Dünya kinosunun retrospektivi (3-cü hissə)

“Hollywood”un dirçəlməsi

Gözlənilməz hadisə olsa da bu, sadəcə baş verdi. Çətin dövrlərdən keçəndən sonra 1970-ci ilin ortalarından başlamış 1980-ci illər də daxil olmaqla “Hollywood” özünün əvvəlki parlaqlığını bərpa etdi. Bəzi tənqidçilərin fikrincə bu, əslində iqtisadi yüksəliş idi, çünki keyfiyyət baxımından sözügedən illərdə istehsal olunan filmlər “Hollywood”un qızıl dörünün filmlərilə müqayisə olunacaq səviyyədə deyildi. Bu fikir nə qədər sərt səslənsə də, həqiqət onu göstərir ki, ABŞ kinosunun dirçəlməsi əsasən iqtisadi yüksəlişdir. Güclü duyma qabiliyyətli və ya bəxti gətirən rejissorlar tamaşaçıların kinosalonlara kütləvi axınına təsir edə bildilər və bəzi lentlər onlara görünməmiş bir qazanc gətirdi. Bu da həqiqətdir ki, hər il nümayiş olunan yüzlərlə ekran əsəri işinə məsuliyyətsiz yanaşanların artmasına səbəb oldu. Ancaq bunu məğlubiyyət hesab etmək olmazdı, çünki kinonun möcüzəli və əsrarəngiz keyfiyyətini qaytaran lentləri də etiraf etmək lazımdır.

Enni Holl (1977) “Hollywood”un 4 Oskar mükafatına layiq görülmüş özünəməxsus sevgi hekayəsində, Daiyan Kiton ilə birlikdə rol alan rejissor Vudi Allen ilk dəfə özünün şəxsi üslubunu nümayiş etdirir.

İlk vaxtlar kino sənayesinin bərpasına bir-birindən fərqli olan iki cəhət təsir etdi: Avropada çəkilən intellektual filmlərə qibtə edən gənc kinoşünaslar dəstəsi və fantastik janrda iri addımlarla irəliləyən xüsusi effektlərin inkişafı. Rejissor Martin Skorseze ABŞ kinosunu yeni mərhələyə qaldıran ilklərdən oldu. Robert De Nironun iştirakıyla çəkilən və insanı vahiməyə salan “Taksi sürücüsü” filmi Avropada rejissora böyük şöhrət və alqış qazandırdı. Bu filmlə o, sübut etdi ki, “Hollywood”da da keyfiyyətli filmlər çəkilə bilər. Bir neçə ildən sonra baş rolda yenidən De Nironun iştirakıyla çəkdiyi “Vəhşi öküz” adlı növbəti mükəmməl işi ilə rejissor özünü bir daha təsdiqləyə bildi. Bu xameleon aktyor bir neçə ildə dünyada ən yüksək zirvəyə ucaldı, eyni zamanda Maykl Çiminonun Vyetnam münaqişəsindən bəhs edən “Maral ovçusu” filmində baş rolda çəkildi. Amerikalıların yaddaşından silinməyən bu mövzuya həmçinin Hal Aşbinin “Qayıdış” dramında da toxunulub, onun ən təsirli nümunəsi isə rejissor Frensis F. Koppolanı kino tarixində canlı əfsanəyə çevirən “Apokalipsis bu gün” kinofilmidir. Vudi Allen, Endi Hal və Manhattenin yaratdığı mükəmməl filmlərlə yanaşı Robert Redfordun debüt etdiyi “Adi insanlar” filmi və Con Kassavettesin “Qloriya”, Devid Linçin “Fil adam” filmləri sübut etdi ki, ABŞ kinosu artıq yetginlik yaşına çatmışdır. Lakin Avropanın “Sənət və esse” janrının ortaya qoyduğu əsərləri kimi olmasa da, “Hollyood” artıq təkzibedilməz bir keyfiyyətdə mürəkkəb və dərin mənalı filmlər ərsəyə gətirə bilirdi. Belə filmlər avropalıları yenidən “Hollyood”a itmiş etibarı geri qaytardı və onları tənqid atəşinə tutmamağa çağırdı. Bəs amerikalı tamaşaçılar? Onlar buna o qədər də reaksiya vermədilər. Gerçəklik ondan ibarət idi ki, ABŞ tamaşaçıları Skorseze və Allenin intellektual filmlərinə o qədər də maraq göstərmirdilər. Əgər onlar biletpulu ödəyirdilərsə, bu, vaxtı exzistensional bobinalarla deyil, sadəcə əyləncəli keçirməkdən ötrü idi.

