- Details
- Written by: Məmməd Məmmədli
- Category: hekayələr
- Hits: 10
Həmin yay rayonda iki nəfərin müəmmalı ölümü hamını dəhşətə gətirmişdi. Camaat danışırdı ki, cəsədlərin üzündə donmuş vəhşət, onların qorxunc bir məxluq tərəfindən öldürüldüyünün nişanəsi idi. Amma kim bilir, bəlkə bu cinayəti sıradan bir insan törətmiş, meyitlərini də dağda, meşədə gizlətmişdi. Həm də onu deyirdilər ki, ölən adamların üstündə tüfəng vardı. Yəqin ovçuymuşlar.
Bu əhvalatı keçən il İsmayıllının Qoşakənd kəndində dincələndə eşitmişdim. Gecələr ovçuların əllərinə fənər alıb şikara çıxdığını isə öz gözlərimlə görmüşdüm. Qaldığım ev dağın başında olduğundan buradan ətraf əl içi kimi aydın görünürdü. Kənddə cürbəcür söz-söhbət dolaşsa da bu qorxunc caninin haradan gəldiyini görüb-bilən yox idi.
* * *
Səhərdən təzəcə ötmüşdü. Coşqun telefonun zənginə ayılıb gözlərini açdı. Yuxulu-yuxulu əlini telefona atdı:
– Eşidirəm.
– Salam, sizi ovçu mağazasından narahat edirəm. Dediyiniz tüfəng artıq satışdadır. Gəlib baxa bilərsiz.
– Lap yaxşı – deyib, gözünü tavana zillədi.
Coşqun qalxıb əl-üzünü yumadan soyuducuya yaxınlaşdı. Oradan yağ və İsmayıllı bazarından aldığı cökə balını götürdü. Çörəyin üstünə yağ-bal çəkib yeyə-yeyə çaydanı qızdırdı. Səhər yeməyini bitirən kimi hamama keçdi və isti duşun altında üzünü qırxmağa başladı. Kefi kök idi, dodaqaltı zümzümə edirdi: “Sudan gələn sürməli qız, çox incidir kuzə səni balam, çox incidir kuzə səni…” Balaca dairəvi güzgüdə üzünün hər yerinə göz gəzdirərək yuyunub tələsik qurulandı. Paltarını geyinib evdən çıxdı.
Dükanda bir nəfər ov tüfənglərilə maraqlanırdı. Müştəri məzmunsuz suallarıyla satıcını bezdirmişdi. Xeyli çənə-boğazdan sonra o, balıqtutan alıb getdi. Bundan sonra Coşqun satıcıya yaxınlaşdı:
– Salam, sizə “Remington” qırma tüfəngi sifariş vermişdim. Deyəsən gətirmisiz. Səhər zəng etmişdiniz mənə, – piştaxtaya dirsəklənərək çənəsini qabağa verdi.
Satıcı oğlanın sifarişini gətirdi. Coşqun tüfəngi əlinə alıb orasına-burasına baxdı və sonra onu satıcıya tuşladı:
– Mən bunu harda yoxlaya bilərəm?
Satıcı başının işarəsilə ona dükanın arxa tərəfini göstərdi. Coşqun da onun dediyi kimi arxa qapıdan meydançaya keçdi. Bir neçə dəfə atəş açdıqdan sonra silahı bəyəndi.
Coşqun hündürboy, arıq, qıyıqgöz bir oğlandı. Şalvar belindən düşməsin deyə, kəmərini həmişə bərk sıxırdı. İdman ayaqqabısı ilə göy köynəyi onun adi seçimi idi. Coşqunu tanıyanlar onun sakit təbiətli bir oğlan olduğunu düşünürdü. Ancaq o, heç də sakit deyildi. Daxilində özünün də baş açmadığı bir qəzəb tüğyan edirdi…
Dərə təpə düz yüz getmişdi ki, maşını yol qırağı restoranların birində saxladı. Həyətdəki masada yerini rahatlayandan sonra əlinin işarəsilə ortalıqda gəzişən ofisiantı çağırıb, lüləkabab sifariş verdi. Coşqunun gözləri yol çəkirmiş kimi uzaqlara dikilmişdi. Səfərini necə başa çatdıracağı fikri beynini məşğul etmişdi… Ofisiant ona yaxınlaşıb, nimçədəkiləri səliqə ilə masanın üstünə düzdü. Müştəri ofisianta baxmadan dodaqaltı mızıldandı:
– Sizdə qaban əti var?
– Bəli var.
Coşqun bərk əsəbiləşdi, amma əhvalını büruzə vermədən yeməyini bitirib, pulu masanın üstünə atdı. Qalxıb pivədən içə-içə restorandan çıxdı. Maşına minib tələsmədən, arxayın halda yoluna davam etdi.
İsmayıllıya az qalmış çayın üstündəki körpüdən keçərək yolun qırağında dayandı. Maşından düşüb o baş-bu başa gəzişdi, sonra çayın sahilinə endi. Vaxtilə bol sulu Girdimançay indi ömrünü yaşamış qoca bir vadiyə çevrilmişdi. Coşqun çayın məcrasına enib, hamar daşların üzərində gəzdikcə xəyalında belibükük bir qoca canlandı. Yırğalana-yırğalana irəliləyib vadinin düz mərkəzində dayandı. Yerdən bir daş götürüb, var gücü ilə uzağa tulladı. Bu zaman ona elə gəldi ki, qəfil gələn sel onu qamarlayaraq gəncliyinə aparacaq və o, bir vaxt düşdüyü avtomobil qəzasının qarşısını alacaq…
Günəş üfüqdə gözdən itəndə Coşqun yuxudan oyanıbmış kimi yenidən sükan arxasına keçdi. Bir qədər yol getdikdən sonra maşını ağacların arasında saxladı. Gecə saat on ikini gözlədi. Fikri qarışıq olduğundan heç nə haqqında düşünə bilmirdi. Özünü uçurulmuş bir evin xarabazarlığındaymış kimi hiss edirdi. Xeyli var-gəl etdikdən sonra nəhayət, dağa qalxmağa başladı və bələdlədiyi dalda bir yerə çəkilib gözlədi. Hövsələsizlikdən siqareti uc-uca calayırdı. Elə bu arada dağın ətəyindən bir maşının qalxdığını gördü. Dərhal özünü meşənin sıxlığına verdi. Hə, bu həmən Nivadır, qırmızı Niva. Brakonyer düz dağın başına qalxdı. Az bilmirdi, bura açıqlıq olduğundan heyvanları ovlamaq rahat idi.
Brakonyer maşınının işıqlarını söndürdü və əlindəki fənərlə şikar axtarmağa başladı. Ağacların arxasında gizlənmiş Coşqun onu gözdən qoymurdu. Əyilə-əyilə arxadan ona yaxınlaşaraq məsafəni qısaltmağa çalışırdı. Onun fənərinə tuş gəlməsin deyə, aradabir yerə uzanır, kolun arxasına keçirdi.
Birdən sol tərəfdən qaban donqultusu eşidildi. Brakonyer səsə tərəf bir-iki addım atıb, fənərini yandıranda üzündə sarsaq bir təbəssüm yarandı. Əlinə yaxşı bir ov düşmüşdü. İşıq gözlərini qamaşdırdığından qaban yerindəcə donub qalmışdı…
Bir göz qırpımında ardarda atəş səsləri gəldi. Və hər tərəf sükuta büründü.
Coşqun kefi saz halda asta addımlarla dağdan enərək pəsdən zümzüməyə keçdi: “Sudan gələn sürməli qız, çox incidir kuzə səni balam, çox incidir kuzə səni…” Ağacların arasında gizlətdiyi Mersedesinə çatan kimi qapını açıb, tüfəngini arxa oturacağa qoydu. Maşın Bakı yoluna istiqamət aldı…
Gecənin yarısı xəyal onu uşaqlıq çağlarına apardı. Coşqun məktəbdə oxuyanda atası onu yay tətillərində kəndə aparardı. Babası məktəb direktoru idi. O, hər səhər işə gedəndə Coşqun onun tir tüfəngini götürər, həyətdə göyərçinləri vurardı, ağaca çıxıb quş yuvalarındakı yumurtaları yerə çırpardı, gah da “raqatka” ilə sərçələri öldürərdi. Bir dəfə də dənə yığışan toyuqlardan birini tutub boğmuşdu. Bir sözlə, bu balaca oğlan heyvanlara qənim kəsilmişdi. Amma böyüdükcə təbiəti sevməyə başladı. Bu istək onda elə gücləndi ki, ağacların, heyvanların, hətta ən xırda cücülərin belə xilaskarına çevrildi. Bir qarışqanı belə ayaqlamağa ürəyi gəlmirdi…
Yol boyu xəyallar onu elə çulğamışdı ki, Bakıya nə vaxt çatdığını hiss etmədi. Maşını qaraja saldıqdan sonra binanın həyətindəki kiçik marketdən pivə alıb evə qalxdı. İçəri keçən kimi paltarlı halda çarpayıya sərələndi. Çox yorğun idi. İki saata yaxın mürgülədi, sonra qalxıb soyuq duş qəbul etdi.
Coşqunun musiqiylə arası saz idi. Məktəb illərində anası onu piano dərslərinə qoymuşdu. Nədənsə, pianoda çalmaq Coşqunun xoşuna gəlmirdi. Üç il məşğul olduqdan sonra özü gitara dərslərinə yazıldı. Anası oğlunun bu alətə həvəsini görüb, ona 70 manata klassik gitara aldı. Coşqun da məşqlərinə klassikadan başladı. Amma Sebastian Bax, Alonso Mudarranın musiqisini kiçik yaşlarında dərk edə bilmədiyindən tez də həvəsdən düşdü. Sonradan bluz və rok janrları ilə maraqlandı. Bu musiqi onun ürəyincə oldu. İndi də musiqi qruplarına qulaq asırdı. Daha çox Qərb musiqisini dinləyirdi. Bütün məşhur gitara ifaçılarını əzbərdən tanıyırdı…
Yataq otağına keçib, qapının arxasında divara söykədiyi gitarasını götürdü. Onu səsgücləndiriciyə qoşub, çarpayıda özünə yer elədi. Stratokasterini kökləyib ən çox sevdiyi ifaçılardan – Robert Kreyin “Right next door” mahnısını çalmağa başladı. Əlinə gitara alanda özünü sanki səhnədə tamaşaçılar qarşısında çıxış edirmiş kimi hiss edirdi. Belə gərginlikdə düz iki saat məşq elədi.
Başının üstündən asdığı Azərbaycanın xəritəsinə baxdı. Barmağını şimal rayonlarının üstündə gəzdirərək Gədəbəydə dayandı. Bildiyinə görə Gədəbəyin meşəli dağlarında vəhşi heyvanlar çox olur. Ovçular pul qazanmaq xətrinə təbiətin yaraşığı olan heyvanları ağına-bozuna baxmadan məhv edirdilər. Yaylağa gedən çobanlar da tez-tez dağ keçilərini ovlayırdı. Elə buna görə son illər dağ keçilərinin populyasiyası xeyli azalmışdı.
Səhər obaşdan yola düşəcəkdi. Bu dəfə meşədə gecələməyi qərara almışdı. Bəri başdan “palatkanı” götürüb maşının baqajına qoydu. Evə qalxmazdan əvvəl marketdən iki şüşə pivə aldı. Elə oradaca birinin ağzını açıb, içə-içə yuxarı qalxdı. Mənzilə girən kimi bel çantasını yığmağa başladı. Yol tədarükünü bir-bir gözdən keçirdi. Hər şey yerində idi.
Günəş üfüqdən boylananda tüfəngini və bel çantasını götürüb evdən çıxdı.
Axşamın düşməsinə hələ vardı. Yolu Gəncədən keçdiyindən maşını şəhərin məşhur “Nərgiz” kafesinə tərəf sürdü. Kafenin qarşısındakı bağda səki boyu salınmış qızılgüllərin ətri adamı bihuş edirdi. Coşqun kölgəlikdə boş masaların birində əyləşən kimi ofisiant ona yaxınlaşdı. O, başını qaldırıb oğlanı başdan-ayağa süzdü:
– Nəyiniz var yeməyə?
Oğlan yeməklərin adını sadaladı. Əvvəlcə qazan xörəklərindən başladı:
– Bozartma, çığırtma, dolma, – deyib, delikates yeməklərə keçdi – qaban, turac, qırqovul…
Çöl quşlarının adını eşidəndə Coşqun bərk əsəbiləşdi:
– Yox, onları istəmirəm!
– O zaman sizə yarpaq dolması gətirimmi, əladır, ağıza qoyan kimi əriyir.
