Mavrın qisası – Visente Blasko İbanes

Üçüncü vaqonda gedənlərin demək olar ki, hamısı Marietanı tanıyırdı. O matəm libasına bürünmüş gözəl bir qadın idi. Qucağında südəmər körpəsiylə, ətrafdakıların baxışlarından və söbhətindən yayınaraq kiçik bir pəncərəyə yaxın oturmuşdu.

Kəndli qadınlardan bəziləri ona maraqla, digərləri nifrətlə baxırdılar. Vaqonda oturanların hamısı onun başına gələnləri nağıl edərək ondan danışırdırlar.

Marieta ilk dəfəydi ki, ərinin vəfatından sonra evdən çıxmağa cəhd etmişdi. O gündən üç ay keçmişdi, hələ də ərinin kiçik qardaşından qorxurdu. O cəsur qorxmaz və odlu silaha həris olan iyirmi beş yaşlı qəddar bir oğlan idi. Bütün rayon camaatı onu görəndə dəhşətə gəlirdi. Kübar bir ailənin oğlu ona nifərt bəsləyən adamlardan çəkinərək ucqar kəndlərdə, dağlarda yaşamağa başlamışdı.

Marieta ilk baxışdıan həyatından razı və sakit görünürdü. Əhvalı qəmgin olsa da necə də gözəldi, sanki şahzadəydi. Onu görənlər qızın cazibədarlığı qarşısında heyran qalırdılar.

Pepetin ailəsi Marieta ilə nigah bağlamasına nə qədər etiraz etsə də Pepeti fikrindən döndərə bilmədi. Varlı ola-ola kasıb qızla evlənmək axmaqlıq idi. Bundan başqa hamı bilirdi ki oğlanın adaxlısı qoca bir cadügar arvadın qızı idi və anasının bütün pis əməllərinin ona keçməsi heç kimdə şübhə oyatmırdı.

Pepetin anası məyusluqdan və dərddən öldü. Qonşuların dediklərinə görə, yazıq arvad evində cadügarin qızını görməkdənsə dünyasını dəyişməyi üstün tutdu. Kiçik qardaşı bunun üstündə Pepetlə az qala savaşacaqdı. O, zəhərli içkilər hazırlayan, evin bacasından uçub getməzdən əvvəl şənbə günləri gecə yarı bədəninə sürtdüyü sirli yağları hazırlamaq üçün anasına kömək edən qızın qaynı olmaq istəmirdi.

Pepet bunların hamısına istehza ilə gülürdü və nəhayət Marieta ilə evləndi. Cadugərin qızı onun bütün üzüm bağlarının, Mayor küçəsindəki böyük evin və anasının Pepet üçün yığıb saxladığı onsaların sahibinə çevrildi.

Qonşuların dediklərinə görə Pepet qızdan ötrü yaman dəli-divanəydi və həm də iddia edirdilər ki, o qancıqların yazığa verdikləri müəmmalı içkilər, ovsunlayıcı dərmanlar onu ədəbi olaraq arvadına bənd etmişdi.

Marietanın anası olan həmin o sərt baxışlı, beli bükülü cadügar arvad, onu izləyib daşa basan uşaqların təqibindən küçəni belə keçib gedə bilmirdi. O kəndin qırağındakı daxmasında yaşayırdı. Cadugərın daxmasının qarşısından gecə vaxtı bir kimsə xaç çəkmədən keçib getməzdi. Marietanı həmin xarabalıqdan çıxaran Pepet çox məmnun idi. Necə də olmasın, rayonun ən gözəl qadını məhz onun olmuşdu. – Sən bunların yaşamağına bir bax! Qonşu qadınlar onların dava etdiklərini xatırlayırdılar. Açıq- aydın bəlliydi ki, belə nigah şər əməlin işiydi.

Pepet demək olar ki, evdən bayıra çıxmırdı. Üzüm bağlarını yaddan çıxarıb, günəmuzd işçiləri nəzarətsiz qoyurdu. Arvadından bir anlığa da olsa aralanmaq istəmirdi. Və bütün camaat yarıörtülü qapının arasından, eləcə də həmişə açıq qalan pəncərələrdən təzə evlənmiş cavanların xöşbəxtlikdən səxoş halda qol-boyun olaraq gülüb-əyləndiklərirni görürdülər.

Axı xristianlar bu cür yaşamırlar! Ah, nə böyük itgidi! Marieta və anası öz içkiləri ilə yazığın mədəsini yandırırdılar. Və gündən-günə daha da cılızlaşan, rəngi saralan Pepet şam kimi əriyirdi.

Cadugərliyə gülən kəndin həkimi, yeganə əlacı onları bir-birindən ayırmaqda görürdü. Ancaq onlar bir-birinə çox bağlıydıar. Pepet günü-gündən zəifləyir, yazıq görkəmə düşürdü. Marieta isə dolu və gəşəng görünürdü. Bir oğulları oldu və iki aydan sonra Pepet son ana qədər arvadını arzulayaraq öz ehtiraslı əllərini ona doğru uzadaraq qaralan köz kimi səssizcə dünyasını dəyişdi.