Yuxarıda adlarını çəkdiyimiz intellektual rejissorlarla birgə tamaşa göstərmək qabiliyyətinə malik kinoşünaslar dalğası üzə çıxdı. Və məhz onlar öz ölkəsindəki kinoya arxadan qılınc zərbəsi vurdular. 1977-ci illərdi. Ekranlara “Ulduz müharibələri” adlı film çıxır. Onun rejissoru klassik janrların unudulmuş klişelərindən istifadə edərək onları uzaq fantastik qalaktikalara ötürmüşdü. O vaxta qədər heç yerdə görüb-eşidilməyən möcüzəli effektlərin müşayətilə yaradılan “Ulduz müharibələri” sosial bir fenomenə çevrilmiş və tarixdə ən çox gəlir gətirən film olmuşdur. Peşəkar işçiləri ətrafına toplayaraq sonradan “İndustrial light and magic” adlı inqilabi şirkətini təsis edən Lukasın vurduğu hədəf ondan ibarət idi ki, o, tamaşaçıya onun heç zaman görmədiyi əyləncə, tamaşa və gərginlikdən xilas olmanı vermişdi. Buna paralel olaraq rejissorun Stiven Spilberq adlı digər həmkarı insanlarla əlaqəyə girən yadplanetlilər haqqında hadisəni nəql etmək üçün “Encuentros en la tercera fase” filmini çəkdi. Bu film də kinoteatrlarda böyük marağa səbəb oldu.

Tezliklə ABŞ kino sənayesinin vunderkindləri tərəfindən kəşf edilən “Kino-tamaşa” üslubuna bənzər filmlər çəkmək istəyən rejissorlar meydana çıxdı. Riçard Donnerin 1978-ci ildə çəkdiyi “Supermen” adlı iddialı filmində qəhrəman Kristofer Rivin göylə uçması bütün tamaşaçıları heyran etdi. Növbəti il veteran Robert Vayz köhnə teleseriala müraciət edərək “Star Trek: Kino” adlı monumental kino əsərini yaratdı. Ancaq Lukas və Spilberq yaratdıqları yeni növ kinonun şah damarını əldə saxlayacağına əmin idilər. Lukas növbəti yeni hissələrdə uydurduğu qalaktik fantaziyasının prodüsseri kimi çıxış etdi. Nəticə etibarı ilə “İmperiya əks hücuma keçir” və “Jedinin qayıdışı” kimi yaranan tammetrajlı filmlər özündən əvvəl gələn hissəni keyfiyyət baxımından üstələdi. Stiven Spilberq isə öz tərəfindən həmkarının fantastika janrını inkişaf etdirdiyi kimi, macəra filmlərini də belə etdi. Köhnə serialların elementlərini götürüb Lukasla birgə cəlbedici bir əhvalatı düşünərək “İndiana Cons: İtmiş gəmi axtarışında” filmini çəkib, kino tarixində yeni bir əfsanəvi qəhrəmanı dünyaya təqdim etdi. Harrison Ford əbədi olaraq macəraaxtaran İndiana Consun baş qəhrəmanı kimi yaddaşlara həkk olundu. Bu lent və ondan sonra gələn “İndiana Cons və Qiyamət Məbədi” və “İndiana Cons və sonuncu səlib yürüşü” hissələri əsl sensasiyaya səbəb oldu. Ancaq bundan razı qalmayan Spilberq yenidən yadplanetlilər mövzusuna qayıtdı və fenomenal “E.T.” adlı növbəti şah əsəri ilə bütün kassaları partlatdı. Hər iki dost yunan kralı Midas kimi “Hollywood”da əllərini hara vururdularsa oranı qızıla çevirirdilər. Buna görə də bu üstünlüklərindən istifadə edərək “kino-tamaşa” filmlərini prodüsser kimi dəstəkləməyə davam etdilər. Lukas “Ördək Hovard” “Labirint”, “Willow” filmlərinin gerçəkləşməsini mümkün etdi. Spilberq də “Gələcəyə qayıdış”, “Qunilər”, “Daxili fəza” kimi uğurlu layihələrə dəstəkçi oldu. Bu filmlərə prodüsser və rejissorluq etməklə Corc Lukas və Stiven Spilberq kinosalonlara kütləvi tamaşaçı axını yaratmaq istəyində oldular. Bu istək onlarda uğurlu alındı, elə ilk cəhddən kinoya yatırım edənlərin etibarını qaytara bildilər və göstərdilər ki, onlar insana milyonlar qazandıracaq bir biznesin mərkəzindədirlər. Və bu, ABŞ kinosənayesini işə salan bir mühərrikə çevrildi.

