Get nağılını yaz – Şəfəq Nasir

Bir payız axşamı mətbəxdə arxayın-arxayın iş-güc görür, səliqə səhmanla məşğul idim. Uşaqlar sarıdan nigaran deyildim. Hərəsi öz oxu kitabını əlinə alıb bir küncə çəkilmişdilər. Müəllimin tapşırdığı şeri əzbərləyirdilər. Bəhsə girmişdilər, hər kim tez qurtarsa ona “əhsən” deyib üz gözündən öpəcəkdim.

İşləyə-işləyə na vaxtdan başımda dolanan bir mövzunu qurub-quraşdırır, hazırlayırdım. Fikrim budu ki, işimi qurtarım, uşaqları yatırdım keçim iş stolumun arxasına. Beynimdə hər şey ardıcıl gedir, hadisələr bir-birini izləyir, yaddaşıma yazılırdı.

Quraşdırmanın şirin yerində evdə bir mərəkə qopdu ki, fikrimdə yazdıqlarıma nöqtə də qoya bilmədim. Heç bilmədim fikrim hadisənin hansı yerində qırıldı. Özümü otağa atdım.

– Nə olub, a bala, yenə niyə dalaşırsınız?

Məmməd bacısının qolunu arxaya qanırıb saxlamışdı. Afaq bir qıyya çəkirdi, gəl görəsən.

– Məmməd boşda qızın qolunu.

– Yox, qoy desin qorxaq özüdü, mən yox.

Afaqsa ağrıdan qışqırıb göyərsə də təslim olmaq istəmirdi.

Qıza yazığım gəldi.

– A bala, uşağın qolu qırılır, nə canı var ki, onu belə incidirsən, boşda yazıqdı.

– Yox, desin ki, qorxaq özüdü.

Neyniyim, qaldım mat-məətəl ki, bunları necə yola gətirim. İkisi də tərslik edir.

Birdən elə Məmmədim özü dadıma çatdı.

– Ana, bura bax, gəl sən bir nağıl yaz, orda göstərim, mən necə güjdüyəm. Qoçağam, heç zaddan qorxmuram. Heç ayıdan, canavardan da qorxmuram, amma Afaq dovşan kimi qorxaqdı. Heləmi?

Əlacım kəsildi. Qızı onun əlindən almaq üçün razılaşdım.

– Yaxşı, sən əvvəlcə bacının qolunu burax.

– Yox, denən, yazassan?

– Yazacam, yazacam, burax.

Axır ki, Afaqın canı qurtardı.

Səhəri gün dərsdən gələndən sonra Məmməd başımın üstünü kəsdirdi ki:

– Ana, nooldu, yazdın nağılı?

– Ay Məmməd, qoy bir fikirləşim də, elə bilirsən asandı yazmaq?

– Hə nə var yazmağa, qələmi götür əlinə, bir topa kağızı da qoy qabağına. Başla yazmağa.

– Gərək bir şey fikirləşim, başıma girsin ki, yazım də.

– Eh, mən sənin yerinə olsam elə yaxşı yazaram ki. Bu hələ fikirləşəcək. Nədi, özün nağıl qura bilmirsən? Bəs keçən il bütün yayı kənddə qalanda bizə nağıl danışırdın ha, onları da əvvəlcədən fikirləşmişdin?

– Yox, elə birdən ağlıma gəlmişdi.

– Bəs indi niyə gəlmir?

– Sən bir səbr elə, gələcək.

– Ana, noolar multik yaz də.

– Yazaram, qoy bir fikirləşim.

Məmməd əlini yellədi.

– Eh, buna da nə deyirsən, elə deyir qoy bir fikirləşim. Yazan ona deyərəm ki, otura yerində, qələmi də götürə əlinə, başdıya getməyə… ana, bizim oxu kitabımızda Laylay şeri vardı ha, bu gün onu keçmişik. Müəllim dedi ki, kim evdə anasınnan, nənəsinnən laylay eşidib, yazsın gətirsin mənə. Görüm kim çox bilir. Sən bizi balaca vaxtında yatızdıranda layla demisən?

– Hə, demişəm.

– Çox demisən?

– Çox.

– Lap çox?

– Əlbətdə lap çox.

– Yaxşı, de görüm, xoşuma gəlsə yazacam.

