Məmməd Məmmədli bədii yaradıcılığa ispan və Latın Amerikası müəlliflərinin əsərlərini dilimizə çevirməklə başlayıb. İlk dəfə “ULDUZ” jurnalında (2006) Visente Blasko İbanyezin “Dənizdə” və “Mavrın qisası” hekayələrilə çıxış edib. İspan yazıçısı Xavier Serkasın “Təhrik” (El Móvil) povestini tərcümə edəndən sonra (2007), əsərin qəhrəmanı Alvaro onu orijinal əsər yazmağa təhrik edib. “Axırıncı yol qəhvəxanası” povesti məhz belə yaranıb. Sonradan müəllif fantastik janra müraciət edib. “Xüsusi maddə axtarışında” (2016) və “Yerdələnin birinci mərtəbəsi” (2025) əsərlərini yazıb.

Məmməd Məmmədlinin mətnlərində retrospectiv yazı tərzi ön plandadır. O, hadisələri axırdan əvvələ doğru nəql etməklə oxucunu bir növ səbəb axtarışına aparır. Kainat, yadplanetlilər onun üçün əsas mövzulardı.

Yazıçı bədii əsərləri və tərcümələrilə əsasən “ULDUZ” jurnalında çap olunur. Müəllifin “İşıqdan gözləri qamaşanlar”, “Ərafın dərin qatlarında” və “Mən atamı xatırlamıram…” hekayələri kulis.az, manera.az, edebiyyatveincesenet.az saytlarında da dərc olunub.