Səsli kino yaranışının ilk illərində “Hollywood” ildə 500-dən çox tammetrajlı film istehsal edirdi. 1940-cı ildən başlayaraq bu göstərici get-gedə azalmağa başlamışdı. Hər il premyerası olan ekran əsərləri say etibarı ilə hiss olunacaq dərəcədə azalırdı – 400, 300, 200. Bu rəqəm sənayenin əlilə suyun dibinə toxunduğu bir zamanda, yəni 1963-cü ildə 121-ə çatdı. Hay-küysüz növbəti illərdə rəqəmlər bir az yaxşılaşdı. Ancaq 1980-ci ildən başlayaraq illik premyeraların sayı elə davamlı və gözəçarpacaq dərəcədə yüksəlişə doğru getdi ki, onilliyin ortalarından tammetrajlı ekran əsərinin sayı 300-ü aşdı.

İstehsalın artımı bütün janrlara eyni dərəcədə təsir etdi. Macəra filmləri öz şöhrətini “İndiana Cons: İtmiş gəmi axtarışında” ekran əsəri sayəsində bərpa etdi və “Daşın romantikası” kimi lentləri doğurdu. Digərləri daha çox “Nişanlı şahzadə” filmində olduğu kimi, ənənəvi macəranı bərpa etməyə üstünlük verdilər. Və hamı əsl tamaşa yaratmaq uğrunda yarışa çıxdı. Burada xüsusilə Ceyms Bond adlı gizli xəfiyyə haqqında çəkilən seriya filmlər parladı. “Yaşa və öl” filmində 007 xəfiyyəsi rolunu öz üzərinə götürən aktyor Rocer Mur həmçinin “Məni sevən casus”, “Moonraker” və “Ancaq sənin gözlərin üçün” filmlərində çəkildi. Şon Konneri canlandırdığı Bond obrazıyla “Heç vaxt heçvaxt demə” filmində ən yetgin obrazına qayıtdı. Timoti Dalton isə bu yetginliyi bir az “Canlı gün işığı” və “Öldürmək hüququ” ekran əsərlərində cavanlaşdırmağa çalışdı.

Guman olunduğu kimi fantastika janrı bumun nə olduğunu “Ulduz müharibələri” filmindən sonra bildi. Ümumilikdə götürsək, “Qalaktika döyüş gəmisi”, “Kainatın möhtəşəm yeddiliyi” və ya “Fləş Qordon” kimi ortabab filmlər üzə çıxdı. Ancaq bununla bərabər “Yadplanetli torpaq” və əsasən də Ridli Skotun şah əsəri sayılan “Blade Runner” kimi lentlərin də ərsəyə gəldiyini ehtiraf etmək lazımdır.

Mahnı janrı qeyri-adi formada dirçəldi. Con Travoltanin oynadığı iki film bütöv janrı tamamilə yenilədi: “Şənbə axşamı qızdırması” və ya satıcının diskotekadakı şöhrəti və “Piy” ekran əsəri. Yeniliklərlə zəngin olan bu filmdə baş rolu canlandıran Olivia Nyuton-Conu əməllicə məşhurlaşdırdı. Miloş Forman “Saç” filmində Brodveyi ekranlara gətirən zaman Bob Foss “Mənasız sözlər” lentini gözəl avtobioqrafik boyalarla rənglədi. Cavanlar üçün çəkilən mahnı janrından “Şöhrət”, “Gözqamaşdırıcı rəqs”, “Sərbəst rəqqaslar” və “Ədəbsiz rəqs” filmlərinin adlarını çəkə bilərik.

