Posted on

by

Hollivudun acınacaqlı dövrü.

“İfritələr” axtarışında

Böyük kinostudiyaların möhtəşəm dövrü çox çəkmədi. Zamanın sürətli inkişafı kino sənayesində yaranan problemlər və haqqında danışacağımız digər səbəblər üzündən studiyalar öz sistemlərinə dinamit qoymaqla fəaliyyətilərini təhlükə altına atdılar. İkinci dünya müharibəsindən sonra yenicə yaranmış əmin-amanlıq dövrünə və beynəlxalq razılaşmaların əldə olunmasına baxmayaraq, çox keçmədi ki, ABŞ yeni münaqişələrlə üzləşdi. Nasizm süpürülüb atılandan sonra cəmiyyət üçün yeni təhlükə – kommunizm təhlükəsi yarandı. ABŞ və Sovetlər Birliyi arasında sakit, ancaq dəhşətli sonluqla nəticələ bilən, “soyuq müharibə” kimi tanınan siyasi gərginlik dövrü başlamışdı. Nəzərə almaq lazımdır ki, artıq meydanda nüvə silahı vardı. 1940-cı illərin sonlarına yaxın “Hollywood” filmlərində mənfi obrazda təqdim etdiyi nasizmi ondan daha təhlükəli olan qorxaq kommunizmlə əvəzlədi və beləliklə Vilyam A. Vellman tərəfindən “Dəmir pərdə”, Corc Sidni tərəfindən isə “Qırmızı Dunay” kimi filmlər yaradıldı. Ancaq sovetləri pis vəziyyətə salan bir neçə filmlərlə “qırmızı təhlükə”ni aradan qaldırmaq heç də asan olmadı. Əksinə, bu addım kino sənayesinə, onun yaradıcılarına ziyan vurdu. 1938-ci ildə ABŞ-da ölkəyə kommunizmin vura biləcəyi zərbəni araşdıran Anti-Amerika Fəaliyyət Komitəsi yaradılsa da, komitə 1947-ci ilə qədər ölkəni başdan ayağa mühafizəkarlıq dalğasına bürümüş bu ideologiyanın kinoya təsirini araşdırmadı. İlk gündən böyük kinostudiyalar sovetləri təbliğ edən filmlər haqqında məlumat ötürmək üçün komitə ilə əməkdaşlığa başladılar. Cek L. Varner, Geri Kuper, Adolf Menju, Robert Teylor və Volt Disney “Holliwood”u “qırmızı” rəngə boyamaqla qərəzli olmadıqlarını göstərirdilər.

İlk növbədə 19 şübhəli şəxs kinodan kənarlaşdırıldı. Onların sırasında ssenari müəllifləri, prodüser və aktyorlar vardı. Onlardan 10 nəfər – Edvard Dimitrik, Dalton Trumbo, Con Hovard Lasn, Herbert Bibermən, Alva Besi, Rinq Lardner Cunior, Albert Maltz, Samuel Ornitz, Adrian Skot və Lester Kol kobud şəkildə dindirilərək “Hollivudun 10 nəfəri” kimi tarixə düşdülər. Con Hyustonun sədrlik etdiyi komitə qanunlara düzəliş etmək üçün kino işçilərinin insan azadlıqları və konstitusiya hüquqlarına edilən hücumuna etiraz olaraq Vaşinqtona qədər yürüş təşkil etdi. Etiraz aksiyasına Hamfri Boqart, Loren Bekoll, Denni Key, Cin Kelly kimi tanınmış simaların qoşulması komitənin bir az təzyiqi azaltmasına gətirib çıxardı. Ancaq bu, müvəqqəti oldu. Leo MakKerinin “Mənim oğlum Con”, Samuel Fuller “Təhlükəli əllər”, Elia Kazanın “Qırmızı terrorun qaçaqları” və Qordon Duqlasın “I Was a Comunist for F.B.I” kimi antikommunist filmlərin istehsalata buraxılması üçün böyük studiyalara qarşı siyasi təzyiqlər göstərildi. Kinostudiyalar da bu siyasi vəziyyətdən çəkinib “Hollivudun 10 nəfəri”nə iş vermədilər, çünki onlar ABŞ Konqresinə hörmətsizlik etdikləri üçün məhkəməyə cəlb edilib, sonradan isə həbs olunmuşdular. Onluğa daxil olan rejissor Edvard Dimitrik istintaqa verdiyi izahatını dəyişərək Kommunist Partiyasına rəğbət bəsləyən öz sənət yoldaşlarını satdı. Robert Rossen və Elia Kazan kimi rejissorlar da istintaqa cəlb olundular. Və 1951-ci ildə istintaqın ikinci mərhələsi başlandı. Senator MakKarti irəli duraraq Hollivudun dəhşətli düyünlərini açdı və bu zaman ölkədə “ifritələr axtarışı”na başlanıldı. Hamı bir-birini günahlandırırdı. Belə məlum oldu ki, Hollivudun yarıdan çoxu həyatlarında bir dəfə də olsa kommunizmə rəğbətini bildirmişlər. Acınacaqlı bir vəziyyət yaranmışdı. Hər bir şirkət özü üçün qara siyahı tuturdu. Əgər kimsə bu siyahıya düşürdüsə, vaxt itirmədən özünün gunahsız olmadığını sübuta yetirməliydi. Və təmizə çıxmaq üçün yeganə yol öz yoldaşlarının başına çirkab axıtmaq idi ki, bu da iyrənc bir çevrəni qapadırdı.