Coşqun dolma sifariş etdi. Acığını alışdırdığı siqaretin tüstüsündən çıxdı. İki dəqiqə keçmədi ki, xörək dəsgahı süfrəyə düzüldü. Coşqun yarımçıq qalmış siqaretini söndürüb yeməyi qarşısına çəkdi. O qədər iştahla yedi ki, sonda çörəklə boşqabı sıyırdı.
Kafedən həmişəki kimi damağında siqaretlə çıxdı. Üzünü aydınladan axşam günəşində gözlərini qıyıb bir-iki qullab aldı, sonra da maşına oturub yoluna davam etdi.
Maşın üzü yoxuşa hərəkət edirdi. O, münasib bir yer tapıb özünü ağacların arasına verdi. Yaxınlıqda gəzişərək gecənin düşməsini gözlədi. Yenə siqareti uc-uca calamışdı. Artıq şər qarışır, ətrafa qaranlıq çökürdü. Coşqun tüfəngi götürüb dağa qalxmağa başladı.
Buralarda bir kimsə belə gözə dəymirdi. Hərdən çaqqal ulartısı eşidilirdi. Elə bu arada gözü işığa sataşdı. Gecə vaxtı, dağın başında işığın nə üçün yandığını bilirdi. Şübhəsiz brakonyer idi, özü də tək gəlmişdi. Fənərini bir istiqamətdə tutub, uzun fasilələrlə söndürüb yandırırdı. Amma Coşqun təcrübəli brakonyer ovçusu idi. Odur ki, nə edəcəyini əvvəlcədən planlamışdı.
Vicdansızdan yüz metr aralıda arxayın hərəkətlə özü ilə gətirdiyi çırağı yandırdı. Çırağın işığı brakonyeri çaşdırdı. Maraq ona güc gəldi və o, işığa sarı addımladı. Əyilib çırağı yerdən götürəndə canına vicvicə düşdü. Yan-yörəsinə boylandı... heç kim. Coşqunun tüfəngi hazır vəziyyətdə idi. Çırağın işığı ovçunu aydın görməyə imkan verirdi. Atəş! Güllə hədəfi tutdu. Çıraq brakonyerin əlindən yerə düşən kimi alovlandı. Coşqun yaxınlaşıb, yerdə zarıyan brakonyerə bir qədər tamaşa etdi. Sonra tətiyi çəkib kontrol atəşi açdı.
Tələsik dağdan endi. Ağacların arasında saxladığı maşınına çatıb tez özünü içəri atdı. Gecənin səssizliyində rahat, arxaya baxmadan yoluna davam etdi. Amma bu arxayınçılıq uzun sürmədi. Yuxarıdan bir işığın ona tuşlandığını duydu. Güzgüdən geriyə boylandı, arxa bomboş idi. İşıq get-gedə gücləndi və ətraf bir anda aydınlığa qərq oldu. Başını pəncərədən çıxarıb yuxarı baxanda maşının düz üstündə, ondan beş metr aralıda bir lopa işığın düz üzünə vurduğunu gördü. Gözləri qamaşdığından bir şey ayırd edə bilmədi. Vahimə onu basdı. Ətrafda səs kəsildi. Ona elə gəldi ki, qulaqları tutulub. Sonra xışıltı eşitdi. Səs gücləndikcə bədənini soyuq tər basdı. Əlini sükandan çəkib barmaqları ilə qulağını tutdu. Səs isə kəsilmək bilmirdi. Köməksiz və qorxaq vəziyyətə düşmüş Coşqun özünü itirdiyindən pedalı axıra qədər sıxdı. Maşın böyük sürətlə yolu ağzına aldı. Güclü işıq isə ondan əl çəkmək istəmir, eyni sürətlə maşını izləyirdi. Nəhayət, yadplanetli, insan irqinə tanış olmayan qurğu ondan aralandı. Və hər şey əvvəlki qaydasına düşdü. Bundan sonra Coşqun rahat nəfəs aldı.
Axır ki, gecələmək üçün münasib yer tapdı. Maşını yoldan bir qədər kənarda saxladı. Baqajdan çadırı götürüb özünü ağacların arasına verdi. Bura dincəlmək üçün rahatdır. Yavaş-yavaş, tələsmədən “palatkanı” qurdu. Bir qədər aralıda ocaq qaladı. Köz düşən kimi özü ilə gətirdiyi sosisləri nazik şişlərə keçirərək qızartmağa başladı. Yeməyini yeyəndən sonra bir pivə açıb qurtaqurtla başına çəkdi. İndi yuxu ona güc gəldi. Uzandı və az keçmədi ki, dərin yuxuya getdi…
Gül-çiçəklə örtülü düzəngahda mavi geyimdə, xurmayı saçları kürəyinə tökülmüş bir qadın ona əl eləyirdi. Coşqun ona sarı qaçdı. Aralarındakı məsafə qısalanda anasını tanıdı. Sürətini artıranda anası da ondan uzaqlaşdı. Bu zaman qarşısında dar, ensiz bir yol açıldı. Ətraf zülmətə qərq oldu. Coşqun var gücü ilə doğmasını səslədi: Ana! Öz səsinə ayıldı. Həmin anda harada olduğunu ayırd edə bilmədi. Səhərin aydınlığı gözlərini qamaşdırınca özünə gəldi. Cəld yerindən qalxıb yır-yığış etdi və Bakıya yola düşdü…
Coşqun adətən vaxtının çoxunu evdə keçirir, dostu olmadığından heç kimlə görüşmürdü. Tək yaşayırdı. Günləri monoton keçsə də həyatına rəng qatmağı bacarırdı. Tez-tez təbiət qoynunda olur, balıq tutur, dağlara çıxırdı. Adamayovuşmaz olduğundan günlərini insanlardan uzaq olan yerlərdə – meşədə, çayda, düzlərdə keçirirdi. Bir də əlacı nəydi ki! Bir yaxını, doğması, qayğısına qalanı yox idi. Darısqal, ikiotaqlı bir mənzildə yaşayırdı. Pintinin də biriydi, evi zibilin içindəydi. Mənzil elə çirkli olurdu ki, it də başını içəri salmazdı. Köhnə, uçulub tökülən evin dib-dəhnədən təmirə ehtiyacı vardı. Ancaq bu, onun vecinə deyildi. Ona elə gəlirdi ki, ən təmiz və ən geniş evdə yaşayır…
Dünən gecə yolda onu təqib edən gur işığı – yadplanetlini xatırladı və bu hadisənin ona bir işarə olduğunu düşündü. Bəlkə bu işin daşın atsın? Əgər, insanlar vəhşi təbiəti sevmirlərsə, ona qarşı bu qədər etinasız və qəddardılarsa, o zaman təbiətdəki heyvanları qorumaq naminə onun seçdiyi yol nə dərəcədə doğrudur? Bir də ki, ömrünü meşələrdə, dağlarda keçirməyəcəkdi ki?! Vəhşilərin yaşaması üçün brakonyeri – insanı öldürmək… bu nə vaxtacan davam edəcəkdi? Bu, onu məhvə aparmırdımı? Məgər o, başqaları kimi ola bilməzdimi? Yox! Vəhşi təbiət özünün qorxulu, əsrarəngiz gözəlliyini saxlamalı idi. O, tutduğu yoldan geri dönmək fikrində deyildi. Harda qırıldı, qoy qırılsın…
Aradan bir həftə keçdi. Bu dəfə yolu Masallıya idi.
Qatar kimi düzülən yük maşınları hərəkəti iflic etmişdi. Sürət azalır, yol xeyli uzanırdı. Coşqun səbrini basıb aşağı sürətlə də olsa yoluna davam etdi.
Axşam çağı rayona daxil oldu. Əlini alışqana atıb siqaretini yandırdı. Bir qullabla tüstünü hərisliklə ciyərlərinə çəkdi. Anasının qəzada həlak olduğu günü xatırladı.
O zaman Coşqunun 17 yaşı vardı. Maşının arxa oturacağında başını pəncərəyə söykəmişdi. Söhbətə müdaxilə etmədən valideynlərinin mübahisəsinə qulaq asmağa məhkum idi. Gecə vaxtı yağışlı havada uzaq səfərə çıxmışdılar. Qarşı tərəfdən şütüyən maşınların işığı düz gözlərinə vururdu. Amma onlar bunun fərqinə varmadan elə hey didişirdilər. Heç biri də geri durmaq istəmirdi. Anasının dərdi açılmışdı:
– Yaman günümə, uşağımın adına qır-qızıl almışdım. Mən onları evliliyimizin ilk illərindən, maaşımdan qırta-qırta, əyin-başımdan kəsə-kəsə yığmışdım. Altından vurub, üstündən çıxdın. Əlim boşda qaldı. Hələ bir təpə-qapaz elədin məni…
Atası bir əli sükanda, bir əlini də arvadının üstünə silkələyərək kükrədi:
– Beynimi çöndərmə! Qoy bir mənzil başına çataq, dilini boğazından çıxardajam. Çoxdandı kötək yemirsən!
Əslində Coşqunun anasına yazığı gəlirdi, gözünü açandan atasının qızışaraq onu döyüb-söydüyünü görürdü. Elə buna görə də zəhləsi gedirdi ondan. Həmişə də düşünürdü ki, görəsən, onları bağlayan nə olmuşdu ki, həyatlarını qoşalamışdılar...
Qarşıda yol sağa burulurdu. Amma atasının başı qızışdığından diqqətini cəmləyə bilmədi. Getdikləri zolaqdan çıxan kimi qarşıdan gələn maşınla üz-üzə gəldilər. O maşının gözlərini qamaşdıran gur işığı Coşqunun yaddaşında həmişəlik qaldı…
Maşını çınqıllıqla sürürdü. Ətraf yaşıllığın içindəydi. Hündür ağaclar, torpağı yaşıl rəngə boyayan otlar, təmiz hava Coşquna ləzzət eləyirdi. Quşların səs-səsə verib oxuması bu gözəlliyə gözəllik qatırdı. Ağacdələn yaxınlıqdakı çürümüş ağacın gövdəsində taqqataq salır, kirpi yarpaqların arasında gəzişərək özünə yem axtarırdı.
Hava qaralırdı. Coşqun qurumuş ağac budaqlarından ocaq qalamaq fikrinə düşdü. O, işini arxayın görürdü, bilirdi ki, brakonyerlər bu vaxtlar ova çıxmırlar. Nə qədər ki vaxt var, yaşıllığın qoynunda dincəlməyə, təbiətdən zövq almağına dəyər. Budaqları bir yerə topalayıb, cibindəki alışqanla aşağısından alanqı verdi. Ocaq tüstüləndi. Bir qədərdən sonra tüstü meşəni bürüdü. Coşqun anladı ki, belə getsə yerini bildirəcək. Dərhal odu söndürməyə çalışdı. Ayağı ilə tüstülənən budaqları ora-bura səpələyərək tapdalamağa başladı.
Gecənin bir yarısı tüfəngini götürüb maşından aralandı. Cığırla təzəcə getməyə başlamışdı ki, atəş səsi eşitdi. Səsin gəldiyi tərəfə qulaq verdi. İkinci atəşdən sonra brakonyerin yerini müəyyən etdi. İti addımlarla ona doğru getməyə başladı. Bir qədər sonra dayanıb, ətrafı dinşədi və meşənin sakitliyində ovçunun addım səslərini eşitdi. Asta-asta ona yaxınlaşdı və qəflətən əlindəki fənərlə gözünə işıq saldı:
– Əmioğlu, neynirsәn? – Brakonyer səsləndi.
Coşqun isə sakit və laqeyd halda:
– Gəlmişəm səni cəzalandıram, – deyib, tüfəngin tətiyini çəkmək istəyəndə qəflətən ürəyində ağrı hiss etdi.
Uzun illər görmədiyi, amma həyatının bir parçası olan insanla üz-üzə gəlmişdi. O, brakonyerin işıqdan qamaşan gözlərində keçmişini görmüşdü, heç zaman unutmadığı, anasını əlindən alan keçmişini. İndi onun qarşısında dayanan bu yaşlı kişi gözlərini qıyaraq nə üçün tüfəngin ona tuşlandığını anlamağa çalışırdı.
– İki dovşan vurmuşam, birini verirəm sənə. Mənə bu da bəsdi.
Coşqun atasının səsindəki doğmalığı hiss etsə də boğazınacan qalxan nifrət ona qalib gələ bilmədi və o, barmağını tətikdən çəkdi. Tüfəngi əlindən buraxıb geriyə çəkildi:
– Anam sənə görə öldü! – deyib, içindəki qəzəbi püskürdü.