Gəlir gətirən janrlardan biri də komediya janrı oldu. “Porki gecə klubu”, “Polis akademiyası”, “Könülsüz könüllülər” kimi dəlisov və vulqar filmlərin qarşısında “Artur”, “Viktor/Viktoriya” və “Tutsi” daha çox ənənəvi və eleqant üslubda çəkilmişdi. Bu dövrdə komediyanın alt janrının əsas əlaməti o idi ki, əvvəl uğur qazanmış filmləri parodiya edirdilər. Mel Bruks peşəkar parodiyaçı kimi yadda qaldı. Onun parodiya etdiyi filmlər sırasında “Gənc Frankenşteyn” qorxu filmi, “Atəşli yəhərlər” vesterni, Alfred Hiçkokun “Yüksək həyəcan” kino əsəri, “Dünya tarixi” tarixi filmi və hətta “Kosmik daşşaqlar” qalaktik lenti vardır. Digər əyləncəli parodiyalar sırasında “Təyyarə”, “Ölü müştəri pul ödəmir”, “Tam məxfi!” və “Çılpaq lülə” lentləridir. Romantik komediya janrından isə “Cənnət gözləyə bilər”, “Qırmızıdonlu qadın”, “Sıçrayış”, “Aya vurğun”, “İşgüzar qadın” və “Harri Sallini görəndə” ekran əsərlərini nümunə gətirə bilərik. Komediya filmlərinin kommersiya baxımından ən böyük uğuru yumor və xüsusi effektlərin qarışığı olan “Ruh ovçuları” filmi, qəhrəmanı Eddi Mörfini ulduza çevirən “Beverli-Hills polisi” lenti və avstraliyalı aktyor Pol Hoqanın baş rola çəkildiyi “Timsah Dandi” kino əsəri oldu.

Aktrisa Meril Strip ABŞ-ın yeni melodram janrının əvəzolunmaz lideri oldu. Onun “Kramer Kramerə qarşı”, “Sofinin seçimi”, “Fransız leytenantının qadını” və “Afrika xatirələri” filmlərindəki inandırıcı ifası tamaşaçıların göz yaşlarının axmasına səbəb oldu. Ən çox baxılan digər filmlər sırasında “Çempion”, “Zabit və centlmen”, “Şirin dil” və “Polad maqnoliya gülləri” melodramları yer alır.

blank
Dəmir gödəkçə (1987) Qustav Hasfordun “The Short Timers” kitabı əsasında çəkilən bu filmdə Vyetnam müharibəsi fonunda mülki vətəndaşın sonda hərbiçiyə çevrilməsi mexanizmləri araşdırılır.

Müharibə və detektiv janrı Frensis F.Koppolanın “Apokalipsis bu gün” və çoxhissəli “Xaç atası” filmlərilə onlara verdiyi töhfəsindən bəhrələndilər. Vyetnam münaqişəsi bu dövrün rejissorları üçün sevimli bir mövzuya çevrildi və tamaşaçını oturacağa mıxlayan “Tağım”, “Dəmir gödəkçə” və “Müharibə itkiləri” filmlərinin səhnələrində əks olundu. Müharibə haqqında çəkilən digər filmlərdən “Böyük bir qırmızı”, “Müharibə canavarı” və “Sınmış ürəklər dağı” heç də sönük filmlər olmadı. Detektiv janra gəldikdə, bəzi lentlər köhnə “qara film”lərin əvvəlki ruhunu qaytarmağa cəhd göstərdilər. Bob Rafelson “Poçtalyon həmişə iki dəfə zəng edir” filminin yeni versiyasını çəkdi. Cessika Lenq və Cek Nikolson arasında erotik səhnələri əks etdirən bu film mətbuatda geniş işıqlandırıldı. Rejissor Lourens Kasdan “Qızmış bədən” filmində Katlin Törneri heç kimin təkrar edə bilmədiyi mənfi bir obrazda təqdim etdi. Koppola “Kotton klubu” filmilə yenidən klassik qanqsterlər dünyasına qayıtdı. Təxminən eyni şeyi Brayan De Palma “Toxunulmazlar” ekran əsərilə təkrar etməyə çalışdı, baxmayaraq ki, bundan əvvəl yeni cinayətkarlar şəbəkəsindən ilhamlanıb “Çapıq üz” adlı qəddar bir film çəkmişdi. “Apaçi rayonu”, “Əjdaha ili”, “Şahid”, “Los Ancelesdə yaşamaq və ölmək”, “Qayğıma qalan biri” isə müasir dedektiv janrın digər unudulmaz filmləridir.

