İtaliyanın ən məşhur, novator rəssamlarımdan biri olan Mikelancelo Pistoletto güzgülü rəsmlərin müəllifi kimi tanınır. Onun rəsmləri, ideyaları çoxlarınınn düşündüyü çərçivədən kənara çıxır. Pistolettonun incəsənətdə axtardığı azadlıq olduqca geniş bir müstəvini əhatə edir.
Mikelancelo Pistoletto 1933-cü ildə İtaliyanın Pyemont şəhərində dünyaya göz açıb. Atası kar olsa da bərpaçı-rəssam kimi sənət əsərlərinə yeni həyat bəxş edib. O zaman atasına emalatxanada kömək edən Pistoletto indi etiraf edir ki, yaxşı rəssam olmaq üçün inklüziv formada düşünmək lazımdır.
Rəssamın işlədiyi portretlər adətən tünd fonda təsvir olunur. O güzgünü cilalamaqla sanki insanların onda əksini axtarır. Adamların gündəlik həyatda yaşadığı anlar Mikelancelo Pistolettonun əsas mövzusunu təşkil edir. Güzgülər rəssamın yaradıcılığında önəm kəsb edir, çünki insanlar donmuş kadrlara daxil olərkən kompozisiyanın tərkib hissəsinə çevrilirlər.
Mikelancelo Pistolettonun yaradıcılığı hələ 1960-cı illərdə dünya ictimaiyətinin diqqətini cəlb etməyə başlamışdı. Onun rəsmləri avanqard janrın paytaxtı Nyu-Yorkda sərgilənirdi. İtaliyada kütləvi şəkildə insanları öz təcrübələrinə qoşmaq üçün o, əsərlərini küçələrə çıxarırdı.
Fotoqrafiya Pistoletto üçün vacib alət sayılır. O, 1962-ci ildən bu yana güzgülü rəsmlərin yaradılmasında fotokameradan istifadə edir. Müəllifin 1973-cü ildə çəkdiyi “Ulduzlu avtoportret” Monte Palomar Rəsədxanasında çəkilmiş bir qalaktikanın fotosu sayəsində mümkün olmuşdur. Belə ki o, öz siluetinin konturlarını cızaraq içini qalaktikanın ulduzları ilə doldurmuşdur. Bu iş özü-özlüyündə mikro və makro kosmosun, sonluqla sonsuzluğun və ya bir insanla kainatın qovuşmasını ifadə edir.
Rəssamın “Üçüncü cənnət” əsəri möhtəşəmliyinə görə İtaliyanın simvolu sayılır. İdeya ondan ibarətdir ki, mərkəzdə dayanan simvol iki əks qüvvəni – xeyir və şəri bir-birilə birləşdirir. Çünki bir insan məhz xeyir və şərin mübarizəsində insana çevrilir.
Mikelancelo Pistoletto indi 90 yaşını adlasa da hələ də yaratmaq eşqi ilə alışıb-yanır. O, güzgülü rəsmlərinə görə beynəlxalq səviyyədə tanınır və müasir incəsənətin öncüllərindən biri hesab olunur.
Leave a Reply