“Kinematoqraf” aparatının uğurlu alınması bir çox sahibkarları proyeksiya qurğularını inkişaf etdirməyə həvəsləndirdi. Tamaşaçıları kino ilə ovsunlamaqla filmlərin alınmasına tələbat artdı. Və məntiqi olaraq bu işdə marağı olanlar elə kameraların ixtiraçıları oldu. Misal üçün, Lümier qardaşları kinonun gələcəyinə o qədər də ümid bəsləməsə də mövcud vəziyyətdən istifadə edərək aparatdan ən qısa zamanda mümkün qədər çox pul tutmağa çalışırdılar. Film çəkməkdən savayı əməkdaşlıq etdikləri şəxslərlə şərikli kino şirkətlərinə də sahib idilər. Onlar xeyli sayda adamı bu işə qoşaraq onları müxtəlif avadanlıqlarla təmin edir və kinonun ayaq basmadığı ucqar şəhərlərə göndərirdilər. Bundan əlavə, həmin şəxslər getdiyi yerlərdə yeni filmlər çəkərək onları tamaşaçı qarşısında nümayiş etdirmək kimi missiya daşıyırdılar.

Bu yolla Lümier qardaşları gözləmədiyindən də artıq sayda film çəkməyə nail oldular. Müəyyən edilib ki, təkcə 1897-ci ildə Avropada 300-dən çox qısametrajlı film lentə alınıb. O biri tərəfdən Edison şəxsi kompaniyaları vasitəsilə film istehsalını artırmağa can atırdı. O da avropalı həmkarı kimi bu sahənin hansı xətlə inkişaf edəcəyini bilməsə də, filmlərinin mövzu etibarilə rəngarəng olmasına çalışırdı. Edisonun filmlərində boks döyüşləri, dini mövzular, hətta tarixi səhnələr üstünlük təşkil edirdi. Nəzərə alaq ki, ilkin dövrlərdə çəkilən filmlər daha çox hərəkətdə olan posterlərə bənzəyirdi. Kamera əvvəlcədən düşünülmüş səhnələri eyni planda çəkirdi. Əlbəttə indi bu çox darıxdırıcı görünür, ancaq o dövrdə ekranda adamların hərəkət etməsi tamaşaçı üçün əsl möcüzə idi. Və əgər bir qatar ekranda tamaşaçının üzərinə gəlirdisə bu, zalda əyləşənlərə kütləvi şok yaşadırdı. Filmlər o qədər sadə idi ki, operatorlar onu başqa tərzdə çəkməyi düşünmürdülər. Ekranlarda hələ ki kino dili yox idi, nə çəkilən planların ölçüsünün, nə işıqlandırmanın, nə də montaj işinin əhəmiyyətdən xəbərsiz idilər. Necə deyərlər kino hələ arı pətəyindən süzülməmişdi.

Güman ki, filmlər hərəkət edən posterlərdən o yana getməsəydilər, festivallarda təqdim olunmasaydılar, məhlə kinoteatrlarında nümayiş olunmasaydılar Lümier qardaşlarının düşündüyü kimi qısa ömür sürərdilər. Nə yaxşı ki, kino inkişaf etdi. Və onun inkişafı bir təsadüf nəticəsində baş verdi. Bir dəfə Venesiyada bir operator qayığın üstündə quraşdırılmış kameranın hərəkət etməsi nəticəsində “travellinq” texnikasını icad etdi. Başqa birisi təsadüfən kameranın linzasının qapağını örtən zaman görüntünün yaxılmasına təəccübləndi... Kino günü-gündən imkanlarını genişləndirirdi. Bu işə konservativ yanaşanlar təsadüfi tapıntılara qiymət verə bilməsələr də, digərləri öyrənmək üçün yaradıcılığa üstünlük verirdilər.