Prodüserlər “Döyüşkən atlılar”, “Silverado” və “Canavarla rəqs edənlər” kimi ekran əsərlərilə vesterni dirçəldə bilməsələr də, gənc nəslin maraq dairəsinə yönəlmiş filmlərdə sanki yeni qızıl mədəni aşkar etdilər. 1980-ci illərin əsas istehlakçıları sayılan gənclər üçün nəzərdə tutulmuş bu lentlər “tələbə komediyaları” kimi yadda qaldı və gəlirli bir sahəyə çevrildi. Söhbət “Mavi göl”, “Qovulmuşlar”, “Karate Kid”, “Top Gun”, “Riskli biznes”, “Səhər Yeməyi klubu” və “Ferris Bullerin istirahət günü” kimi çox baxılan filmlərdən gedir. Məhz onların sayəsində Tom Kruz, Ralf Makio, Mətt Dillon, Molli Rinquold, Emilio Esteves və Metyu Broderik kimi gənc ulduzlar parlaya bildi.

Avropa mənşəli ulduzlar

blank

Son illərin təcrübəsi və kino cərəyanlarının təsiri altına düşən Avropa kinosu davamlı olaraq artistizm baxımından yüksək səviyyəli kinofilmlər istehsal edirdi. Altmışıncı illərdə meydanda olan kinorejissorlar aktiv fəaliyyət göstərirdilər. Bu rejissorların sırasına qoşulan gənc sənətçilər kino aləmində narahatlıq doğuran məqamlar gətirdilər. Keyfiyyətli film konsepti kommersiya istehsalı ilə ziddiyət təşkil etməsin deyə, onlar öz işlərində hər zaman bir-birlərilə tərs mütənasibdə olan tənqidi baxışları və tamaşaçıların fikrlərini bir araya gərtirməyə çalışırdılar. Bu cür reaksiya tamamilə məntiqi idi. Çünki 1960-ci illərdən yaranan “Sənət və esse” janrının bir çox nümunələri kübar təbəqə üçün nəzərdə tutulmuşdu. Əlbəttə, bundan sonra belə kinonun kütlə üçün çəkilməsi fikrini söyləmək düzgün olmazdı. Və əlbəttə ki, bunun həllini axtarıb tapmaq sözügedən onillikdə yetişən rejissorların üzərinə düşürdü.

Çox guman ki, artistizm və kommersiya layihələri arasında baş verən bu ziddiyəti Fransa kinosunda axtarmaq yerinə düşər. “Yeni dalğa” cərəyanını meydana gətirənlərin təcrübəsi bunu deməyə əsas verir. Müəyyən mənada hər bir rejissor özünün ən eksperimental “övladını” Jan Luk-Qodardın “Hərə özünə görə”, Fransua Trüffonun “Sonuncu metro”, Erik Romerin “Yaşıl işıq”, Klod Şabrolun “Qadın işi” ekran əsərlərində olduğu kimi, bir növ yumşaq formada üzə çıxartmağa çalışırdı. Bu ərəfədə digər kinoşünaslar yüksək keyfiyyətli iş nümayiş etdirirdilər. Romi Şnayderin ifa etdiyi “Ölümün keşiyində” filmindən sonra Bertran Tavernie özünü rejissor kimi təsdiqlədi. Jan-Jak Beniksin özünəməxsus bir sevgi əhvalatını nəql edən “Betti Blu” filmi dünyada əks-səda doğurdu. Klod Berri Marsel Panyolun əsərini iki filmdə – “Jan de Florett” və “Manonun qisası”nda ekranlaşdırdıqdan sonra bu filmlər tamaşaçı alqışları ilə qarşılandı. Patris Lekont isə “Müsyö İr” və “Bərbərin əri” kimi bir-birindən fərqlənən lentlərə görə Fransa kinosunun yeni ulduzuna çevrildi.

