1894-1926 Fotoqrafiya aləmində baş verən inqilabi ixtiraların sayəsində, XIX əsrin sonlarında çoxları üçün yuxu kimi görünən – hərəkətdə olan şəkillərin çəkilməsi və nümayişi – reallığa çevrildi. Kino əvvəlcə yarmarkalarda və səyyar teatrlarda olduğu kimi insanları cəzb etmə məqsədilə yarandı. Hətta bu ixtiranın Biləcəridən o yana getməyəcəyini düşünənlər də oldu, amma yanıldılar. Ajiotaj bitəndən sonra filmlər kütlə üçün yeni bir əyləncə növünə çevrildi. Maraq bu sahədə böyük pullar qazanmağın mümkünlüyünü düşünməyə imkan verdi. Buna görə də sərmayəçilər həvəslə kino biznesinə qoşuldular. Bir tərəfdən sözügedən sahənin yaradıcıları kinematoqrafiya dili üzərində çalışır, digər tərəfdən istehsal kompaniyaları göbələk kimi çoxalırdı, ekranlarda ilk kino ulduzları parlamağa başlayırdı. Amerika Birləşmiş Ştatları səssiz kinonun bütün dövrlərində dominantlıq statusunu qorumağa çalışırdı. Düşünürdülər ki, kino onlara məxsusdur, çünki Amerikada yaranıb. Bu səbəbdən də müxtəlif üstünlüklərdən yararlanırdılar. Necə ki, öz ulduzlarını, öz janrlarını, hətta prodakşn metodlarını özlərinə uyğun şəkildə yeritməyə çalışırdılar. Ancaq Avropa təslim olmadı: Şimali ölkələrdə güclü kino sənayesi yarandı və qədim qitənin digər ərazilərində cücərən avanqard cərəyanlar yeni ixtiranın üstünlüklərindən bəhrələnməyə başladılar, hətta onun gələcək inkişafına da təsir etdilər.

 

Kinonu kim icad edib?

Təsviri hərəkətdə göstərməyin mümkünlüyü hər zaman insanı valeh edib. Hələ XVI və XVII əsrlərdə, fotoqrafiyanın kəşfindən çox-çox əvvəl linzalı kameralarla təsvirin proyeksiyasına nail olunmuşdu. Amma kinonun yaranmasına təkan verən səbəblərdən biri yeni texnologiyaların tətbiqi olub ki, bu tarix də məhz XVIII əsrdən başlayır. 1839-cu ildə fransalı Lui J.M.Dageğ elə bir qurğu düzəltməyə nail olmuşdu ki, sayəsində gümüş lövhə üzərinə şəkillər həkk olunurdu. O, bu kəşfini “dagerrotip” adlandırmışdı. Paralel olaraq Con Vilyam Herşel sabit təsvirləri xüsusi materialın üzərinə köçürməyə nail olmuşdu. O, buna “fotoqrafiya” deyirdi. Bununla yanaşı, tamamilə fərqli bir mühitdə həvəskarlardan ibarət bir qrup optik illüziya yaradan qurğular istehsal edirdi. Maykl Faraday, Cozef Antuan Platu, Simo Stampfer və Vilyam Corc Horner içərisində şəkil olan təkərli silindrlər, disklər kəşf etmişdilər ki, onları fırlatmaqla həmin şəkillər canlanırdı.

Amma kino anlayışının formalaşmasına təkan verənlər XVIII əsrin son onilliyində Edvard Muybridc və Emil Reyno oldu. 1730-cu ildə İngiltərədə doğulan E.Muybridc qeyri-adi işlərlə məşğul olduğuna və əsasən də xarici görkəminə görə insanlar arasında xüsusi hörmət qazanmışdı. 20 yaşında ABŞ-da yaşadığı müddətdə o, kitab satır, hətta paltaryuyan maşın kəşf etsə də, sonradan fotoqrafiya sahəsində çalışmağa başlamışdı. Onun həyatı “Central Pacific” dəmiryol şirkətinin rəhbəri və böyük at yarışmaları həvəskarı Lelan Standforla tanışlıqdan sonra dəyişir. Standford üçün çox maraqlı idi ki, at var gücü ilə çapanda ayaqlarının dördü də yerdən üzülür ya yox? Bunu dəqiqləşdirməkdən ötrü Edvard atın çapan yerdə bir neçə şəklini çəkir. Təcrübə o qədər uğurlu alınır ki, ixtiraçı bu metodla digər heyvanları, hətta bir qrup atletləri belə çəkməyə nail olur. 1879-cu ildə onun ağlına metal lövhə üzərində çəkdiyi şəkillərin rənglənməsi ideyası gəlir. Sonra o təsvirləri “zoopraksiskopio” adını verdiyi qurğunun içərisinə yerləşdirərək onları fırlatmağa başlayır. Bu ixtiranın sayəsində ilk dəfə olaraq sabit təsvirlərin canlanması mümkün olur.