İngiltərə şəhərlərinin birində bir qrup həvəskar yığışaraq kameranın imkanlarını tədqiq etməyə başladı. Onlardan biri, astronomiya həvəskarı Corc Albert Smit idi. O, çəkdiyi sənədli filmlərdən savayı digər qısametrajlı film kolleksiyasına da malik idi ki, orada o bəzi optik illüziyalardan istifadə edərək həqiqətən də maraqlı kadrlar almışdı. Bu kinoşünas 1900-cü ildə lentə aldığı “Nənənin böyüdücü şüşəsi” adlı qısametrajlı filmində zalda əyləşənləri güldürməkdən ötrü əşyaları iri planda göstərirdi. Sonradan Smit lent üzərində işləyərək “kinemakolor” adlandırdığı rəngli kinonu icad edəcəkdi. Smitin həmkarı və qonşusu Ceyms A.Vilyamson isə “Brayton məktəbi”nin banisi oldu. O, “Çinin missiya stansiyasına hücum” filmindəki narrativə görə ilk dəfə olaraq yeniliyə imza atdı, “Böyük qaranquş” lentində isə qeyri-adi travellinq texnikasını nümayiş etdirdi. Həmin filmdə olan bir quş onu çəkən fotoqrafı sözün həqiqi mənasında yeyirdi. “Oğrunu tutun” ekran əsərində isə kino sənətinə yeni bir elementi – izləmədən yaxa qurtarmanı daxil etdi.

Tarixdə ilk dəfə Fransada kino xəbərləri haqqında jurnal çıxaracaq Çarlz Pate öz kino imperiyasını qurduğu vaxtda Jorj Meli unikallığı ilə seçildi. Günü bu gün o, fantastika janrının sələfi kimi xatırlanır. Əslində Melinin kinoya verdiyi töhfə daha artıqdır. O dövrün kinolarında real həyatdan götürülmüş səhnələr nümayiş olunanda o, sübut etmişdi ki, kino fantastik elementlərlə tamaşaçının təxəyyüllünə güc gələ bilər. Keçmişi teatrla bağlı olan Meli öz fəaliyyəti dövründə 500-dən çox film çəkmişdi. Filmlərin əksəriyyəti 1 dəqiqədən çox olmasa da o, öz əsərlərində insana adi görünən tryuklardan istifadə edirdi. Buna baxmayaraq fransalı rejissor xronometrajı 20 dəqiqəyə çatan inanılmaz filmlər də lentə almışdı. Onun şah əsəri “Aya səyahət” əsəridir ki, çəkilişləri 1896-cı ildə başlamış 1902-ci ilədək davam etmişdi. Gözqamaşdırıcı dekorasiyalardan və xüsusi effektlərdən istifadə edən rejissor aya uçan bir qrup alimin top-tüfənglə vuruşaraq oradakı macəraları tamaşaçıya göstərməyə çalışırdı.

“Aya səyahət” dövrünə görə qeyri-adi və inqilabi bir ekran işi sayılırdısa, Edvin S.Porterin bir il sonra çəkdiyi “Yanğınsöndürənin həyatı” filmi əvvəl adını çəkdiyimiz “Aya səyahət”dən heç də geri qalmırdı. Bu film “Bir yanğın hadisəsindən xilas” kimi də adlanır. Filmdə yanan evin içində çıxılmaz vəziyyətə düşən bir uşağın hekayəsini nəql etməkdən ötrü Edison şirkətinin operatorunun ağlına alova bürünmüş evin əvvəl çəkilmiş kadrlarını yanğınsöndürənlərin kənardakı görüntüləri ilə üst-üstə ekspozisiya etmək ideyası gəldi. Porterin nəqletmə məharəti 1903-cü ildə işıq üzü görən “Qatara hücum və qarət” filmində daha yaxşı görünür. Cəmi 20 kadrdan ibarət olan bu filmdə hücum planı nəinki mükəmməl şəkildə qurulmuş, eyni zamanda “paralel səhnələrin montajı” kimi yeniliklərdən istifadə olunmuşdu.

Qatara hücum və qarətSözügedən filmlərlə yanaşı 20-ci əsrin astanasında çəkilmiş digər ekran işləri kinonun inkişafına yeni istiqamət verdi. “Hərəkət edən fotolar” nağılvari hekayələrin yaranmasına yol açırdı və bu cür filmlərin kiçik zallarda nümayişi artıq günah sayılırdı. Teatr sahibləri yeniliklərdən bərk yapışaraq daha çox film sifariş edir və canlı tamaşadan sonra bonus kimi həmin filmlərin seanslarını təşkil edirdilər. Hətta teatrlar arasında münaqişə düşməsin deyə, distributor şirkətləri də yaranmışdı. Beləliklə, kino sənayesinin üç dirəkdən ibarət özülü yaranırdı: istehsal, distribusiya və nümayiş. Birləşmiş Ştatlarda “nikelodeons” kimi tanınan zalların çoxluğu buna sübut idi. Bu zallarda ancaq filmlər göstərilirdi və girişə görə adam başı bir nikel (5 qəpik) alırdılar. Nümayiş zallarının sayı artdıqca, istehsalla məşğul olan şirkətlərin sayında da artım müşahidə olunurdu ki, bu da filmlərin sayında təsirsiz ötüşmürdü. Hesablamalara görə 1908-ci ildə, Birləşmiş Ştatlarda 14 milyon insan hər həftə kinoya gedirdi. Ən optimist düşünənlər belə yeni ixtiranın cəmiyyətə bu qədər təsir edəcəyini ağlına belə gətirməzi. Rəqəmlər sahibkarları kino-prodakşn sahəsində gəlirli bir biznes yaratmağa sövq edirdi ki, Tomas Alva Edison yenidən oyuna girdi.