Bununla yanaşı bəzi gənc rejissorlar inanırdılar ki, beynəlxalq arenaya çıxa biləcək yüksək səviyyəli filmlərin çəkilməsi mümkündür. Bunu sübut edənlərdən biri də Jan-Jak Anno oldu. O, Hollivudun “Eramızdan milyon il əvvəl” və “Dinozavrlar yer üzündə hökmranlıq edəndə” kimi filmlərdən tamamilə fərqli olan “Od axtarışında” ekran əsərilə demək olar ki, bütün dünyada tanındı. Onun ikinci işi baş rolda Şon Konneri olmaqla Umberto Ekonun məşhur əsəri əsasında, beynəlxalq aktyorların iştirakıyla çəkdiyi “Qızıl gülün adı” lentidir. Keyfiyyətli kommersiya filmlərinə daim sadiq olan rejissorun növbəti işi “Ayı” filmi oldu ki, bununla o, peşəkar karyerasında növbəti xalı qazandı. Annoyla bərabər Luk Besson da gələcək apokalipsdən bəhs edən, ağ-qara rəngli “Sonuncu döyüş” lentilə beynəlxalq festivallarda debüt etdi. O, yüksək məbləğlə ərsəyə gətirilən video-klipin estetik gözəlliyinə aludə olaraq Paris metrolarınin birində “Metro” başlıqlı əyləncə xarakterli bir işi orataya qoydu. Ancaq Besson özünü bir rejissor kimi “Böyük mavi okean” və “Nikita” filmlərilə təsdiqlədi. Haqqında danışdığımız bu iki rejissordan savayı Bob Sveimin “Xəbərçi”, Kolin Serrayın “Üç kişi və əmzik” komediyası və Jan-Pol Rappenonun “Sirano de Berjerak” ekran əsərləri ilə sübut olundu ki, “Sənət və esse” janrına yaxınlaşan Fransa kinosu yüksək səviyyəli filmləri təklif edə bilər.

Böyük Britaniyada da eyni mənzərə yarandı. Yenilikçi rejissorlar arasında “Rəssamın müqaviləsi” və “Qadınların sözləşməsi” kimi mübahisə doğuran və çətin başa düşülən, birinin təriflədiyi, digərinin darıxdırıcı adlandırdığı filmlərin müəllifi Piter Qrinuey özünəməxsusluğu ilə seçildi. 1970-ci illərdə Britaniya kinosunun “dəhşətli körpə”si Ken Rassel ABŞ-a gedəndən sonra parlaqlığını bir qədər itirsə də “Qotik” ekran əsərindəki kimi daxili dünyasını əks etdirən filmlər ərsəyə gətirdi. Ceyms İvori isə dəlisovluq etmədən “Bostonlular”, “Pəncərədən açılan mənzərə” və “Moris” filmlərilə özünü möhkəm, üslub baxımından zərif və dəqiq bir rejissor kimi təsdiqlədi.

Kommersiya filmlərinin çəkilişi cəbhəsində aktyor və rejissor Riçard Attenboro “Uzaqdakı körpü”, “Qandi”, “Kordebalet” və “Azadlığın harayı” kimi çoxlu sayda super filmlər istehsal etdi. Roland Yoffe isə iki yüksək büdcəli filmi (“Ölüm sahəsi” və “Missiya”) çəkərək Şimali Amerika bazarını fəth etdi. Hyu Hadson da həmçinin “Odlu arabalar” və “Qreystok: Meymunların rəbbi Tarzan haqqında əfsanə” filmlərilə böyük uğur qazandı. Adı çəkilən filmlər bütün ölkələrdə geniş yayılsa da, bu rejissorlar filmlərini rəsmi və akademik bir tərzdə çəkir, hətta çəkdikləri cəmiyyətdə qıcıq yaradırdı. Ancaq bunları öz həmkarlarından yenilikçi və riskli addımları ilə seçilən britaniyalı kinoşünas Terri Qilliam haqqında demək olmaz. “Monthy Python” komediya klubundan gələn rejissor “Monti Payton və müqəddəs Qreil” və “Brayanın həyatı” filmlərindən sonra öz karyerasını təkbaşına qurdu. Yaradıcı və heç kimin gözləmədiyi məqamları ilə Qilliam “Los héroes del tiempo” və “Brasil” ekran əsərlərinə imza atdı, baxmayaraq ki, “Baron Münhauzenin sərgüzəştləri”dəki kimi uğursuz filmləri də oldu. Qilliamın “Monthy Python” klubundan olan bəzi köhnə dostları 1980-ci illərin Britaniyanın kommersiya filmlərindən bir neçəsində iştirak ediblər, ancaq bu lentlərin rejissoru İngiltərə komediya filmləri ustası Çarlz Krayton idi.

blank
Paris, Texas (1984) Rejissor Vim Vendersin ekranlaşdırdığı və Nastasiya Kinski ilə Harri Din Stentonun rol aldıqları bu filmdə Ray Kuderin bəstələdiyi gözəl bir saundtreki səsləndirilir.