Arxaya baxmadan qaçmağa başladı. Ağacların arasından elə şütüyürdü ki, sanki kabusdan yaxa qurtarmağa çalışırdı. Atası arxadan onu nə qədər səsləsə də Coşqun dayanmadı. Tələsik maşına minib onu dəli kimi qovmağa başladı. Yol boyu qarşıdan gələn maşınlar bu dəlisov sürücü ilə toqquşmasınlar deyə, kənara çəkilirdilər. Coşqun isə sel kimi axan göz yaşları içində atasını heç vaxt bağışlamayacağını düşünürdü. Yoldakı maşınları arxada qoyduqca tez-tez qəza vəziyyəti yaradırdı. Qarşıdakı “Opel”i ötüb keçmək istəyəndə üstünə gələn “Kamaz”ın işıqları gözlərini qamaşdırdı. Ətraf gözündə zülmətə döndü. Və bu zaman anasının buz əllərini hələ soyumamış ovcunda hiss etdi…
Məmməd Məmmədli
“ULDUZ” jurnalı – mart 2021
- Details
- Written by: Məmməd Məmmədli
- Category: hekayələr
- Hits: 1
Yerin mənzərəsini illüminatordan seyr edirdi. Ağappaq, seyrək buludlar süd kimi dağlara, dənizlərə dağılırdı. Gözlərinin qarşısından keçib gedən yaşıl meşələr, mavi okeanlar, sapsarı qumlu səhralar gerçək bir nağıla bənzəyirdi. Bu gözəlliyi seyr edincə sevincindən gözləri yaşardı. Qəfildən Yer ondan aralandı və o qədər uzaqlaşdı ki, sonda ağappaq ulduza dönərək gözdən itdi. Ulduzların arasında Günəşi aramağa başladı. Görəsən, harda idi, geriyə yolu necə tapacaqdı? Özünü toparlayıb baxışlarını kainatın bölgələrində gəzdirdi. Ulduzlar buradan nöqtə kimi görünmürdü, əksinə daha şiddətlə sayrışırdılar. Hərəsi bir rəngdə, bir çalarda görünüşlərilə sanki zülmətə meydan oxuyurdular. Və ona elə gəldi ki, ulduzlar o qədər də uzaqda deyil. Bu zaman sürət artdı, gözünün qarşısındakı mənzərə sanki rəssamın qarışıq boyalarla kətan parça üzərində yaxdığı anlaşılmaz bir rəsminə bənzədi. Gözləri torlandı, heç nəyi ayırd edə bilmədi. Ona elə gəldi ki, qarşısında nə vardısa ondan uzaqlaşır, amma qalaktikanın kiçildiyini ayırd edəndə hardan gəldiyini anladı… və insanlardan bu qədər uzaqda olmasından xoflandı. Tənhalığın vahiməsi canına üşütmə saldı. Bu zaman arxadan çiyninə dördbarmaqlı bir əl qondu:
– Narahat olma, biz səni olduğun yerə aparacağıq.
Arxaya çevriləndə baxışları boz rəngə çalan bir cüt iri gözlə qarşılaşdı. Gözlər bu yalqız insan övladının ürəyindəkilərdən xəbərdarmış kimi, onda səyahətin maraqlı keçəcəyinə əminlik yaradırdı…
Bu dəfə isə illüminatordan baxanda qarşısında tam başqa bir mənzərə açıldı. Mavi ulduzun sehrinə düşdüyündən qamaşan gözlərini ondan çəkə bilmirdi. Bu, Deneb idi. Bir qədərdən sonra gözləri gur işığa alışdı. Daha sonra kosmik aparat ona doğru uçmağa başladı. İndi ulduz elə nəhəng görünürdü ki! Ətrafa saçdığı od-alovun işığı üzünə çökmüş vahimə qarışıq təbəssümü aydınlatdı. Deyəsən, arzusuna çatmışdı, ancaq nədənsə, Denebin orbitində canına yenidən qorxu düşdü. Az keçmiş maraq bu əcaib qorxunu üstələdi və özündə güc hiss etdiyindən hədsiz bir acgözlüklə tamaşasına davam etdi. Mavi ulduzun səthindəki tünd ləkələrdən gözünü çəkə bilmirdi. Amma yaxınlaşdıqca bu ləkələrin dağlar, dərələr olduğunu gördü. Necə də əsrarlı bir mənzərə idi! Bu mənzərəni heç nə əvəzləyə bilməzdi! Yavaş-yavaş ulduzun atmosferinə daxil oldular. Uçduğu kosmik aparatda uğultuya qarışan cırıltılar beynini elə sancırdı ki, az qala qulağının pərdəsi deşiləcəkdi. Çox keçmədən hərarət endi və bədəni soyumağa başladı. Büzüşüb bir küncə qısıldı. Bayıra baxmağa cürət etmirdi. Kosmik aparat dərələrin birinə enəndə boz rəngli gözlər yaxınlaşaraq ona şüuraltı məlumat ötürdü:
– Qalx ayağa, çatmışıq. İndi bayıra çıxa bilərsən.
Əyninə əcaib bir skafandrı təzəcə geyindirmişdilər ki, ayaqlarının altında balaca bir dəlik açıldı və getdikcə genişlənməyə başladı. Nəhayət o, dəlikdən keçib yavaş-yavaş aşağıya endi. Ayağını ulduza basan kimi dəlik kiçilib yox oldu. Özünü itirmiş halda ətrafa göz gəzdirdi. Ucu-bucağı görünməyən dərə sanki onu sonsuzluğa buraxmışdı. Ayağıyla yeri yoxladı. Bura ilk baxışda möhkəm, sərt təsir bağışlasa da bəzi yerlərdə çatlar yaranmış və ulduzun qaynayan nüvəsindən özünə yol tapmış mavi rəngli maye axıb çökəklikləri doldurmuşdu. Buralar çox soyuq idi. Şaxtalı havanı yararaq dərədə gəzişməyə başladı. Əyildi ki, yerdən bir nümunə götürsün, ancaq alınmadı. Yer düşündüyündən də möhkəm idi. Əllərini qoşalayıb civəyə oxşar mavi mayeni ovcuna aldı. Ovcunda öz əksini görəndə yaddaşını itirmiş kimi oldu, kimliyini, hardan gəldiyini unutdu. Haldan-hala düşdü, bu müəmmalı maddə sanki ruhunu canından sovururdu. Birdən yerin çatları aralanmağa başladı. Maye qaz ətrafı bürüdü və o, dizə qədər qalxan bu sehrli maddənin içində var-gəl etdi. Hərarət durmadan artırdı. Canına istilik gəldi. Hər yan oda büründü. Cəhənnəm alovu ətrafı külə çevirirdi. Qəflətən baş verən güclü partlayış hər şeyi göyə sovurdu… Təyyar qışqırıb yerindən dik atıldı. Anası hövlnak özünü içəri atdı:
– Nə oldu sənə, qadan alım, yuxu görürdün?
– İşığı yandır! – Təyyar həyəcanla səsləndi.
– A bala, səhərdi, hər tərəf işıqlıdı.
– Ana, mən görmürəm…
– Allah məni öldürsün, ay oğul, niyə görmürsən?
Təyyar gözlərini ovuşdurdu:
– Narahat olma ana, keçib gedər.
Təyyarın gözündə hər yer zülmət idi. Amma təlaşı çox sürmədi. Bir qədərdən sonra gözlərinə yavaş-yavaş işıq gəldi. Bədəni tər içindəydi. Anasının yanından sivişib hamam otağına keçdi. Soyuq duş qəbul etdikdən sonra əlini telefona atdı. Xəttin o biri ucunda Emin dəstəyi götürdü:
– Alo!
– Salam! Gəl Malakan bağına, sənə deyiləsi sözüm var…
Dostlar tez-tez görüşdükləri Malakan bağındakı kafedə menyunu vərəqləyirdilər. Təyyar pivə sifariş etdi. Nədənsə, mətləbə keçmək onun üçün çox çətin idi. Bilmədi, sözə hardan və nədən başlasın. Nəhayət Emin dilləndi:
– Bilirsən təqvim oğrusuna məhkəmədə neçə ay iş verdilər?
– 12 ay.
Təyyar belə əyləncəli sualları dostundan tez-tez eşidirdi, odur ki, eyni ahənglə məzəyə keçdi:
– Bəs sən bilirsən qatil əylənmək istəyəndə nə edir?
– Vaxt öldürür?
– Əhsən! Yaxşı bəs ona neçə il düşür?
– Bax bunu hakimdən soruşmaq lazımdı.
Ofisiant Təyyarın sifarişini gətirdi, şüşənin qapağını ehmalca açıb, pivəni bakallara süzdü və onlardan aralandı. Emin bir siqaret alışdırdı, Təyyarsa çəkib qurtardığı siqaretin kötüyünü külqabına basaraq yenisini yandırdı. Həyəcanını gizlədə bilmirdi.
– Emin, zarafat qalsın bir yana, amma inanmazsan, dəhşətli bir yuxu görmüşəm – deyib, alnının tərini sildi.
– Nə yuxu?
– Bilirsən, elə bir yerdəydim ki… – dərindən ah çəkib, yuxusunu birnəfəsə danışdı.
Bu qarışıq, çarpaşıq yuxudan bir şey anlamayan Emin soyuq, laqeyd halda əlini yellədi:
– Hə, nə var burda, yuxudu də. Bircə o maraqlıdı ki, bu boyda əhvalatı yadında necə saxlamısan. Adətən, yuxular yaddaşdan tez silinir.
– Bu adi yuxu deyil, gerçəklikdi… eh, səni necə başa salım. Bilirsən nə var, gəl Xaçmaza gedək.
– Xaçmazda nə ölümümüz var?
– Sənə möcüzə göstərmək istəyirəm.
Təyyar yol boyu hələ də ötən gecə gördüyü yuxunun təsirindən ayıla bilmirdi. Nədən danışırdısa, yenə mövzunu o əsrarlı yuxunun üstünə gətirirdi.
– Sən lap kino görmüsən ki… – Eminin diqqəti yolda olsa da bir gözü Təyyarda idi. – mənə sarı çön görüm, elə bil gözündə çəplik var.
– İndi görürsən bəyəm? Bu, anadangəlmədi. Sağ gözüm dartmır…
Onlar Xaçmaza gecəyarı çatdılar. Emin maşını yolqırağı “Meşəli” istirahət mərkəzinə sürdü. Özlərinə rahat bir ev tutdular. Otağa girən kimi çarpayıya sərələndilər, ancaq çəyirtkələrin cırıltısı, bir də mələfələrə hopmuş meşənin nəmişliyi yuxularına zəhər qatırdı. Təyyar yerinin içində bir siqaret yandırıb tüstünü hərisliklə içinə çəkdi. Emin də əlini alışqana atdı. Adda-budda nə danışırdılarsa, söhbət yenə möcüzəvi yuxunun üstünə gəlirdi.
Bir anda şüşələr çilik-çilik oldu. Səbəbini anlamayan dostlar yerlərindəcə qurudular. Bəbəklərinə nüfuz edən fotonlar bütün beyin hüceyrələrini yerindən oynatmışdı. Handan-hana gözlərinə işıq gəldi. Qorxu içində baxışdılar...
– Bu nədi ə? Nə baş verir burda? – Emin əlləri ilə başını tutdu.
– Mən sənə demişdim axı...
Bayırdan gələn işıq dalğası pəncərələri yerindən qoparmışdı. Hər yer şüşə qırıntıları içindəydi. Emin yan-yörəsinə baxıb:
– Bu, necə ola bilər, axı?
Təyyar yerindən sıçrayıb, özünü bayıra atdı.
Aralıda ağacların arasından boylanan ağ rəngli iri bir şar nəzərini cəlb etdi. Şar o qədər böyük idi ki, qaranlıq meşənin səssizliyində insanı vahimələndirirdi. Təyyar yadplanetlilərin ondan ötrü gəldiyini zənn etdi və şara doğru qaçmağa başladı. Canında xof olsa da hansısa bir qüvvə onu şara sarı çəkirdi. Uzaqdan əcaib məxluqları görən kimi “Mavi ulduz! Yay üçbucağı! Deneb!” – deyə, qışqırmağa başladı. Ancaq yadplanetlilər ona əhəmiyyət vermədən kosmik aparatlarına mindilər. Təyyar sürətini artırıb onlara çatmağa çalışırdı, “bir dayanın, məni də götürün” – deyib, elə hey qışqırırdı. Bu vaxt ayağı büdrəyib üzüqoylu gölməçəyə yıxıldı. “Mavi ulduz! Mavi ulduz!” – əlini onlara sarı uzadaraq dedi. Amma gec idi. Şar sürətlə göyə qalxıb, bir göz qırpımında havada itmişdi. Təyyar sevimli oyuncağını itirmiş uşaq kimi məyus oldu. Kim bilir, belə bir fürsətlə bir də qarşılaşacaqdımı… Təngnəfəs halda ayağa qalxıb üst-başını çırpdı və suyu süzülə-süzülə geriyə döndü.