– Yaxşı, qulaq as.

Laylay dedim yatasan,

Qızıl gülə batasan

Qızıl gülün içində

Şirin yuxu tapasan.

Elə bu? Pah, bu bizim kitabda da var. Mən eləsin istəyirəm ki, təzə olsun, kitablarda yazılmasın.

– Oğul, bilirdim ey, yadımdan çıxıb. Yadıma düşəndə deyərəm.

– Bilib-eləmirsən… nə təhər anasan ki, çoxlu laylay bilmirsən. Bəs ikimizi də elə təkcə bu laylaynan yatırtmısan?

– Eh heç yuxu yatırdın ki, körpə vaxtı anamı ağlatmısan. Səhəri dirigözlü açmışam. Quş kimi 5-10 dəqiqə mürgüləyib başlayırdın çığırmağa.

– Çoxlu laylay deməmisən ona görə yatmamışam. Nətər yataydım ki. Bəs sənin anan sənə laylay demiyib?

– Deyib, lap çox.

– Onda sən niyə bilmirsən?

Duruxdum, bu Məmməddən yaxa qurtarmaq elə çətin di ki!

Bayaqdan bir qırağa çəkilib diznməzcə bizə qulaq asan Afaq yanıma gəldi:

– Kimin anası laylay bilmir, onun balası da yekəlib ana olanda bilmiyəcək, düzdümü, anacan?

– Düzdü, qızım, düzdü.

Sonra Afaq çarə tapmiş kimi qardaşına sarı çöndü.

– Ana kitablara baxacaq, harda layla olsa bizə oxuyacaq. Nədi, indi də öyrənə bilərik də.

Məmməd bacısına:

– Maa nə var? Sən örgən, mən ana olmuyacam ki, sən olassan. İstiyirdim biləm anam helə şeyləri bilir, yoxsa yox.

Bu yerdə kitablarımın arasında olan qədim folklor nümunələri toplanmış kitab yadıma düşdü. Onu axtarıb tapdim, gətirib verdim Məmmədə.

– Al oğul, nə qədər istiyirsən, burda layla, oxşamalar var, oxu, öyrən.

Afaq ağlamsındı.

– Bəs mən? Hardan örgənim?

İş yenə çətinə düşdü. Bildim ki, “mənim-sənin” deyib təzə bir mərəkə qopardacaqlar.

– Məmməd, sən həmişə özün də deyirsən ki, oxudan Afaq məndən yaxşıdı, eləmi?

Məmməd dolayısına cavab verdi.

– Tutaq ki, elədi soora? Noolsun, mən də yazıdan, riyaziyatdan, rəsmdən əlayam, hə, helə döyül?

– Elədi, elədi

– Qalmışdı da kəndə, nolofkanın ikinci sinfinə gedəcəydi. Gətirib mənnən bir sinfə qoydunuz. Toplama-çıxmanı da bilmir.

– Pis olub? Bir yerdə oxuyursunuz, yemək-içməyini götürür, tapıçkanı, idman paltarını aparıb-gətirir.

Məni özü əsas söhbətdən ayırdığını hiss edən kimi, təzədən qayıtdı ki:

– Hə, yaxşı, mən layla, bayatı oxuyuram, get işinə.

Afaq təzədən ağlamsındı:

– Bəs mən?

– Hə onu deyirdim axı. Məmməd, Afaq yaxşı oxuyur, qoy o oxusun, sən də ki, dəftər qələmi götür, Hansı xoşuna gəlsə yaz. Bu yaxşı olar, oğlum.

Xoşbəxtlikdən Məmməd daha höcət eləmədi. Razılaşdı. Həmişəki kimi qaşlarını düyüb üzümə baxdı.

– Sən də yeri get nağılını yaz. Axşam yatanda oxuyarsan. Bildin?

Bu dəfə oğlumun mənə yol göstərməyi lap yerinə düşmüşdü. Onsuz da bayaqdan ürəyim məni iş otağıma çəkirdi. Yazmaq həvəsi az qala məni uçururdu.

Bir azdan uşaqların otağında qızımın şirin-şirin ötüşməsi eşidilirdi.

Mən də ki, öz işimdəydim.

Şəfəq Nasir

“Beyləqanın güllü yazı” kitabından

Leave a Reply