Qoca anası camaatdan qorxaraq daxmasına qapandı. Marieta bir neçə həftə küçəyə çıxmadı. Qonşular onun ah-uf çəkərək heyfsləndiyini eşidirdilər. Nəhayət bir gün axşamçağı düşmən baxışlarından özünü itirməyərək oğluyla qəbirsanlığa getdi.

İlk vaxtlar, öldürmək kişilərin əsl məşğuliyyətidir, sözünü hər yerdə deyən qaynından qorxurdu. Qaynı da qardaşının ölümündən hiddətlənərək tabernada deyirdi ki, o qızı da, anasını da tikə-tikə doğrayacaq. Ancaq bir ay idi ki həmin o quldur qeyb olmuşdu. O, ya dağlarda olardı, ya da işləri onu əyalətin başqa bir tərəfinə çəkib aparardı. Nəhayət Marieta cürət edib kənddən çıxaraq şey-şüy almaq üçün Valensiyaya getməyi qərara almışdı. Vaqonda əyləşən Marieta yan-yörəsindəki adamların pıçıltılarına məhəl qoymasa da kimdən qeybət etdiklərini başa düşürdü. Ətrafdakıların baxışları ona doğru zillənmişdi. Ancaq Marieta gözlərini qaldıraraq laqeyd ifadə ilə dərindən ah çəkir, baxışlarını yenidən zeytun bağlarına, üzümlüklərə, ağ evlərə sarı yönəldirdi.

Qatar kiçik bir stansiyada dayanadı. Bayaqdan Marietanın qeybətini eliyənlər itələşə-itələşə düşməyə tələsdilər. Onların bəziləri mənzil başına hələ xeyli yolu olan o biri qadınlarla sağollaşaraq yaxınlıqdakı kəndə üz tutdular.

Uşağı qucağında tutmuş Marieta, bir əliylə bazar zənbilini ombasına bərk-bərk sıxaraq xırda addımlarla stansiyadan çıxdı. Ürəyindən keçirdi ki, kaş sözgəzdirənlər yanından tezcə ötüb keçəydi və onu tək buraxaydılar. Kəndin işıqları zəif idi. Hər iki tərəfdən yol boyu küçənin sonuncu evləri uzanıb gedirdi. İrəlidə tarlalar görünürdü, ondan da uzaqda qadınlar qonşu kəndə tələsirdilər.

Marieta – cəsarətli qadın, yolda tək olduğunu gördükdə, qəflətən narahatlıq hissi keçirdi.

Qapının üstündə quru və toz basmış bir quru zeytun ağacının budağı yellənirdi. Bu, taberna göstəricisi idi. Budağın altında əlini belinə qoymuş bir kişidayanmışdı. Marieta baxışlarını ona yönəltdi. Birdən həmin adam Marietanın qaynı olar, aman Allah! Bu nə pis qorxudur! Ancaq onun çox uzaqda dayanması qadına azacıq təskinlik gətirirdi, bir qədər arxayınlaşdı və yoluna davam etdi. Gözlərini qaldırmadan keçib getdikdə:

– Axşamın xeyir Marieta, -səsindən yerindəcə qurudu.

O idi. Sözlərindən də sərt və amansız baxışlarla onu süzən satqın gülüşlü Mavr, ərinin qardaşı…

Marieta yavaşcadan salamı aldı. Görkəmlə cılız və zəif olan Mavrın yanında belə hündür və qüvvətli görünən qadın, hiss etdi ki, qorxudan ayaqları onu saxlamır və qucağındakı uşaq yerə düşməsin deyə özündə birtəhər qüvvət tapıb körpəni sinəsinə sıxdı.

Qayının gözlərində hiyləgər bir gülüş sezilirdi. Qorxuya heç bir səbəb yox idi. Məgər qohum deyildilər? Yəqin Marietanı gördüyünə sevinirdi. İstəyirdi kəndəcən onu ötürsün və yolda işdən-gücdən danışsınlar. Marieta onun ardınca müti qul kimi getməyə başladı. Aralarında qəribə bir fərq vardı. Qadın hündürboy, qamətli, qüvvətli, qaynı isə cılız zəlil və rəzil idi. Amma Marieta onun nəyə qadir olduğunu yaxşı bilirdi. O yerlərin neçə-neçə nər, igid oğulları bu murdarın qurbanı olmuşdular.

Kəndin qurtaracağında bir qadın zümzümə edə-edə qapısının ağzını süpürürdü.

– Senyora, senyora, -deyə Mavr qışqırdı.

Xeyirxah arvad əlindəki süpürgəni yerə qoyaraq ona yaxınlaşdı. Mavr soyuqqanlılıqla uşağı Marietanın qucağından alaraq qoca arvada ötürdü və tapşırdı ki, ona göz qoysun. Dedi ki, yarımca saatlıq bir işləri var, tezliklə onlar uşağın dalınca qayıdacaqlar.