Otağa girər-girməz Emin suallarını uc-uca caladı:
– Dostum, nə baş verir burda? Sən məndən nəyisə gizlədirsən, danış.
Təyyarın arzusu bir anda içindən tüstüsü çıxan çürümüş qoz kimi puç olmuşdu. Heysiz halda mızıldandı:
– Eh...
Həmin gecə kəlmə kəsmədilər. Hərə öz fikirlərinə qərq oldu, nə vaxt yuxuya getdiklərindən xəbərləri olmadı. Axşamdan cırıldaşan çəyirtkələr də səslərini kəsdilər...
Hava küləkli idi. “Əlif Hacıyev” elmi tədqiqat gəmisi dalğaların arasında yırğalanırdı. Xəzri göyün üzünü alan qara buludları ora-bura qovur, buludlar da sanki buna etiraz olaraq hirsini şimşəklə çıxarırdılar. Gəminin göyərtəsində qapıdan bərk-bərk yapışıb qəzəblə yağışı seyr edirdi. Bədəni titrəsə də soyuğu hiss etmirdi. Yırğalandıqca gözləri dalğalanır, ürəyi ağzına gəlirdi. Ancaq ona verilən tapşırıq narahatlığını bir bal artırdı. Kapitanın göstərişilə batmış sualtı qayığı tədqiq etmək üçün arxası üstə dənizə kəllə vurdu. Yavaş-yavaş Xəzərin dərin qatlarına dalmağa başladı. Su bulanıq olduğundan üç-beş metrdən o yanı görmək mümkün deyildi. Yan-yörəsindən balıqlar şütüyüb keçirdi. Onların gümüşü pulcuqları bulanıq suda sanki ay işığının altındaymış kimi bərq vururdu. Balıqlar o qədər yaxında idilər ki, hətta, əllə onlara sığal çəkirdi. Balıqlar da onun nəvazişini duyurmuş kimi onunla oynaşırdılar. Dərhal suda itir, sonra da kabus kimi qəfildən peyda olurdular. Qolundakı cihaza baxdı – 130 metri göstərirdi. Hələ bir qədər də enməli idi, çünki bu ərazidə suyun dərinliyi 240 metrə çatırdı. Dərinliyə daldıqca suyun hərarəti yavaş-yavaş aşağı düşürdü, o isə buna əhəmiyyət vermir, “görəsən sualtı qayıq hansı səbəbə batıb? Onu tapmaq mümkün olacaqmı?” – sualları ilə beynini yükləyirdi. Nəhayət, dənizin dibi göründü. Başındakı fənəri yandırıb ətrafa göz gəzdirdi. Su o qədər bulanıq idi ki, bir neçə metrdən qabağı görmək olmurdu. Əlini qumun üzərində gəzdirdi. Lil səhrada qopan fırtına təki suyu bulandırdı. İrəliyə doğru üzməyə başladı. Qayığı tapmaqda israrlıydı. Ziqzaqvari üsulla axtarışına davam etsə də qayığın qırıntılarına belə rast gəlmədi. Bu zaman kütüm sürüsü onu əhatəyə aldı. Başının üstündə, ətrafında fırlanan balıqlar əvvəlcə ona yaxınlaşmağa cürət etməsələr də sonradan oğlanın kombinezonunu dartışdırmağa başladılar. Təkləndiyini görəndə əl-qol atıb onları özündən kənarlaşdırmağa çalışdı. “Bəlkə məni yemək istəyirlər?”, – bir anlıq ağlından keçirdi. Ancaq balıqlar pərən-pərən olub, yenidən sürü halında ona doğru üzəndə yəqin etdi ki, bu dilsiz-ağızsızlar ona nəyisə göstərmək istəyir. Dərhal arxalarınca üzməyə başladı. Xeyli üzmüşdü ki, relyefin dəyişdiyini hiss etdi. Dənizin dibində şiş qayalar gördü. Balıqlar onu qayalıqların arasıyla aparırdılar. Qarşıda üstü lillə örtülmüş böyük, dəyirmi bir lövhə gördü. O, torpağın səthində üfüqi şəkildə quraşdırılmış olsa da ağzı bağlı idi. Özünə yol açmaq üçün qaynaq aparatını işə saldı və bir metr enində olan dəmir plitəni kəsdi. Açdığı yerdən içəri sivişdi. Bura beş-altı metr uzunluğunda otaqvari bir yer idi. “Dənizin dibində ağzı bağlı dəmir otaq kimə lazımmış görəsən?” – düşündü. Bu zaman gözü divardakı qırmızı düyməyə sataşdı. Altında “скачивание воды” sözü yazılmışdı. Bildi ki, burada daha bir keçid olmalıdır. Barmağı ilə düyməni bassa da gözlədiyi baş vermədi. Dərhal bölmənin divarlarını, döşəməsini nəzərdən keçirdi. Döşəmə tərəfdə dairəvi bir qapı gördü və nə qədər güc verdisə də ağzını aça bilmədi. Tələsirdi. Qolundakı saata baxdı. Vaxtına az qalmışdı, qayıtmaq məcburiyyətində qalsa da, “bir bunu da aç” – deyə yenidən qaynaq aparatını işə saldı. Qapını kəsib növbəti otağa daxil oldu. Burada divarın yan tərəfində daha bir qapı gördü. Eyni hərəkətlə özünə yol açıb içəri sivişdi. Geniş dəhlizlə irəliyə doğru üzdü və sonda növbəti bir qapı ilə rastlaşdı. Bu dəfə də qapını kəsib növbəti məkana keçəndə gözləri torlandı. O, böyük, hərbi bazanın içinə girmişdi. Su bazanı basmışdı. Bir az da irəlidə düşündüklərinin doğruluğuna əmin oldu. Qarşıda bir-birinin ardınca şaquli vəziyyətdə düzülmüş qitələrarası, nüvəbaşlıqlı raketləri görəndə buranın radioaktiv bir yer olduğunu anladı. Tez ayaqlarını işlədib bazanı tərk etməyə çalışdı. Qapıya çatanda havanın azaldığını hiss etdi. Təşviş içində gəldiyi yolla üzməyə başladı. Dəhlizdə isə havası tamamilə qurtardı. Hava udmaq ümidilə bir neçə dəfə dərindən nəfəs aldı. Boğula-boğula yerində çabalayırdı ki, Emin onu yüngülcə silkələyib ayıltdı:
– Deyəsən pis yuxu görürdün. Danış görək, bu dəfə başımıza nə gələcək?
Təyyar gözünü açdı, zəndlə dostuna baxdı, harda olduğunu anlamağa çalışdı. Özünə gələn kimi:
– Bu dəfə dənizdə olacaq, – dedi.
– Nə olacaq? Yadplanetlilərdi yenə?
Təyyar əynini geyindi və bir siqaret yandırdı:
– Axşamtərəfi sahilə gedərik.
Çimərlikdə iki nəfər xilasedici özlərini axşam günəşinə verirdilər. Dostlar da isti qumun üstündə oturub hadisələrin gedişatını gözləyirdilər. Emin astaca dedi:
– Başlayanda xəbər eləyərsən.
Sahildən bir az aralıda böyük bir gəmi suyun üzərində ləngər vururdu. Emin baxışlarını gəmiyə fokuslamışdı ki, Təyyar yerindən dik atıldı:
– Ora bax! Balıqları görürsən?
Emin nəzərlərini sahilə cırmaq atan dalğaların üzərində gəzdirdi. Balıqlar sudan sıçrayıb özlərini qumun üstünə elə atırdılar, elə bil duzlu su onların məskəni deyilmiş. Təyyar başa düşdü ki, balıqlar ona hərbi bazanın yerini göstərmək istəyir. O, irəli yeriyib, özünü dənizə atdı.
– Dayan, hara gedirsən? – Emin arxasınca qışqırdı.
Təyyar ona əhəmiyyət vermədən dalğaların arasında ağır-ağır irəliləyib, suya kəllə vurdu. O, özünü sahilə yan alan gəmiyə çatdırmaq istəyirdi. Gəmi yaxında olsa da məsafə Təyyarın əhədini kəsirdi. Ona elə gəlirdi ki, “Əlif Hacıyev” ondan uzaqlaşır. Sahildə var-gəl edən Emin isə dostunu gözdən qoymurdu. Təyyar əl-qol atıb dalğaların arasında itəndə Emin onun boğulduğunu başa düşdü və dərhal özünü xilasedicilərə yetirdi. Onlar motorlu qayıqla Təyyarın itdiyi əraziyə üzdülər. Köstəbək kimi o tərəf-bu tərəfə boylanır, ərazini gəzirdilər. Sahildə dayanıb hadisəni izləyən Emin də səbirsizlikdən dırnağını çeynəyirdi. Bu zaman dalğaların arasında ləngər vuran Təyyarın yaşıl köynəyini gördülər. Amma tapdıqları yalnız köynək oldu. Təyyar itmişdi. Hər tərəfi yoxladılar, nəhayət, gözləri Təyyarın suda yırğalanan qollarını aldı. Qayıqdakılar onu qarmağa keçmiş balıq kimi sudan çıxarıb sahilə gətirdilər, qumun üstünə uzadıb, süni nəfəs verdilər. Təyyar palçıq vulkanı təki daxilindəki mayeni qusdu.
Yol boyu heç biri danışmadı. Evlərinə çatanda bir dəstə polisin dünən gecə baş vermiş partlayışla bağlı adamları sorğu-suala tutduğunu gördülər. Vəziyyətin dəyişəcəyini anlayan dostlar tez maşına minib aradan çıxdılar…
Qürub çağı qaranlıq bir məkana daxil oldu. Hər tərəf zülmət içində idi. Əl fənərini yandıranda bu yerin kiçik bir mağara olduğunu anladı. İşığı mağaranın divarlarına tutdu. Yuxarıdan aram-aram tökülən su damcılarının əks-sədası səssizliyi pozurdu. Damcılar hər dəfə yerə düşdükcə ürəyində saymağa başladı. Bir, iki, üç... Ayağını gölməçəyə basıb irəliyə doğru bir-iki addım atıb dayandı. Fənərini üzüyuxarı tutaraq nəm tavandan sallanan damlaların qopub-düşən rəqsinə bir qədər tamaşa etdi. Mağaranı kəşf etmək həvəsinə düşdü. Damcı səsləri addımlarında itdi. Qarşıda daş-qayaya dirəndi. “Mağara elə bura qədər imiş”, - deyə düşündü. Gözü balaca bir oyuğa sataşdı. Əlini uzadanda oradan sərin mehin əsdiyini hiss etdi. Bildi ki, mağaranın ikinci çıxışı da olmalıdır. Deşiyi böyütmək istəyəndə hörülmüş divar soyuqda ayaq altda qalan donmuş gölməçə kimi çatladı. Buzqıran gəmitək özünə yol açdı. Uçurduğu divarın arasından keçəndə arxadan gələn səs elə bil onu yerə mıxladı:
– Getmə, dayan! Geriyə qayıt!
Bu, çəp gözlərlə ona baxan başqa bir Təyyar idi.
– Sən kimsən? – qorxacaq səslə soruşdu.
Özünü tanısa da gözlərinə inanmadı.
– Qayıt geriyə! – yerində fır-r eliyib gözdən itdi.
Fənərin işığında ora-bura göz gəzdirdi, amma bir ins-cins gözə dəymədi. Gördüyü Təyyar qeybə çəkilmişdi… İnadkarcasına yerə tökülmüş daşların arasından keçib dar bir dəhlizlə irəlilədi. Bura o qədər nəmişlik idi ki, lap ürəyi sıxılırdı. Gözləri qaraldı. Özünü toparlayıb birtəhər yoluna davam etdi. Mağaranın bu hissəsi nisbətən aşağıya doğru gedirdi. Dar boğazdan sivişib ayağını yerə basanda sürüşüb qurşağadək suya batdı. Fənərini ətrafda gəzdirdi və buranın çox geniş bir yer olduğunu gördü. Üzə-üzə irəli keçdi. Gur işığın altında bərq vuran mərmər çıxıntılar mağaranı əlvan rənglərə boyadı. Bayaqdan canında gəzdirdiyi xof sovrularaq bir anda yox oldu. Mağaranı kəşf etməsinə çox sevinirdi. Elə oradaca düşündü ki, bu yer haqqında heç kəsə danışmayacaq. İrəlidə üst-üstə yığılmış iri sandıqlar gördü. Maraq ona güc gəldi. Cəld sandıqlardan birinin ağzını açdı. Daş-qaşları, qızıl sikkələri görüncə gözləri qamaşdı. Ağzı açıla qalmışdı, sevincindən az qala bayılacaqdı. Vaxt itirmədən ciblərini doldurub, aradan çıxmaq istədi. Ancaq düşdüyü yerdən qalxa bilmədi. Hər dəfə çıxmaq istəyəndə sürüşüb suyun içinə düşürdü. Ha çalışdı, ha cəhd elədi, düşdüyü yerdən çıxa bilmədi ki, bilmədi.