Bildiyimiz “patentlər müharibəsi” fenomeni Edisonun “Biograph”, “Essanay”, “Kalem”, “Lubin”, “Selig”, “Vitagraph” kimi Şimali Amerika prodüser şirkətlərini, həmçinin “Corc Kleyn” distributor şəbəkəsini və Fransanın Pate və Meli kimi nüfuzlu kino şirkətlərini “Motion pictures patent company” ətrafında birləşməyə razı saldığı zaman baş verdi. Beləliklə “Eastman-Kodak” perforasiya olunmuş lentlərinin eksklüziv istifadəsinə görə şirkətlərdən pul tələb edənsən sonra öz patentləri ilə silahlanan Amerikanın digər kino şirkətləri də istehsal etdiyi çəkiliş avadanlıqlarının istifadəsinə və kinoteatrlarda nümayişinə görə faiz tələb etməyə başladılar. Öz arzusuna çatan Edison yaratdığı monopoliyanın sayəsində hətta məhkəməyə müraciət edərək öz tələblərini irəli sürürdü. Ancaq bu efimer bir arzu oldu. Kino sənayesi o qədər sürətlə inkişaf edirdi ki, arxasınca qaçmaq, nəyisə nəzarətə götürmək mümkün deyildi. Bəzi peşəkarlar Edisona müqavimət göstərdilər. Onun həmkarları – Karl Lemmle və daha bir qrup rejissor öz bizneslərini “Motion”ın təsir dairəsindən mümkün qədər uzağa, qitənin qərb sahillərinə köçürdülər. Bir çox distributor və kino nümayişçiləri yeganə çıxış yolunu prodüser şirkətinə çevrilməkdə gördülər, çünki öz şirkətlər qrupunu yaratmaqla onlar daha heç kimdən icazə almırdılar. Edison sonda məğlub oldu. 1912-ci ildə monopoliya rəsmi şəkildə əriyib yox oldu və kinonun ixtiraçısı bir daha gördü ki, rəqiblər necə sənaye üzərində nəzarəti ələ keçirir.

Amma o dövrün “Patent müharibəsi” kinonun inkişafına öz töhfəsini verdi. Belə ki, bu və ya digər formada yaranmış mifik kino kompaniyaları növbəti onilliklərdə öz sözünü deyəcəkdi. “Independent Motion” kino şirkətini yaradan Karl Lemmle Edisonun monopoliyasına sinə gərərək 1912-ci ildə onu “Universal” studiyasına qədər kiçiltdi. Növbəti illərdə macar Adolf Zukor sonradan “Paramount”, Vilyam Fox “Fox film Corporation” (Sonradan o “Twentieth Century Fox” şirkətinə çevrilib), Samuel Qoldvin “Goldwyn Company” (o da böyüyərək “Goldwyn Metro Company”yə çevrilib) şirkətlərini yaratdılar. Sənayedə distributor kimi başlayan Harri Albert, Sam və Cək L.Vorner qardaşları da “Warner Bros.” şirkətini təsis etdilər. Bir müddət Nyu-York dünya kinematoqrafiyasının mərkəzinə çevrildi. Daha sonra əksər kino şirkətləri daha günəşli yerlərə köçdülər, Los Anceles yaxınlığında yerləşdilər, daha dəqiq desək 1887-ci ildə Horas və Deyda Uilkoks cütlüyünün pulla aldığı torpaqlara və sonradan vəsiyyət etdikləri indiki “Wollywood” ərazisində kök saldılar.

El Cine (Kino) kitabından

İspan dilindən tərcümə etdi, Məmməd Məmmədli