür ki, var. Onların hamısı 27 yaşda ölüb. Mənim də bu gün 27 yaşım tamam olur. Odur ki, səni “parti”mə dəvət edirəm.

-Nəsə mənə tam aydın olmadı. Əvvəla təbrik edirəm, 100 yaşa. Amma sənin “27-lər klubu” ilə nə əlaqən? Bəlkə, kluba üzv olmaq istəyirsən?

-Bəli dostum, düz başa düşdün. Mən bu gün dostlarımla vidalaşıram.

-Nəsə gözümə “yaxşı” dəyirsən. Amma mən bu gün məşğulam. Sabah bir yerdə oturarıq, – deyib telefonu bağladı.

Coşqunun kefi saz idi, Hendriksin gitarası kimi… Odur ki, küncə qoyduğu ağ stratokasterini götürüb divanda yerini rahatladı. Gitarasını kökləyib, “Mi” simini “Re”yə endirdi. Bu gün “ağır parti” olacaqdı, bütün dostları ilə yaxşı əylənəcəkdi…

MƏMMƏD MƏMMƏDLİ

Leave a Reply