– Bu dəfə səninlə gedirəm. Dost deyilik, xəzinəni aramızda bölərik. – Emin onun yuxusuna qulaq asdıqca şirniklənirdi.
– Xəzinə o qədər böyükdü ki, hamısını apara bilməyəcəyik.
– Yaxşı, bəs bu xəzinə harda, hansı mağarada gizlədilib?
– Şahdağda.
– Sən buna əminsən?
– Əlbəttə. Mən yuxularımda səyahət edirəm.
– Necə yəni səyahət edirsən?
– İnsan yuxuda paralel dünyaya keçir və ruhu bədənindən ayrılandan sonra uzaq məsafələr qət edir. Yəni, bizim yaşadığımız gerçəklik eynilə paralel dünyada da mövcuddur. – deyib, zəndlə Eminin gözlərinə baxdı.
– Sənə inanıram.
– Bilirsən, mən bu dünyada olarkən paralel dünyaya keçməyə çalışıram. Bu iki dünya arasında təmas yarananda birindən o birinə adlamaq olur.
Araya sükut çökdü. Dostlar hələ bir qədər skamyada oturub, yemə toplaşan göyərçinlərə tamaşa etdilər.
Səhər obaşdan Emin qapının ağzını kəsdirdi. Təyyar vaxt itirmədən bel çantasını götürüb evdən çıxdı. O, ürəyinə gələnləri dostundan gizlətmədi:
– Hiss edirəm ki, bu dəfə paralel dünyaya keçə biləcəm.
– Mənə də elə gəlir…
Dağın yamacında maşını saxlayıb yoxuşla təzəcə qalxmağa başlamışdılar ki, göyün üzündə süzən nəhəng bir qartal başlarının üstünü kəsdirdi. Ancaq dostların başı söhbətə qarışmışdı.
– Görəsən, xəzinəni orada gizlətmək kimin ağlına gəlib? – Emin soruşdu.
Təyyar böyük bir sirr açırmış kimi pıçıltıyla dilləndi:
– Xəzinə Qacarlar dövründən qalıb. Düşmən əlinə keçməsin deyə, mağarada gizlədiblər.
– Yaxşı, bəs sən o yeri necə tapacaqsan?
– Mağaranın girişində, hər iki tərəfdə iri qaya parçası qoyulub. Ora yaxınlaşanda görəcəksən.
Qarşıda sıldırımlı qaya yolu kəsdiyindən dostlar onu yan tərəfdən keçməli oldular. Yandırıcı günəş başlarına döysə də dostlar dayanmadan qan-tər içində dikdiri dırmaşırdılar. O qədər hündürə qalxmışdılar ki, başları gicəllənirdi.
Bu yerlərdə otlar susuzluqdan saralıb solmuş, tək-tük görünən ağaclarda isə quşlar yuva qurmuşdu. Dönüb arxaya baxdılar, gözlərinin qarşısında gözəl bir mənzərə açılmışdı. Bir-birindən aralı, nizamsız tikilmiş kənd evləri, gül kələminə bənzəyən hamar meşələr, onlardan da o yana alçaq dağlar… Bayaqdan başlarının üstündə dövrə vuran qartal qəflətən qıyya çəkib onların üstünə şığıdı. Dostlar yırtıcı quşun caynağına keçməsinlər deyə, hərəsi bir tərəfə çəkildi.
– Mən onu görürəm, ora bax! – Təyyar əliylə dostuna mağaranın girişini göstərdi.
– Mən də gördüm. Gəl, tez... – Emin onun yaxasından yapışıb özünə tərəf çəkdi.
Bu zaman qartal qırıcı təyyarətək yenidən onlara tərəf şığıdı, bir göz qırpımında Təyyarı caynağına alıb, havaya qaldırdı. Qartalla əlbəcaynaq olan Təyyar quşun boğazından yapışdı. Vəziyyətin dəyişdiyini görən yırtıcı şikarını caynağından buraxdı, ancaq Təyyar tutduğu yerdən bərk yapışmışdı. Və ikisi də göydə vurulan təyyarə kimi “tüstüləyə-tüstüləyə” yaxınlıqdakı sal qayanın üstünə çırpıldılar. Emin bir mağaraya baxdı, bir də yerdə zarıyan dostuna… Cəld dağı enməyə başladı. Təyyar ağrıdan canını dişinə tutaraq qıvrılmışdı. Emin dostunu çiyninə aldı və asta-asta dağı enməyə başladı. Təyyarı maşının arxa oturacağına uzadıb vaxt itirmədən rayon xəstəxanasına çatdırdı.
Təyyar dörd qabırğasını sındırmışdı. Həkim ilk yardım kimi ona ağrıkəsici iynə vurub palataya yerləşdirdi. Sonra Eminə xəbərdarlıq etdi:
– Dostun hələ bir neçə gün burda qalmalı olacaq.
Emin bütün gecəni Təyyarın çarpayısından aralanmadı. Gecənin səssizliyində Təyyar üz-gözü sarıqlı halda baş verənləri zarıya-zarıya Eminlə müzakirə edirdi:
– Mən ba-şa düş-düm. Ay-y-y… – Təyyar ağrıdan qırıq-qırıq danışırdı – Hər şeyi indi başa düşdüm. Paralel dünya ilə yaşadığımız gerçəklik arasında bir sədd mövcuddur. Mən onu neçə dəfə aşmağa çalışdım, arzularımın arxasınca düşdüm. İndi özümü sanki iki dünya arasında asılmış kimi hiss edirəm…
Təyyar o səddi aşa bilməsə də əmin idi ki, yuxularında arzuladığı yerə səyahət edib. İnanırdı ki, paralel dünyada ayağını ulduza basıb, Xəzərin dibindəki hərbi bazada olub, mağarada xəzinə tapıb. İnanırdı ki, röyalarında yenə ora qayıdacaq. O, buna inanırdı…
MƏMMƏD MƏMMƏDLİ
“ULDUZ” jurnalı – mart 2022
- Details
- Written by: Məmməd Məmmədli
- Category: hekayələr
- Hits: 2
Sonu görünməyən, qaranlıq bir tunellə gedirdim. Tək deyildim, amma canımda qorxu vardı. Mənimlə bərabər bir dəstə adam iti addımlarla tunelin sonuna çatmaq istəyirdi. Hara getdiyimizi, başımıza nələr gələcəyini bilmirdik. Sadəcə bizi bura gətirən əcaib məxluqlar dedilər ki, sona qədər getməliyik. Başqa çarəmiz yox idi, yalnız bir istiqamət vardı, o da irəli. Bizim bu zülmətin içinə buraxanlara qarşı müqavimət göstərməyə gücümüz də yox idi. Bir də başqa hara gedə bilərdik ki…
Yan-yörəmdəkilər adam cildində olsalar da dəriləri şəffaf idi. Sümükləri görsənirdi. Uzun saçları vardı. Amma rənglərini seçə bilmədim. Onları elə bil rentgen şüalarında görürdüm. Tələsirdilər… Heç kim bir kəlmə də kəsmirdi. Hiss edirdim ki, onlar da mənim kimi qorxur. Nə deyim, heç kimin cınqırı belə çıxmırdı. Tam səssizlik…
Paralel olaraq gözümün önündən bütün həyatım keçirdi. Kəndimizi görürdüm. Mələk cildində evimizin başına dolanırdım. İri qanadlarım vardı. Hamını görürdüm, amma mənə fikir verən yox idi. Uçmaq necə də gözəl bir hissdir! Mənə elə gəldi ki, tuneldəkilər də öz doğmalarını mənim kimi görürdü.
Xeyli yol getdik. Nəhayət, tunelin sonu göründü. Ordan işıq gəlirdi. Sakit, ağappaq zərrəciklərilə sanki bizim şəffaf dərimizi oxşayırdı. Sürətimizi artırdıq. Yaxınlaşdıqca işıq get-gedə gurlaşır, böyüyürdü. Axırda o qədər gücləndi ki, gözlərimizi qamaşdırdı. Bir qədər sonra işığa alışdıq. Buna baxmayaraq tuneldən çıxmağa can atırdıq. Qarşıda çoxlu adam gördük. Onlar da bizim kimi bu zülmətdən qurtulmaq istəyirdi. Sonra sıxlıq yarandı. Adam əlindən tərpənmək mümkün deyildi.
Kimsə gur səslə bizim sıraya düzlənməyimizi əmr etdi. Həmin o kimsə elə nərildədi ki, qorxumuzdan bir-birimizin arxasına keçdik və növbəmizi gözləməyə başladıq. Nə başınızı ağrıdım, çox gözlədik… Həmin o məxluqat əlində tutduğu uzun siyahıdan bir-bir adları oxuyurdu. Saçları uzun, boyu da bizdən hündür idi. Mən onu adama oxşatmadım. Kim olduğunu da bilmirdim. Amma növbə mənə çatanda başa düşdüm. O, adları çəkdikcə sıradakılar “mən” deyib bir addım qabağa çıxır, sonra da işıq gələn tərəfə qaçırdılar. Cəhənnəmə düşmək istəmirdim. Bu sözü eşitmək qorxusu ayaqlarımı əsdirirdi. “Hüseynli Həsən” deyəndə dilim ağzımda dolaşdı. Çaşqınlıq içində dedim ki, mən Həsənəm, amma Hüseynli deyiləm. Mən Həsənli Həsənəm. O, bir qədər mənə baxdı, sonra nəzərlərini siyahıda gəzdirdi və dedi ki, “hə… düzdü… Sən qayıt geriyə, amma çalış ki, vaxtında çatasan!”
Gəldiyim yolu dəli kimi qaçmağa başladım. Adamların arasından keçib əvvələ qayıdırdım. Təngnəfəs olmuşdum. Hiss edirdim ki, yan-yörəmdəkilər mənə həsədlə baxırlar. Amma mən onlara fikir vermirdim. Məqsədim gecikməmək idi.
Birdən hardansa qabağıma bir it çıxdı. Mən qaçdıqca o da mənə qoşulub ayağıma dolaşırdı. Gah qabağa keçir, gah da arxadan məni çağırırdı. Ayağımla ona bir təpik ilişdirəndə heyvan dil açıb: “mənəm e, Akif, noolar, vurma”, – deyib, yazıq-yazıq zingildədi. Adını eşidəndə iti tanıdım. Keçən il kanalda boğulan Akif idi. Amma Ərafda nə gəzirdi, niyə it cildindəydi, bilmirdim. “Səni bu kökə kim salıb?” soruşanda mənə tutarlı bir cavab verdi. Dedi, filankəslərə pul borclu olduğum üçün məni itə çeviriblər. Dönə-dönə yalvardı ki, qardaşları onun adam cildinə qayıtmağını istəyirlərsə gərək borcunu qaytarsınlar, çünki ərafda it ən alçaq heyvan sayılır.
Nə başınızı ağrıdım, axır gəldiyim yerə çatdım. Qabağıma üç təpəgöz çıxdı. Torpaq rəngində idilər. Ucaboy, bizim kimi iki əlləri, iki ayaqları vardı. Mənimlə türkcə danışırdılar. Kim olduqlarını onlardan soranda, “size nereden geldiğimizi söylersek, bir şey anlıyacak mısın?” deyə cavab verdilər. Belə başa düşdüm ki, bu yadplanetlilər kainatın uzaq bölgələrindən gəliblər. Amma mənimlə şüuraltı formada ünsiyyətə girirdilər. Ağızları tərpənmədiyindən belə qənaətə gəlmişdim. Üçü də eyni anda cavab verirdi. Dediklərinə görə bu, toplu düşüncə tərzidir. Bir beyin olaraq düşünürdülər. Bunu anlamağa çalışanda az qala adamın gözü kəlləsinə çıxır! Beynim qarışdı bir az… Soruşdum, bəs mən evə necə qayıdım? Vaxtında çata bilməsəm məni torpağa tapşıracaqlar. “Endişelenme, eve zamanında varacaksın”, dedilər. Bir də onu dedilər ki, dünyalar arasında mübadilə aparırlar. Amma hansı mübadilədən bəhs etdiklərini ta onlardan soruşmadım. Hiss edirdim ki, yavaş-yavaş havalanıram…
* * *
Hava işıqlanar-işıqlanmaz Kosalı kəndinin camaatı artıq yuxudan oyanmışdı. Bir azdan kəndə çaxnaşma düşəcəkdi, amma gəlin hadisələri qabaqlamayaq. Deməli, günəş öz zərrin şəfəqlərini asta-asta evlərin, ağacların, tozlu-torpaqlı yolların üzərinə çiləyirdi. Kimisi mal-qaranı örüşə çıxarmağa hazırlaşır, kimisi də toyuq-cücəyə dən səpirdi. Səhərin bu çağında Matı vay-şivən salıb kəndi ayağına almışdı:
– Evim yıxıldı, ay camaat! Evim yıxıldı…
Matının qabağınca qaçan it onun həşirini duyurmuş kimi hürə-hürə yatanları şirin yuxudan eləyirdi. Çox keçmədi kəndin o biri itləri də ağız-ağıza verib hürüşməyə başladılar. Gəlinin səsini eşidən Əntiqə nənə təzəcə yandırdığı siqaretini yerə atıb tələm-tələsik ayağındakı qaloşla üstündən basdı. Çəpərdən boylanıb nə baş verdiyini öyrənmək istədi:
– Matı nolub, səhər tezdən niyə haray qoparmısan?