1844-cü ildə Fransada doğulan Emil Reyno da qaçan təsvirləri olan "oyuncaq"larla maraqlanırdı, amma Muybridcdən fərqli olaraq o, bu işə yaradıcı yanaşırdı. Reyno öz ixtirasını “praksinoskopio” adlandırmışdı. İllər sonra onu təkmilləşdirərək “praksinoskopio-teatro” adı ilə əvəzləmişdi. Dövrünə görə yenilikçi bir ixtira sayılan bu qurğu imkan verirdi ki, kiçik səhnədə üst-üstə qoyulmuş təsvirləri izləmək mümkün olsun. Bu metod sonradan kinoda ikiqat ekspozisiya kimi istifadə olunacaqdı. Alınan nəticə insanları o qədər təəccübləndirmişdi ki, müəllifini canlı teatr göstərməyə həvəsləndirmişdi. O, buna optik teatr deyirdi. Amma əvvəlcə qəhrəmanların təsvirlərini və səhnəni yaratmalı idin. Hər süjet 700 kadr tələb edirdi. Sonra o şəkilləri lentə yerləşdirib, bobinaları dəyişə-dəyişə ekranda proyeksiya edirdi. Bu müddətdə o biri texnik proyektorla səhnənin təsvirini verirdi. 1892-ci ildə o, böyük coşqu ilə “Pantomimes Lumineuses” əsərinin premeyrasını etdi. Əsər zaman keçdikcə müəllifinə animasiya filmin atası adını qazandıracaqdı.

Yeni, məftunedici texnologiyaların yaranması Tomas Alva Edisonu kinonu fəth etməyə ruhlandırdı. Baxmayaraq ki, şimali amerikalılar Edisonu kino ixtiraçısı kimi qəbul edirlər, həqiqətdə bu məsələ bir qədər bulanıq görünür. O zamanlar Edisonun laboratoriyalarında Uilyam Kennedi Lori Dikson adlı bir şotlandiyalı işləyirdi. Tarix bu gənci bizə unutdursa da məhz o, film istehsalı prosesində yeniliklər etmişdi. Dünyada ilk kino studiyasını yaradan, adını da “Qara Mariya” qoyan Dikson, Edisona “Kinetoqraf” kamerasını patentləməyə icazə vermişdi. Sözügedən cihaz tikiş maşınlarında olduğu kimi dartma prinsipi ilə işləyirdi və perforasiya olunmuş sellüloid lent hərəkət etdikcə üzərinə təsvirləri həkk etdirirdi. Kodak şirkətin təsisçisi Corc A.İstman həmin sellüloidləri xüsusi olaraq Edisona göndərirdi. Amma kino çəkmək olduqca vacib məsələ idi, çəkilən filmi isə tamaşaçıya göstərmək daha vacib. Diksonun sayəsində “kinetoskop” yarandı, gözlüklə təchiz olunmuş uzunsov taxta qutu bir qəpiyin müqabilində 14 metrlik lentlə saniyədə 40 kadr nümayiş etdirirdi. “Kinetoskop” individual bir aparat sayılırdı, onun proyeksiyaları təxminən 20 saniyə çəkirdi.

Tomas Alva Edison mülayim qoca təəssüratı yaratsa da biznes işində çox qəddar idi. O, öz təcrübəsindən bilirdi ki, ixtiraları patentləşdirmək lazımdır. O, bunu digər şəxslərin onun ixtirasından istifadə edəcəyinə görə deyil, həm də sənayedə monopoliya yaratmaq üçün edirdi. Burada Diksonun yolu Edisondan ayrılır və o, təkbaşına fəaliyyət göstərməyə başlayır. Bu müddət ərzində Edison yeni ixtiraları öz adına keçirməyin yollarını axtarırdı.

Beləliklə 1894-cü il aprelin 14-də Nyu-Yorkda “kinetoskop”un ilk salonu açılır. Orada hərəsi bir film göstərən on qurğu vardı. Filmlər boks döyüşü, rəqs edənlərin səhnəsi və bir pəhləvanın məşq edən zaman çəkildiyi görüntüləri əks etdirirdi. Uğur çox vacib idi. Bir neçə ayda bütün Şimali Amerika və Avropanın müəyyən hissəsinə minə yaxın kino aparatı satılmışdı. Ancaq daha maraqlısı tamaşaçılar önündə filmin ekrandakı proyeksiyası idi. Bu sahədə isə avropalılar üstünlüyü ələ keçirirdilər. Edison Amerikada heç kimin onun ixtirasının surətini çıxara bilməyəcəyinə əmin olsa da, xaricdə öz mallarını patentləşdirməyi unudur. Bu da fotoların satışı ilə məşğul olan iki fransız qardaşları Ogüst və Lui Lümierə imkan verir ki, “kinetoskop”u təkmilləşdirsinlər. Onlar 1895-ci il fevralın 13-də böyük ekranda film nümayiş etdirmək imkanına malik olan inqilabi kamerasını – “kinematoqraf”ı patentləşdirirlər. Həmin ilin martın 22-sində Milli Sənayenin Təşviqi Cəmiyyətində onlar öz qısametrajlı filmini – “Lümiyer fabrikasından çıxış”ı ekranlarda canlandırırlar. Bir neçə ay sonra Lümier qardaşları Fransanın Fotoqrafiya Cəmiyyətləri Konqresində kino tarixində böyük hərflərlə yadda qalan ilk filmini, “SULANAN BAĞBAN”ı təqdim edirlər.

El Cine (Kino) kitabından

İspan dilindən tərcümə etdi, Məmməd Məmmədli