Digər ölkələrdə də şöhrəti sərhədlər aşan eyni formada filmlər istehsal olunurdu. İtaliyada Paolo və Vittorio Taviani qardaşları “Usta Padre”, “Bolid gecəsi” və “Babil, sabahın xeyir” filmlərilə uğur qazandılar. Ettore Skola, Taviani qardaşlarından fərqli olaraq “Xüsusi gün”, “Rəqs”, “Makaronlar” və “Ailə” kimi daha anlaşıqlı tammetrajlı bədii filmləri sayəsində populyarlaşdı. Cuzeppe Tornatore öz “Cinema Paraiso”su ilə milyonlarla tamaşaçını heyrətə gətirdi. Almaniyada isə “Cürə nağara” əsərinə çəkən Folker Şlöndorf, “Mariya Braunun evliliyi” filmində aktrisa Hanna Şiqullanı ulduz edən Rayner W. Fassbinder, “Nosferatu” filminin yeni versiyasını hazırlayan Verner Hertsoq və “Amerikalı dost”, “Çəkilişlərin son durumu”, “Paris, Texas” və “Berlin üzərində səma” ekran əsərlərini çəkməklə böyük işlər görən Vim Venders önə çıxdı.

1975-ci ilin noyabrında Frankonun ölümü, senzuranın bitməsi və demokratiyanın gəlişi İspan kinosunun əsl intibahına səbəb olan hadisələr idi. Bəziləri bu sərbəstlikdən istifadə edərək tələm-tələsikdə provokasiyaedici erotik filmlər çəkirdilərsə, digər kinorejissorlar itirilmiş vaxtlarını bərpa edib, ciddi filmlər üzərində düşünürdülər. Xose Luis Borau “Brakonyerlər” ekran əsərinə görə tamaşaçıların sürəkli alqışını qazandı. Rikardo Franko da “Paskual Duarte” lentilə yüksək pillələrə qalxdı. Pilar Mironun “Kuenkada cinayət” filmi elə qalmaqal yaratdı ki, onun nümayişi zamanı çətinliklər yaşandı. Tanınmış rejissorlar öz işlərini yaxşı görürdülər. Luis Qarsiya Berlanqa “Milli tüfəng” möhtəşəm filmi ilə trilogiyasına başladı və “Buzov” lentilə kassanı aşıb-daşırdı. Karlos Saura “Tələs, tələs”, “Karmen” və “Eldorado” kimi heç kimə bənzəməyən və ustalıqla çəkilən əsərlərilə cəsarət nümayiş etdirdi. “Arı pətəyinin ruhu” və “Cənub” filmlərilə kinosevərlərin ürəyini fəth etməsinə baxmayaraq tənqidçilərin Viktor Erisə “ərköyün uşaq” adı verməsi rejissoru lap özündən çıxartdı. İspan kinosunu dirildən lentlər sırasında Manuel Qutierres Araqonun “Bağdakı cinlər”, Xose Luis Qarsinin 1983-cü ildə Oskar mərasimində “İngilis dilində olmayan ən yaxşı film” nominasiyasının qalibi “Yenidən başlamaq” ekran əsəri, Xaime Çavarrinin “Velosipedlər yay üçündür”, Alfredo Landa və Fransisko Rabalın məharətlə ifa etdikləri Mario Kamusun “Günahsız müqəddəslər” filmi və baş rolda Karmen Mauranın iştirakı ilə rejissor Pedro Almodovara dünya şöhrəti qazandıran “Qadınlar sinir böhranı ərəfəsində” filmləri oldu.

Şimal ölkələrin filmləri sözügedən illərdə kino sənətinə dəyərli töhfələr verirdi. “Fanni və Aleksandr” ekran əsərilə İsveç rejissoru İnqmar Berqman, digər rejissorlardan “Mənim it həyatım” filmi ilə Lasse Halstrom, “Babettenin bayramı” filmilə Qabriel Aksel və “Fateh Pelle” ilə Bille Avqust öz parlaq qələbələrini qeyd etdilər. Digər ölkələrin kinematoqrafiyasında Andjey Vaydanın “Mərmər adam”, Andrey Tarkovskinin “Qurban” və Emir Kusturikanı perspektivli film rejissoruna çevirən “Ata ezamiyyətdə olanda” filmlərinin adlarını çəkmək olar.

“El Cine” (Kino) kitabından

İspancadan çevirdi: Məmməd MƏMMƏDLİ

This Post Has 2 Comments

    1. blank
      mmblog

      Yes, beautiful woman, unique actress from unforgettable movies.

Leave a Reply