– Ta noolasıdı. Həsən keçindi… – deyib, dizlərinə döydü.
– Boy, başıma xeyir! Nejə yanı keçindi? – deyib qonşusunun çəpərinə tərəf boylandı. – Eliş ay Eliş!
Traktorunu təzəcə xoddayan Eliş bu xəbəri eşidən kimi çəpərin o tayında yaşayan qardaşının həyətinə addadı. Obaşdan durmağa adət etmiş Mamed müəllim çiynində pencək, səhərin təmiz havasında ağacların arasında gəzişirdi. Eliş qardaşına yetişən təki Həsənin qara xəbərini ona çatdırdı… Mamed müəllim kəndin ağsaqqalı sayılırdı. Qonşu kənddə məktəb direktoru işləyirdi. El-obada böyük hörmət-izzət sahibi idi. Kişi bu acı xəbəri eşidən kimi Elişə bəzi tapşırıqlar verdi. Dedi ki, bir azdan kənd camaatı Həsənin qapısına axışacaq. Odur ki, mağar qurub, yasa tədarük görmək lazımdı. Sonra iki kök erkəyi qabağına qatıb evin böyründəki ərik ağacına bağladı. Qardaşına heyvanları Həsənin qapısına sürməyi tapşırıb, məzar qazdırmaqdan ötrü qəbiristanlığa sarı yollandı…
Həsənli Həsən üçün kəndin qırağındakı məzarlıqda qəbir qazıldı, qapıda üzüm çardağının altında mağar quruldu. Kəndin arvadları iki-bir, üç-bir gəlib Matının başına yığışırdılar. İki kötəlli arvad da halva tədarükünə başladı. Bir azdan kişilər də həyətə girib bir tərəfdə yığnaq oldular. Amma ki, mağara keçməyə tələsmirdilər, ağsaqqalı gözləyirdilər. Mamed müəllim ayağını doqqazdan içəri basan kimi, rəhmətliyin oğlu balaca Mişkaya yaxınlaşdı. Səhərin gözü açılmamış anasının səsinə oyanan uşaq əynini geyinib həyətə düşmüşdü. Balaca da olsa atasının öldüyünü başa düşürdü. Boynunu büküb, yazıq-yazıq babasına sığınmışdı. Baba əyilib nəvəsinin nəmli yanağından öpdü, özünə sarı çəkib, başını sığalladı. Qucağına alıb bağrına basdı. Gözləri dolmuş babanın dodaqları əsirdi, öz-özünə deyirmiş təki astadan dilləndi: “Ə, Həsən, sənin ölən vaxtınıydı, bu tifili kimin umuduna qoydun… əjələ bax e…” Sonra da uşağı ehmalca yerə qoyub, “get nənəən yanına, durma burda”, – deyib ağır addımlarla oğulları Asiflə Vaqifin başına yığışmış kişilərin arasına keçdi. Bu arada kəndin mollası da özünü çatdırdı və tezcə Mamed müəllimə yaxınlaşıb başsağlığı verdi. Qabaqda molla, arxasınca da Mamed müəllim və kişilər mağara keçdilər.
Məclis əhli halvadan dadır, çaydan içə-içə mollanın söhbətlərinə qulaq asırdılar. Molla bu dünyanın faniliyindən, axirət barədə eşidib bildiyi hadisələrdən, hədislərdən danışır, məclisi qaydasında idarə edirdi. Arada kişilər rəhmətliyin qəfil ölümünə heyfsilənir, ağız-ağıza verib dünyanın etibarsızlığını dilə gətirirdilər.
– Nər kimi oğul idi, – oturanlardan biri dedi.
– Ailəsi başsız qaldı, – başqa birisi dedi.
– Rəhmətlik Akif də cavan getdi. Nə qədər dedik kanalda çimmə, boğularsan, sözümüzə baxmadı. – Vaqif qardaşını belə xatırladı.
– Bəs Həsənin şəklini niyə mağardan asmamısız? – Mamed müəllim qəfildən xəbər aldı.
Gəlinin yaşca böyük qaynı əlindəki armudu stəkanı ehmalca nəlbəkiyə qoydu:
– Həsən şəkil çəkdirməyi sevmirdi. Ona nə qədər deyirdik, adamın ən azından bir-iki şəkli olar, o da hər dəfə yaxşı kostyumda çəkdirmək istədiyini bəhanə gətirirdi.
Mamed müəllim kəllə qəndi çayda isladaraq ağzına qoyub, stəkanı əlinə aldı:
– Bəs başdaşının üstündə kimin şəkli olajax, bala?
– Narahat olma, Mamed müəllim, indi bir adam tapıb, Həsənin şəklini çəkdirərik, – kiçik qayın hazırcavablıq elədi.
– Ləyaxlı danış, bala. Ölən adam haqqında belə deməzlər. Həsən mərfətdi kişiydi. Hansısa bir işdən ötrü heç kimə ağız açmazdı. Ailəsini də yaxşı dolandırırdı. – Çaydan bir qurtum alıb, – hə, bir dəfə məndən kitab istəmişdi. Oxumağı sevirdi. Mişkanı savadlı görmək istiyirdi. Deyirdi böyüyəndə universitetə qoyajam. Heyf, əjəl mafar vermədi. Allah rəhmət eləsin…
– Düz deyirsən Mamed müəllim. Oxumaq yaxşı şeydi, – böyük qayın dedi.
– Həsənə qırxınacan baş daşı düzəltmək lazımdı, – Mamed müəllim sözünə davam etdi. – Şəkil olmasa da olar, – deyib, mağardan çıxdı və cibindən çıxartdığı onluq paçkasını Matıya verdi. İstəmirdi ki, qızının ailəsi maddi çətinlik yaşasın.
Meyiti evin arxasında yudular. Molla cənazə namazını oxuyandan sonra üzünü ətrafındakılara tutub, “mərhumun əziyyətini çəkənlər gəlib halallıq versinlər” deyəndə, Matı dizi üstə çöküb tabutun üstünə əyildi: “Bu illərdə saa nətəər baxmışam hamısı halalın olsun”, deyib başına, sinəsinə döydü. Arxadan bacıları qoluna girib onu güclə tabutdan araladılar.
Elişin traktoru doqqazın ağzında idi. Vaqif, Asif və mərhumun iki qaynı cənazəni həyətdən çıxarıb lafetə qoydular. Kişilərdən bir neçəsi lafetə minən kimi Eliş kabinəyə keçdi. O, traktoru kəndin tozlu yolları ilə yavaş-yavaş sürüb qəbiristanlığa istiqamət aldı. Mamed müəllim, molla və bir dəstə adam traktorun arxasınca buraxdığı tozanaqdan uda-uda rəhmətliyi son mənzilə yola saldılar. Onlarla bərabər kəndin itləri də Həsənli Həsənlə vidalaşırmış kimi hürə-hürə traktorun böyrünə düşdülər.
Eliş kişi traktorunu qəbiristanlığın ağzında saxlayan kimi kişilər tez lafetdən atılıb cənazəni köməkli düşürdülər. Hərəsi mafənin bir tərəfindən yapışıb onu yenicə qazılmış qəbrin yanına qoydular. Molla bir yanda dayanıb Yasin surəsini oxumağa başladı. Hamının baxışı yerə dikilmişdi. Dözülməz bir isti vardı. Çəyirtkələrin cırıltısı yerdə qaynayan su kimi havaya buxarlanırdı. Salavat çevirəndən sonra cəsədi qəbirə qoydular. Elə üstünə təzəcə bir-iki “lopatka” torpaq tökmüşdülər ki, Vaqif qışqırdı:
– Tərpənir!
Onun sözünə fikir verməyən camaatın baxışları boşluqda dolaşırdı ki, Vaqif yenidən qışqırdı:
– Tərpənir e! Meyit tərpənir! – deyib özünü qəbirə ataraq dartıb baş tərəfdən kəfəni cırmağa çalışdı.
Həsəni qəbirdən çıxarıb üzünü şapalaqladılar. Həsən ayıldı. Kişilər hərəsi bir yandan kəfəni cırıb, əl-qolunu açdılar. Həyəcanlı dəqiqələr idi. Xortdamış gözlərini açıb başının üstündə kölgə kimi görünən adamlara baxdı. Atasının dirildiyini görən Mişka “dədə” deyib qışqırdı, boynuna sarıldı. Üz-gözündən öpdü, ağladı…
– Qaç kəndə Matını çağır, cəld ol! – Vaqif hıçqırığını boğa bilməyən Mişkanın qolundan yapışdı.
Mişka sevincək ayağındakı rezin şəp-şəpləri əlinə alıb üzüaşağı, kəndə sarı götürüldü.
– Ona bir qurtum içməyə su verin, – Mamed müəllim sözünə ara verib, – sənin rəngin niyə yaşıllaşıb, bala? – deyib xəbər aldı.
Həsən suyu başına çəkəndən sonra lüt bədənini gizlətmək üçün kəfəni üstünə çəkdi. Canı titrəyirdi, təlaşın, həyəcanın içindəydi. Bir neçə dəqiqədən sonra özünə gəldi və başına gələnləri nağıl etdi:
– Ərafdaydım. Sonu görünməyən, qaranlıq bir tunellə gedirdim… İnanmazsınız, hamınızı görürdüm. Cənazəmin altına kimlər girdi, məni qəbiristanlığa kimlər gətirdi…
Başına toplaşanlar həyəcanla ona qulaq asırdı. Həyatlarında belə bir şey eşitməmişdilər. Söhbət Akifdən düşəndə Mamed müəllim qəzəblə dedi:
– Vaqif, Asif, eşidirsiz, tez qardaşınızın borcunu qaytarın!
– Bəs sonra nə oldu? – Vaqif dözməyib xəbər aldı.
Həsən sözünə davam etdi. Təpəgözlərdən danışdı… Onun arada türk sözləri işlətməsi eşidənlərə qəribə gəlirdi. Axı o, heç zaman türkcə danışmamışdı. Başına gələnləri nəql edəndən sonra Vaqif yenidən soruşdu:
– Sonra nə oldu?
– Qarşımızda qapqara bir kosmik aparat endi. Ona baxanda adamı lap vahimə basırdı. Həmin o təpəgözlər məni gəmiyə mindirib, yaşıl mayenin içinə atdılar. Bütün yolu çabalaya-çabalaya gətirdilər. Yadımda qalan elə bunlar oldu…
Araya sükut çökdü. Mamed müəllim kürəkənə ürək-dirək verirmiş kimi əlini çiyninə qoydu:
– Keçmiş olsun, bala…
Bir də gördülər budu, Matı dizinə-başına döyə-döyə, arxasınca kəndin arvadları, onlardan da arxada kəndin itləri tozanağın içində qəbiristanlığa çataçatdılar. Onlardan bir az arxada asta yerişlə Əntiqə nənə gəlirdi. Özlərini çatdıran arvadlar kişilərdən həyalanıb bir tərəfə çəkilərək matı-qutu qurumuş təki Həsənə baxırdılar.
– Başına dönüm, ay Həsən, – Matı ərini qucaqlayıb yaşıllaşmış yanağından öpdü.
Əntiqə nənə irəli yeriyib qoltuğunda gətirdiyi şalvar-köynəyi üstünə atdı:
– Əynini geyin ə, yekə kişisən. Bu nə oyundu başımıza açırsan, – əyilib onu öpmək istəyəndə diksinəntəhər oldu. – Bala, səndən niyə it iyi gəlir? Gedək evə Matı səni çimizdirsin.
Bir də gördülər Mişka haray-həşirlə qəbiristanlığa tərəf qaçır. Uşağın “Həsən öldü”, xəbəri hələ özlərinə qayıtmayan adamlara daha bir şok yaşatdı. Yaxındakı qəbrin arxasına keçən Əntiqə nənə yandırdığı siqareti göyərmiş dodaqlarının arasına təzəcə almışdı ki, tezcənə yerə atıb Mişkanın qabağına çıxdı:
– Boy, hansı Həsən a bala? Dədəni deyirsən?