Marieta hönkürtü ilə ağlamağa başladı. Hiss etdi ki, bir daha oğlunu görməyəcək. Körpəsinin şirin yanaqlarından son dəfə öpmək üçün ona doğru atılmaq istədi. Lakin qaynı onu əli ilə itələdi. Günəş yavaş-yavaş qüruba enirdi. O məkirli insanın yaratdığı vahimənin əsiri olmuş Marieta qaynının arxasınca düşdü.

Bir neçə dəqiqə sükut içində yol getdilər. Marietanın ayaqları əsirdi, onu görməsin deyə gözlərini belə qaldırmağa cürət etmirdi. Həyəcan içində yola baxırdı. Heç kim görünmürdü. Tək idilər, o və qaynı.

Quldur həmişəki qəzəbli gülüşü ilə ləng və asta danışırdı. Deyirdi ki, Allahına yalvarsın və əgər qorxursa önlüyünü üzünə tutsun…

Marieta gözündəki vahimə dolu qorxuyla geri çəkildi. Yalvarmaq! Üzünü örtmək! Ölmək!

Yalvararaq titrək səslə öz qaynında mərhəmət hissi oyatmağa çalışdı. Ona anlatmaq istəyirdi ki, bütün bunlar camaatın uydurması idi. Yazıq ərini bütün qəlbiylə sevmişdi və hələ də sevirdi.

Ancaq quldur Marietaya qulaq assa da eybəcər olan təbəssümünü daha da açıq şəkildə ifadə edirdi.

– Kəs səsini cadugərın qızı! Ananla birləşərək yazıq Pepetin ömrünü kəsdiniz. Bütün kənd əhli onu zəhərli içkilərlə əldən saldığınızı bilirdi. Hələ bir onu da ovsunlamaq istəyirdi.

Ancaq yox, o ağılsız qardaşı kimi bu qadının toruna düşməz. Xarici görnüşə alçaqboy və şərəfsiz Mavr, gözəl-göyçək qadını itələyərək yerə yıxıb, geri çəkilə-çəkilə cibində nə isə axtarmağa başladı. Yolda heç kim yox idi. Yaxınlıqdakı gölməçədə qurbağalar quruldaşırdı. Kəndin qıraq evlərinin birində it hürüşməsi eşidilirdi. Tarlalar kəndin qaranlığına qərq olurdular.

Kimsəsiz küçədə ölümə gedəcəyini görən Marieta, anası onu uşaqlıqda kötəklədiyini yadına salıb, özünün o vaxtakı kimi, necə gücsüz olduğunu hiss etdi və birdən gözünün yaşını tökməyə başladı.

– Öldür, öldür məni, -deyib qara önlüyünü üzünə tutaraq qışqırmağa başladı.

Mavr əlindəki tapanca ilə soyuqqanlılıqla ona yaxınlaşdı. Marietanın önlüyünün arxasından hələ də uşaq kimi yalvararaq ona əzab verməyib, vaxtı uzatmadan öldürməsini dilə gətirən iniltili səsini eşidirdi.

İki dəfə atəş açdı. Tüstünün arasından Marietanın can verdiyini gördü. Heç nədən qorxusu yoxmuş kimi, qatil sakitcə uşağın dalınca kəndə qayıtdı. Etdiyi qəhrəmanlığından çox razı idi.

Uşağı hürkmüş qarının qucağından alanda çox kövrəldi. -Yazıq balam, -deyərək körpəni öpdü.

Və uşağa böyük bir yaxşılıq etdiyindən elə bil vicdanı rahatlıq tapmışdı.

Visente Blasko Ibanes

İspancadan çevirdi: Məmməd MƏMMƏDLİ

“ULDUZ” Jurnalı – yanvar 2006

mmblog

Məmməd Məmmədli bədii yaradıcılığa ispan və Latın Amerikası müəlliflərinin əsərlərini dilimizə çevirməklə başlayıb. İlk dəfə “ULDUZ” jurnalında (2006) Visente Blasko İbanesin “Dənizdə” və “Mavrın qisası” hekayələrilə çıxış edib. İspan yazıçısı Xavier Serkasın “Təhrik” (El Móvil) povestini tərcümə edəndən sonra (2007), əsərin qəhrəmanı Alvaro onu orijinal əsər yazmağa təhrik edib. “Axırıncı yol” povesti məhz belə yaranıb. Sonradan müəllif fantastik janra müraciət edib. 2016-cı ildə “Xüsusi maddə axtarışında” povestini bitirib. Azərbaycanda ədəbiyyatın bu qolu populyar olmasa da Məmməd Məmmədli məhz bu istiqamətdə əsərlər yazmağa meyillidir. Kainat, yadplanetlilər onun üçün əsas mövzulardı. Yazıçı bədii əsərləri və tərcümələrilə əsasən “ULDUZ” jurnalında çap olunur. Müəllifin “İşıqdan gözləri qamaşanlar”, “İki dünya arasında” və “Ərafın dərin qatlarında” hekayələri kulis.az saytında da dərc olunub.

Leave a Reply