Həsənin həyəcanlı monoloqu

Xeyli yol getdik. Nəhayət, tunelin sonu göründü. Ordan işıq gəlirdi. Sürətimizi artırdıq. Yaxınlaşdıqca işıq get-gedə gurlaşır, böyüyürdü. Axırda o qədər gücləndi ki, gözlərimizi qamaşdırdı. Bir qədər sonra işığa alışdıq. Buna baxmayaraq tuneldən çıxmağa can atırdıq. Qarşıda çoxlu adam gördük. Onlar da bizim kimi bu zülmətdən qurtulmaq istəyirdi. Sonra sıxlıq yarandı. Adam əlindən tərpənmək mümkün deyildi.

Kimsə gur səslə bizim sıraya düzlənməyimizi əmr etdi. Həmin o kimsə elə nərildədi ki, qorxumuzdan bir-birimizin arxasına keçdik və növbəmizi gözləməyə başladıq. Nə başınızı ağrıdım, çox gözlədik… Həmin o məxluqat əlində tutduğu uzun siyahıdan bir-bir adları oxuyurdu. Saçları uzun, boyu da bizdən hündür idi. Mən onu adama oxşatmadım. Kim olduğunu da bilmirdim. “Hüseynli Həsən” deyəndə dilim ağzımda dolaşdı. Çaşqınlıq içində dedim ki, mən Həsənəm, amma Hüseynli deyiləm. Mən Həsənli Həsənəm. O, bir qədər mənə baxdı, sonra nəzərlərini siyahıda gəzdirdi və dedi ki, “hə… düzdü… Sən qayıt geriyə, amma çalış ki, vaxtında çatasan!”

Gəldiyim yolu dəli kimi qaçmağa başladım. Adamların arasından keçib əvvələ qayıdırdım. Tənginəfəs olmuşdum. Hiss edirdim ki, yan-yörəmdəkilər mənə həsədlə baxırlar. Amma mən onlara fikir vermirdim. Məqsədim gecikməmək idi.

Birdən hardansa qabağıma bir it çıxdı. Mən qaçdıqca o da mənə qoşulub ayağıma dolaşırdı. Gah qabağa keçir, gah da arxadan məni çağırırdı. Ayağımla ona bir təpik ilişdirəndə heyvan dil açıb: “mənəm e, Akif, noolar, vurma”, – deyib, yazıq-yazıq zingildədi. Adını eşidəndə iti tanıdım. Keçən il kanalda boğulan Akif idi. Amma Ərafda nə gəzirdi, niyə it cildindəydi, bilmirdim.

Nə başınızı ağrıdım, axır gəldiyim yerə çatdım. Qabağıma üç təpəgöz çıxdı. Torpaq rəngində idilər. Ucaboy, bizim kimi iki əlləri, iki ayaqları vardı. Mənimlə türkcə danışırdılar. Kim olduqlarını onlardan soranda, “size nereden geldiğimizi söylersek, bir şey anlıyacak mısın?” deyə cavab verdilər. Belə başa düşdüm ki, bu yadplanetlilər kainatın uzaq bölgələrindən gəliblər. Soruşdum, bəs mən evə necə qayıdım? Vaxtında çata bilməsəm məni torpağa tapşıracaqlar. “Endişelenme, eve zamanında varacaksın”, dedilər. Bir də onu dedilər ki, dünyalar arasında mübadilə aparırlar. Amma hansı mübadilədən bəhs etdiklərini ta onlardan soruşmadım. Hiss edirdim ki, yavaş-yavaş havalanıram…

Qarşımızda qapqara bir kosmik aparat endi. Ona baxanda adamı lap vahimə basırdı. Həmin o təpəgözlər məni gəmiyə mindirib, yaşıl mayenin içinə atdılar. Bütün yolu çabalaya-çabalaya gətirdilər. Yadımda qalan elə bunlar oldu…

(“Ərafın dərin qatlarında” hekayəsindən)

Leave a Reply