– Yox ay nənə kəndin ayağındakı Həsəni deyirəm, Totuşun dədəsini. İndicə rəhmətə getdi, – deyib güldü.
Sən demə Əzrail kəndin qırağında yaşayan Hüseynli Həsənlə bu biri Həsəni səhv salıb özü ilə Ərafın dərin qatlarına aparmışdı. Əslində əcəli çatan elə o, idi, Hüseynli Həsən…
– Heç nə olmaz, artıq qəbrimiz də var, qəbir daşımız da. Nə fərqi var baş daşın üstündə kimin adı yazılıb, – kiçik qayın zarafatından burda da qalmadı.
İndi bütün kənd Hüseynli Həsənin evinə axışdı. Kəndin əyrim-üyrüm yollarında bir basabas düşdü ki, gəl görəsən. Axşamın çökməsinə hələ vardı. Bu qovhaqovda yekə bir it Həsənin ayağına dolaşır, onu yeriməyə qoymurdu. Həsən ayağıyla itə bir təpik ilişdirib “rədd ol burdan!” deyəndən sonra it bir daha ona yaxınlaşmadı. Çünki itlər artıq kosalıların gözündən birdəfəlik düşmüşdü. Bu hadisədən sonra kənddə onları günahlarına görə it cildində yaradan Allahın ən sevmədiyi heyvan hesab edirdilər.
Məmməd Məmmədli
“ULDUZ” jurnalı – iyul 2022
- Details
- Written by: Məmməd Məmmədli
- Category: hekayələr
- Hits: 1
Həyəcanla videonun başlanmasını gözləyirdim. Bilirdim ki, əməliyyata hazırlıq gedir. Gözüm tez-tez qolumdakı SEİKO saatında idi. Dörd dəqiqədən sonra kameranı yandırdılar. Əməliyyat otağında həkimi, beş nəfər köməkçisini və ağrıdan əziyyət çəkən yoldaşımı gördüm. Qadınların necə bir ilahi varlıq olduğunu həmin gün anladım.
* * *
Divanda uzanıb televizora baxırdım ki, yoldaşım otağa girdi:
– Aşkito, ürəyim sıxılır, elə bil havam çatmır.
– Onda gedək oppalara. Havaya çıxan kimi əhvalın yüksələcək.
– Kofe?
– Hə, gedək bulvarda kofe içək. Həm də dəniz havası udaq. İndiki halında gəzmək sənə hava-su kimi lazımdı.
Ömüşümün əhvalı pozulanda həmişə ona meşə fındıqlı kofe alıram. Özümə də birini götürürəm, amma yanında mütləq siqaret olmalıdır. Amma tüstü yoldaşıma pis təsir edir. Əlimi alışqana atan kimi o, məndən aralanır. O qədər kənara çəkilir ki, qıraqdan baxan bizim bir yerdə olmadığımızı düşünür.
Həmin gün hava şaxtalı olmasa da külək belimi xəncər kimi kəsirdi. Ancaq hərəkət etdikcə bir tərəfdən qızınırdıq. Dəniz vağzalından gəzə-gəzə, sahilboyu “Dəniz Mall”a doğru getdik. Mən aradabir dayanıb fotokamera ilə xəzrinin üzünə duran zeytun və şam ağaclarını çəkirdim. Küləyin qəzəbinə gələn zeytun ağacları şəkildə saçyolan qadınları xatırladırdı.
– Aşkito, soyuqdu, sonra çəkərsən – yoldaşım arxasını küləyə çevirib kapüşonun altından məni səslədi.
Sürətimizi artırdıq və bulvarın adamsız xiyabanları ilə gəzə-gəzə Xalça Muzeyindən sola burulduq. “Dəniz Mall”a daxil olanda bayırdakı soyuq yanvar ayını tamamilə unutduq, canımız qızındı həm də içəridə təşkil olunan konsert proqramını izlədik. Sonra geyim dükanlarını gəzə-gəzə birinci mərtəbədəki kafedən yoldaşımın çox sevdiyi meşə fındıqlı qəhvə sifariş verdik. Ofisiant əlində kağız stəkana süzülmüş iki ətirli qəhvəni gətirən kimi yoldaşımın dodağı qaçdı.
– Ömüş, soyuqda kofe içməyin ayrı ləzzəti var ha, – dedim.
O, da gülümsəyərək gözlərimə baxdı:
– Mən bilirəm sən nəyə görə onu bayırda içmək istəyirsən...
Dəniz tərəfdəki çıxışdan keçib yenidən yanvar ayına düşdük. Bir cüt göyərçin əlimizdə yem olduğunu zənn edib yanımıza qondu. Yoldaşım çevrilib onlara baxdı:
– Göyərçinləri heç sevmirəm, – deyəndə təəccübləndim.
– Nə üçün? – deyib, əlimi alışqana atdım.
– Yaraşıqlı deyil, görünüşü pisdi, həm də çoxdular.
Bu zaman bir qağayı başımızın üstündə dövrə vurub üzü dənizə tərəf süzdü. Onun incə manevr etdiyini gözü alan yoldaşım nazla başını quşun getdiyi səmtə çevirdi.
Amma qağayı... səviyyədir, görürsən necə incə quşdur?
– Bəs sən onun ayaqlarına fikir vermisən?
– Yox, necədir ki?! – təəccüblə məndən soruşdu.
– Ördək kimi ayaqları var, – deyib, siqareti yandırdım.
Dalğaların sahilə çırpıldığı yerdə qağayılar qayaların üstündə qanadlarını açıb, lələklərini küləkdə qurudurdular. Bir neçəsi başımızın üstə dövrə vurur, sürahiyə, skamyalara qonub, qışqırışa-qışqırışa adamlardan yem istəyirdilər. Bizi görən kimi yan-yörəmizə yığışdılar.
– Gəl sənin qağayılarla şəklini çəkim, – deyib, yoldaşımı fotokameramda kadra aldım.
Bir-iki foto çəkmişdim ki, ömüşüm əlləri ilə qarnını tutub həyəcanla mənə baxdı. Üzündəki ağrılı ifadədən narahat olsam da ürəyimə ip-isti sevinc doldu. Hava qaralmamış taksiyə minib evə qayıtdıq. Pilləkənləri qalxanda yoldaşımın yenidən sancısı tutdu. Birtəhər mənzilə çatdıq, divanda əyləşib, vaxtı gözlədik. Gözüm saatda idi...
Yaşyarım olanda anamın mənə südlü manna sıyığı yedirtməsi yadıma düşdü. Eyvanda balaca “zayçik” taburetdə otuzdurub, özü də qapının arasında çöməlmiş halda, qaşıqla götürdüyü sıyığı üfürə-üfürə quş balasını yedirdən təki ağzıma qoyardı. O vaxtdan sevirəm bu yeməyi. Yəqin mannaya görə bu epizod hələ də xatirəmdən silinməyib.
Yoldaşımın ağrıdan zarıldaması məni uşaqlıq xatirələrimdən ayırdı. Hiss etdim ki, vaxtdır. Ömüşüm bir anlıq ağrısını udaraq həyəcanqarışıq təbəssümlə üzümə baxdı:
– Aşkito, məni doğum evinə apar... deyəsən, bəbiş gəlir...
Cəld paltomu geyinib həyətə düşdüm. Binanın qarşısında dayanan taksilərdən birini blokun qarşısına çəkməyi xahiş etdim. Çox həyəcanlı idim. Necə də olmayım, axı ilk övladım dünyaya gəlirdi. Allahdan qızımın sağ-salamat dünyaya gəlməsini istəyirdim. Pilləkənləri qaça-qaça mənzilə qalxdım. Ömüşüm paltosunu geyinib, dəhlizdəki oturacaqda məni gözləyirdi.
Qapını arxamızca bağladıq. Qolundan tutub mərtəbələri asta-asta endik.
Maşın doğum evinə yol aldı. Bizi qarşılayan tibb bacısı həkimə zəng vurub ömüşümü doğum otağına aparanda mən ödəniş etmək üçün kassaya yaxınlaşdım. Qolumdakı SEİKO saatına baxdım, 18:30-u göstərirdi. On dəqiqədən sonra həkim gəldi. Gözləri axırdı. Elə bil bütün sutkanı oyaq qalmışdı. Yaxınlaşıb yoldaşımın adını və soyadını çəkdim. “Həkim, bəbişimə kömək edin gəlsin” – deyəndə sönük bir təbəssümlə üzümə baxdı və bir söz demədən əməliyyat otağına qalxdı.
Doğuşu monitordan canlı izləmək üçün məni birinci mərtəbədəki xüsusi otağa dəvət etdilər. Həyəcanla videonun başlanmasını gözləyirdim. Bilirdim ki, doğuşa hazırlıq gedir. Gözüm tez-tez qolumdakı SEİKO saatında idi. Dörd dəqiqədən sonra kameranı yandırdılar. Əməliyyat otağında gözlərindən yuxu tökülən həkimi, beş nəfər köməkçisini və ağrıdan əziyyət çəkən ömüşümü gördüm. Qadınların necə bir ilahi varlıq olduğunu həmin gün, yanvarın 15-də anladım.
Nədənsə videonun səsini almışdılar. Bir gözüm həkimdə, o biri gözüm yoldaşımda qalmışdı. Onların hər bir hərəkəti mənimçün bir möcüzə idi. Elə bil səssiz kino izləyirdim. Bir anda gözlərimin önündən XIX əsrin sonlarında Lümyer qardaşlarının nümayiş etdirdiyi “Qatarın La-Syotaya gəlişi” lenti ötdü keçdi. Mən də o dövrün insanları kimi qorxuyabənzər həyəcan hissi keçirirdim. “Aha, deyəsən, bəbiş gəlir. İndi ata olacam!” – işıq sürətilə düşündüm. Bəbişin başı görünəndə sevinməyə macal tapmamış yerimdə donub qaldım – həkim huşunu itirib, yerə yıxılmışdı. Bu zaman ekran ağardı, elə bil içərini duman basdı. “Nə baş verir orda?” – özümdən ixtiyarsız qışqırdım…
Görüntü yavaş-yavaş bərpa olunanda əməliyyatxanadakıların qorxu içində dağılışdığını gördüm. Ağappaq işıq zərbəsi çaxnaşma yaratmışdı. Yuxarı mərtəbədəkilər klinikanı tərk etməyə başlayanda təşviş dalğası mənə çatdı. Dəli kimi yuxarı götürüldüm.
Dəhlizdə bəbişin çığırtısı binanı tərk etməyə tələsən adamların səsinə qarışmışdı. İçəri girdim. Həkim yerdə sərili vəziyyətdə sönmüşdü. İşıqlı dünyada gözünü açmağa qorxan qızımı qollarını özünə sıxıb çığıran yerdə görəndə ürəyim bir az rahatlaşdı. Möcüzə! Qızım həkimin köməyi olmadan, özü gəlmişdi dünyaya. Sevincimdən yoldaşımı səslədim:
– Ömüş!
Yoldaşım cavabında:
– Aşkito, uşaq necədi? – deyib, zəif və narahat səslə xəbər aldı.
– Yaxşıdı, ömüş... – diqqətlə uşağa baxıb – amma bir az qəribə görsənir – dedim.
– Bəbişi mənə göstər!
Uşağı əlimə alıb, göbəyini kəsmək üçün yan masada gözümlə kəsici bir alət axtardım. Qızımı əlimdən yerə qoymadan o biri əlimlə həkim qayçısını götürdüm. Göbəyini kəsib, yanağından öpdüm.
– Bu, bizim bəbişdi? Gözləri çox iridi, yupyumrudu, həm də bir-birindən çox aralıdı. Normal deyil, elə bil…
– Ver mənə, qızımı görmək istəyirəm.
Uşağı qucağına qoyanda yoldaşım onu əlinə alıb bağrına basdı. Uşaq anasını tanıyırmış kimi səsini kəsdi.
– Əlbəttə bizim bəbişdi, Günəşim mənim!
– Ömüş, klinikadakılar gediblər. Burda bizdən başqa heç kəs qalmayıb, – dedim.
Günəşi mələfə ilə bələdim, sonra da paltomu əynimdən çıxarıb onu arasına qoydum, yaxşıca bükdüm ki, soyuq dəyməsin. Yoldaşım qolumdan tutdu və biz asta-asta pilləkəni endik.
Bayıra çıxanda artıq gecə idi. Səhərdən əsən dəli külək binaların arasında qıvrılıb ərimişdi. Soyuqdan donan yoldaşım özünü mənə sıxdı:
– Aşkito, evimizə üçlükdə qayıdırıq...
