İnqmar Berqman–Cavabsız suallar

,

Published on

Ingmar_Bergman_bio“Kino sanki bir yuxu, musiqidir. İncəsənətin heç bir növü kino qədər şüurumuza təsir etmir. O birbaşa bizim hisslərimizə toxunur, qəlbimizin ən dərin qatlarına nüfuz edir”.

Onun haqqında çox şey deyirdilər, yaxşı sözlər deyənlər də vardı, pis də. Tamaşaçılar onun filmlərinə baxanda bilirdilər ki, ciddi, mənaca dərin və intellektual elementlərlə yüklənmiş bir filmə baxırlar. Digərləri bu rejissoru köhnə filmlərdən qalma, soyuq təbiətli və fikirləri qarışmış bir tip kimi xatırlayırdılar. Ancaq İnqmar Berqmanın kinoya yeni baxış forması gətirdiyinə şübhə yoxdur və onun 7-ci sənətə, ən çox da onun filmləri ilə böyüyən bir çox kino mütəxəssislərinə təsiri böyükdür.

İsveçrənin Uppsala ərazisindəki protestant bir çoban ailəsində doğulmuş Ernst İnqmar Berqman teatrı, oradakı dekorasiyaları gördüyü gündən (14 iyul 1978-ci il) bu sənətə vurulmuşdu. Və onun ilk teatr təcrübələri də məhz Estocolmo Universitetində olmuşdur. 1941-ci ildən o, artıq ciddi şəkildə dramaturgiya janrına baş vurur. Çox keçmir ki, “Swedish Filmindustry” kino şirkəti ilə əməkdaşlığa başlayır. Onun işi əsasən digər rejissorların yazdığı ssenariləri redaktə etmək idi. 1944-cü ildə “İşgəncə” adlı ilk ssenarisini böyük ekranlara çıxaran Alf Syoberqi görmək ona nəsib olur. Çəkilişlər zamanı hətta filmdəki bir neçə səhnələrə quruluş verir. Və bu iş gənc rejissoru o qədər ruhlandırır ki, film istehsalına başlamaq üçün ona bir təkan olur. Beləliklə İnqmar 1946-cı ildə “Böhran” filmini çəkir.

Artıq ilk filmlərində onun tamaşaçılara o qədər də maraqlı olmayan intellektual düşüncələrini sezmək olardı. “Yay oyunları”, ən çox da “Monika ilə keçirdiyim yay” və “Sirk gecəsi” ekran işlərindən sonra rejissorun adı Avropada dillərdə dolaşdı. 1955-ci ildə vaxtını bütünlüklə nəşəli “Bir yay gecəsinin təbəssümü” komediyasına həsr etməsi rejissoru dünya arenasına çıxardı. Ancaq İnqmarın yaradıcılıqda metafizik mərhələyə çatması “Yeddinci möhür” sirli əsəri ilə bağlıdır. Bu, sözün əsl mənasında vizual dilin gücü idi. Bunun ardınca rejissorun karyerasında digər möhtəşəm bir filmi – “Meşə çiyələyi” ekranlarda nümayiş olundu. Bu filmdə mükafat almazdan əvvəl öz həyatını vərəqləyən yaşlı bir professor obrazında Viktor Şöstormu görmək olar. Sözügedən ekran işi Avropada “sənət və esse” janrının yaranmasında və sonradan inkişaf etməsində əvəzsiz rol oynadı. Bu həm də Berqmanın sonrakı filmlərində artıq oturuşmuş, uzun illər əməkdaşlıq etdiyi birinci operator Qunnar Fişer, aktyorlar – Maks fon Sidou, Qunnar Börnstrand, Erland Jozefson, İnqrid Tulin, Bibi Anderson və Harriet Andersonun işində də özünü göstərdi. Sonradan bu adlara aktrisa Liv Ulmann və quruluşçu operator Sven Nikvist da əlavə olundu.

Rejissor öz tamaşaçılarını “Həyatın astanasında”, “Çöhrə” və “Qız bulağı” filmlərilə sevindirməyə davam edirdi. Bu sonuncu film “Ən yaxşı xarici film” nominasiyası üzrə “Oskar” mükafatı da almışdı.

1961-ci il “Güzgüdəki kimi” filmin yaranma tarixidir. Tənqidçilər İnqmar Berqmanın filmoqrafiyasında yeni dövrün başlanmasından xəbər verirlər. Burada hər hansı bir estetika elementlərini görmək olmaz. O, Dreyerin davamçısı kimi kişi problemlərini təhlil edən mötədil bir rejissor kimi özünü təqdim edir. İnqmarın bu dövrdə çəkdiyi filmlər “Sükut”, “Ayıb”, “Ehtiras”, “Toxunuş” və iki qadının qarşılıqlı əlaqəsindən bəhs edən, eyni zamanda sənət və gerçəklik barədə düşüncələri dolğunluqla əks etdirən, ustalıqla lentə alınmış “Persona” filmidir.

Ünsiyyətin pozulması məsələsi rejissoru “Qışqırıqlar və pıçıltılar” (1972) filmini lentə almağa sövq edir. Film kommersiya baxımından çox uğurlu alınmışdı. Çoxları bu filmi İnqmar yaradıcılığının pik nöqtəsi hesab edir, çünki ondan sonra gələn “Möcüzəli fleyta”, “Üz-üzə”, “İlan yumurtası” və “Payız sonatası” əvvəl adını çəkdiyimiz film kimi fakturalı deyil.

Ancaq, rejissoru tükənmiş sayanlar 1982-ci ildə “Fanni və Aleksandr” filminin premyerasından sonra öz sözlərini geri götürməli oldular, çünki bu film Berqmana dünya şöhrəti və növbəti “Oskar”ı qazandırdı. Məhz bundan sonra rejissor kinonu birdəfəlik tərk edib, öz fəaliyyətini digər sahələrə – teatr və televiziyaya yönəltdi. Buna baxmayaraq, onun yazdığı bəzi ssenarilərə çəkilmiş filmləri də görmək olar. Bunlardan Bill Avqustun gözəl bir tərzdə ekranlara çıxardığı “Xoş məram” və oğlu Daniel Berqmanın ekranlaşdırdığı “Bazar günün uşaqları” filmləridir.

İspan dilindən çevirdi: MƏMMƏD MƏMMƏDLİ

Comments

Leave a Reply

You cannot copy content of this page