Başımı yuxarı qaldıranda gözlərim qamaşdı. Havada fırlanan yadplanetli kosmik gəmi üzümüzə şəfəq saçırdı. Soyuq yanvar ayında qəlbimi isidən bu işıq lopası həyatımı büsbütün dəyişdi. Çünki o, bizə Günəşi hədiyyə etmişdi.
Məmməd Məmmədli
Yanvar, 2023
- Details
- Written by: Məmməd Məmmədli
- Category: hekayələr
- Hits: 13
Əlində araq şüşəsi sahil boyu hara getdiyinin fərqində deyildi. Ayaqları dənizin qumuna dolaşır, bədəni dalğaların xışıltısında boşluğa yuvarlanırdı. Ölmək, torpağa qarışıb yox olmaq, lap elə cəhənnəmə getmək Aslan üçün ən yaxşı son olardı, əgər o, naməlum məxluqlarla üzləşməsəydi...
Gecəni məst edən ay işığında dayanıb Xəzərə tamaşa edirdi. Gözləri ağaran dalğalara qoşulub rəqs edir, arabir səmanın dənizlə birləşib itdiyi boşluğa zillənirdi. Birdən ona elə gəldi ki, suyun üzü alışıb yanır. Həmən sərsəmlədiyini sandı, bu ola bilməzdi. Zəhrimarı bu dəfə qədərindən artıq içib. O qədər içib ki, dəniz gözünün qabağında alışıb yanır. Başını silkələdi, gözlərini yumub açdı. Yox! Bu, qarabasma deyildi! Dəniz qaynayıb coşduqca içindən bir “Günəş” çıxırdı.
Günəşə bənzər naməlum obyekti görəndə sinirləri tab gətirmədi. Vahimə onu basdı, dizləri boşaldı və əlində bərk-bərk tutduğu araq şüşəsini yerə atıb qaçmağa başladı. Bəlkə mən yuxu görürəm? Ola bilməz... bu, mənim gözümə göründü! Bəs bu işıq topası hardandı?
Uzağa qaça bilmədi, arxadan elə bil onu maqnit kimi tutub saxladılar, taqətdən saldılar və o, çarəsiz-çarəsiz yerə çökdü.
– Getmə, dayan! Biz sənə zərər vermərik. – kimsə onun beyin hüceyrələrini tərpətdi.
Hipnoz olunmuş kimi yerindən qalxıb dənizə üz tutdu. Suya girəndə dərinliyi hiss etmədi. Ona elə gəldi yelkənli qayıq təki suyun üstü ilə şütüyür. Günəşə yaxınlaşdıqca cazibə qüvvəsi daha da artdı və o, huşunu itirib qırmızı kürənin içinə sovruldu.
– Siz kimsiniz, hardan gəlmisiniz? – Dərin yuxudan ayılırmış kimi dedi.
Qarşısında qaraltı kimi dolaşan əcaib məxluqlardan biri insan kimi danışdı:
– Biz sənə hardan gəldiyimizi söyləsək, bir şey anlayacaqsanmı?
– Məndən nə istəyirsiniz? – dili ağzında dolaşdı.
– Biz sənin dərdini bilirik. Səni 30 il çəkdiyin iztirabdan qurtarmaq istəyirik. Bizə etibar edə bilərsən. Qorxma!, – küt səslə dedi.
Bu zaman kosmik fəzada asılı qalmış astronavt kimi ayaqları yerdən üzüldü, başına torba keçirib harasa apardılar.
– Buraxın məni, Günəş balaları, köpək uşaqları...
Aradan nə qədər vaxt ötdüyünü, başına nə oyun açdıqlarını hiss etmədi. Təslim oldu...
Beləcə dəniz özünə lazım olmayanı sahilə atdığı kimi onu da qumun üstünə tulladılar. Bütün gecəni ölü kimi düşüb qaldı. Özünə gələndə hava artıq işıqlaşırdı. Ayağa qalxıb ətrafa göz gəzdirdi. Yaddaş qırıqlığına uğramışdı. Axı onun sahildə nə ölümü vardı? Anlamırdı. Üst-başını çırpıb evə qayıtdı...
Qapını açıb içəri keçəndə gördüyü mənzərədən çaşıb qaldı. O, anasının gözünün ağı-qarası, yeganə balası idi. Axşamdan oğlunun 35 yaşını qeyd etmək üçün hazırlıq görən ana balasının yolunu gözləyə-gözləyə başını masaya söykəyib yuxuya getmişdi. Əlini ehmalca anasının saçına çəkdi. Süfrədə aş, aşqara, cürbəcür salatlar, kəsilməmiş tort, hamısı onu gözləyirdi. Kefi duruldu. İştahla aş-qaradan götürüb boşqabı qabağına çəkdi.
Anası başını qaldırıb ağzını marçıldadan oğluna zəndlə baxdı.
– Hardaydın?
– Dənizdə.
– Yenə sərxoşluq edirdin, hə? Atanı fikirləşirdin? Bədbin olma, oğlum, gələcəyə bax.
Aslan heç nə olmamış kimi anasının üzünə gülümsədi:
– Hansı atanı?
Ana oğlundan bu cavabı gözləmirdi. Səsindəki soyuqluq beynində qarışıq fikirlər oyatdı.
Aslan bu vaxtadək elə bil quyunun dibində ömür sürürdü. Oradan çıxmağı düşünmürdü. Oğluna kömək əlini uzatsa da aralarındakı məsafə onu həyata qaytarmağa bəs eləmirdi. İki dünya arasında ilişib qalmışdı Aslan. Nə ölə bilirdi nə də... quyudan çıxmağa çalışırdı. Oğlunun bədbin fikirlərə qapılması, göz görə-görə “intihar” etməsi ananı üzürdü. İndi atası haqqında solaxay sualı ananı üşütdü:
– Necə yəni hansı atanı?! Şəkillərdə gördüyün, sevə-sevə xatırladığın atanı, – ana ağlamsındı.
Atasının yoxluğu, uzun illər qəlbində daşıdığı atasızlıq kimi ağır yük elə bil sovrulub yox olmuşdu. Dənizdə başına gələn hadisə onu büsbütün dəyişmiş, sanki quyunun dibindən dartıb həyata qaytarmışdı. İndi o, lili çökmüş suya bənzəyirdi. Bununla belə gözlərində bir qədər laqeydlik də sezilirdi.
– Mən atamı xatırlamıram.
Bu dəfə ana əməlli-başlı heyrətləndi. Gözlərini iri açıb narahat-narahat soruşdu.
– Sənə nəsə olub, oğlum?
Sakit baxışlarla düz anasının gözünün içinə baxdı:
– Heç nə olmayıb, ana, ciddi deyirəm, mən atamı xatırlamıram.
Anasının sualları ona bir az qəribə gəlirdi, elə bil “ata” sözünü həyatında heç vaxt dilinə gətirməmişdi.
– Bəlkə başına hava gəlib? Yalvarıram, o zəhrimarı daha içmə!
– Narahat olma, – ağzındakı loxmanı çeynəyib sözünə davam etdi. – Sadəcə atasız böyüdüyüm üçün yadıma düşmür. Yəqin sən deyən kimi içkinin təsirindəndi.
Bu sözlərdən sonra anası sakitləşdi. Üzündəki təbəssümü görüncə özündən ixtiyarsız 30 il əvvəl baş vermiş hadisədə balaca Aslanın gözlərində donmuş, anlaşılmaz ifadəni xatırladı...
* * *
Soyuq yanvar ayı idi. Şahnaz mətbəxdə yeməyə baxır, balaca Aslan da pedallı avtomobilini minib o baş, bu başa sürür, qabağına çıxanı vurub dağıdırdı. Sözəbaxan uşaq deyildi. Valideynləri onun heç bir arzusunu ürəyində qoymazdı, nadincliyinə görə bir söz deməzdilər. Atası ona hər ay yeni animasiya qəhrəmanı hədiyyə etsə də, oyuncağa olan sevgisi cəmi bir gün çəkirdi, səhərisi ya başı qopmalıydı ya da ayağı. Evdə o qədər oyuncaq avtomatı, təyyarələri vardı ki, yığıb-yığışdırmaq olmurdu. Atasına olan sevgisi də özünəməxsus tərzdəydi. Hamıdan tez durur, duran kimi, çarpayıya dırmaşıb atasının qulaqlarını dartışdırırdı. O, məhz oğlunun hesabına işə gecikmirdi. Canlı saat düz onun evində yaşayırdı. Aslan oyandısa evdəkilər yatmamalıydı. Əks halda nəsə düşüb sınacaq, yaxud da evi su basacaqdı.
– Aslan, get o biri evdə oyna, imkan ver işimi görüm. İndi ata gələcək, sənə gözəl bir hədiyyə gətirəcək. – Şahnaz toyuq budlarını çevirə-çevirə oğluna səsləndi.
Aslan pedala basıb maşını var gücü ilə yataq otağına tərəf sürdü. Qapını vurub təkərini şkafa dirədi. Bir-iki dəfə dala-qabağa verib dayandı, yoruldu.
Yataq otağı Aslanın gözündə bir avtodayanacaq idi. O, hər dəfə maşını park etmək istəyəndə bu otağa salırdı. Bununla belə nəyisə kəşf etmək hissi heç zaman onu tərk etmirdi. Odur ki, növbəti axtarışını elə həmin paltar şkafından başladı.
Paltarları töküşdürüb şkafın gözlərini gəzirdi. Hündür əlçatmayan yerlər Aslan üçün bir tapmacaydı. O, alpinist kimi elə hey yuxarı dırmaşmalıydı.
Budur, artıq şkafın başındadır. Heç vaxt görmədiyi əşyanı tapdığından maraq onu götürüb. Görəsən nə var bunun içində? Yaman ağırdı! Nə üçündü görəsən?
Oğlunu görməyə tələsən ata hələ də tıxacdaydı. Vaxtı öldürmək üçün mühərriki söndürüb radionu qoşmuşdu. 105FM dalğasında “Bakuba” qrupunu dinləyirdi. Cazı sevdiyindən vaxtın necə ötdüyünü hiss etmədi. Başını qaldıranda yol açılmışdı, hətta arxadakı sürücülər siqnal verirdi ki, sür də, nə durmusan. Mühərriki işə salıb yoluna davam etdi.
Yaşadığı binanın həyətində maşını saxlayıb, Aslanın hədiyyəsini götürərək tələsik evə qalxdı. Səbirsizlənir, həm də sevinirdi. Görəsən “transformer” oğlunun xoşuna gələcək? Yoxsa bu da birgünlükdü?
Liftdən çıxıb qapını döydü. Açan olmadı, bir də döydü. Harda qaldı bu Şahnaz? Nəhayət yoldaşı qapını açdı.
Evə girən kimi ucadan oğlunu səslədi.
– Aslanım mənim! Gör ata sənə nə alıb!? – deyib yataq otağına keçdi.
– Hardadı mənim vəhşi pişiyim?
Başını qaldıranda Aslanı gördü. Bir göz qırpımında evi sanki ildırım vurdu. Ata iki addım geriyə çəkilib çarpayının üstünə yıxıldı.
* * *
Məgər Aslan həmin gecəni xatırlamırdı? Bu vaxtadək özünü günahkar sayan həyatı boyu çəkdiyi iztirabları necə unuda bilərdi?! Nə baş verdi ki, uzun illər qəlbində daşıdığı acısını dənizdə qoyub gəldi? Şahnaz ürəyində sevinsə də bu sualın cavabını axtarırdı.
– Sən dənizdə neynirdin, oğlum? Nə gördün orda? Çalış yadına sal.
– Desəm inanmayacaqsan, – yeməyinə ara verib sözünə davam etdi. – Başqa ulduzdan gəlmələr məni tutub saxlamışdılar. Hiss edirəm onlar mənə nəsə edib. Amma tam xatırlamıram, dünənki gecə yaddaşımdan ən qorxunc xatirəni silib elə bil.
Şahnaz indi hər şeyi başa düşdü. Oğlu yarasını qaşımasın deyə bir daha atasıyla bağlı mövzuya qayıtmadı. Anladı ki, unutqanlıq insanı ən ağır dərddən belə azad edə bilər. İndi 30 il bundan əvvəl baş verən hadisənin sirrini yalnız Şahnaz bilirdi. Və o, bunu heç kəsə söyləməyəcəkdi.
Həmin gecə Şahnaz özünü otağa atanda ağlına gətirdiyi gerçək oldu. Aslan əlindəki ov tüfəngini bərk-bərk sıxıb donmuş baxışlarını düz atasına zilləmişdi...
MƏMMƏD MƏMMƏDLİ
“ULDUZ” jurnalı – noyabr-dekabr 2023