Ən pisi də o oldu ki, senator MakKartinin “ifritələr axtarışı” özünü doğrultmadı. Bu axtarış Çarlz Çaplin, Frits Lanq, Cozef Loseyk, Con Hyuston kimi bir çox professional kino mütəxəssislərin, aktyorların işsiz qalmasına səbəb oldu ki, onlar da öz növbəsində Avropaya axın etməyə məcbur oldular. Bu hadisələr “Hollywood”da kütləvi narazılığa səbəb olmuşdu. Bunun nəticəsində kino sənayesi “Roma tətilləri”, “Bəylər sarışın qızları seçir”, “Su pərisi məktəbi”, “Yeddi qardaş üçün yeddi gəlin” və ya “Durna” filmlərini təşviq etsə də, onlarla yanaşı “Günorta”, “Pislik toxumu”, “Deadline USA” və ya “12 qəzəbli kişi  kimi cəmiyyətin tənqidi mövqeyini göstərən filmlər nümayiş olunurdu.

1950-ci ildə Koreyada başlanan müharibə “Polad dəbilqə”, “Koreya, sıfır saat”, “Toko-Ri körpüləri”, “Polad şeytanlar vadisi” kimi tammetrajlı filmlərin çəkilməsinə gətirib çıxartdı. Münaqişə Birləşmiş Ştatlarda əhalinin özünəinamını zəiflətdi. İkinci dünya müharibəsinin acıları hələ unudulmamışdı. Şəhərdə düşmənlər olduğundan camaat qorxurdu. Və böyük studiyaların rəhbərləri üçün isə vəziyyət daha da acınacaqlı idi, çünki onlar “qızıl dövr”ün sonunun çatdığını görürdülər. Evlərə isə onların ən çox qorxduqları rəqib – televiziya daxil olurdu.

Təhlükəli və qorxulu vaxtda Amerika vətəndaşı üçün televiziya sanki bir xilaskarlıq simvoluna çevrildi. Söhbət radio və kinodan fərqli, daha cəlbedici, rahat və qənaətçil bir ixtiradan gedirdi. Bu yeni ixtira bir göz qırpımında milyonlarla vətəndaşın evində həmişəlik sakin oldu. Müsabiqələr, seriallar, komediya filmlərini evdəcə izləmək olurdu. Daha bundan yaxşı nə arzulamaq olardı?

Kinostudiyalar çəkdikləri filmlərdə məğlubiyyəti qəbul etmək əvəzinə televiziya ilə mübarizə aparmaq fikrinə düşdülər. Camaata televizorun balaca ekranını buraxıb kinoteatrda pul ödəməsindən ötrü nəhəng ekranlara baxmağı təklif etdilər. Bu yolla indiyə qədər görünməmiş “Cinemascope”, ”Vistavision”, “Cinerama”, “Toddao” kimi yeni formatlar yarandı. Bu formatlar tamaşaçılara kinonun ecazını nümayiş etdirməkdən ötrü düşünülmüşdü. Həmin ekranlar eyni zamanda bahalı filmlərin çəkilməsini tələb edirdi ki, zalda əyləşənlər ekranda göstərilənlərdən zövq ala bilsinlər. “Metro Goldwyn Mayer” kinostudiyası Robert Teylorun ifasında “Quo Vadis” və “İvanhoe” ekran əsərlərilə üstünlüyü ələ keçirdi. “Paramount” arxada qalmaq istəmədi və rejissor Sesil B. Demillin “Dünyanın ən böyük performansı” filmini ekranlara çıxartdı. Sirk dünyasından bəhs edən bu kinolentdə tamaşaçılar tanış simaları görmək imkanı qazandılar. Bu zaman “Twentieth Century Fox” kinostudiyası “Cinemascope” sistemində lentə alınmış “Müqəddəs tunika” filmilə hücuma keçdi. Xristian kinosunun ənənələrini özündə birləşdirən bu film demək olar ki, dünyaya səs saldı. “10 ehkam”, “80 gün dünya ətrafında”, “Kvai çayı üzərindən körpü”, “Ben-Hur”, “Spartak”, “Alamo müharibəsi” filmlərini də tamaşaçılar maraqla izlədilər. Sözügedən filmlərin kassa gəlirləri qarşısında belə düşünmək olardı ki, böyük studiyalar televiziya ilə mübarizədə qalib çıxmışdı. Ancaq belə olmadı. Möhtəşəm filmlər növbəti onilliklərdə kommersiya filmlərinin tutacağı yolu göstərən ilk əlamətlər idi. 1950-ci illərdə belə keyfiyyətlərə malik tammetrajlı filmin istehsalı böyük vəsait və əziyyətli iş tələb edirdi. Buna görə də yaxşı nəticələrə baxmayaraq bu cür filmlərin kütləvi istehsalını düşünmək ağılsızlıq olardı.

Televiziyaya müqavimət göstərən “Odorama” (Mayk Todd tərəfindən ixtira olunan sintetik iylərin zala buraxılması – iyli kino) “Circarama” (Walt Disney tərəfindən kəşf olunan 360 dərəcəlik dairəvi ekran) və ya 3-D formatıda çəkilən kino (obyektləri üç ölçüdə görmək üçün optik illuziya yaradaraq tamaşaçıları kartondan hazırlanmış narahat eynəkləri taxmağa vadar edən) sistemləri isə tamamilə uğursuzluğa düçar oldu…

Avropa kreativlik nümayiş etdirir

Şimali Amerika kino sənayesindəki qarmaqarışıqlıq Avropa kino tarixindəki ən yaradıcı dövrlə üst-üstə düşdü. 1950-ci illərin sonundan yetişməyə başlayan və sonradan “Nouvelle vague” (Yeni dalğa) kimi tanıyacağımız bu cərəyanın kökü məhz Fransaya gedib çıxır. Bu cərəyan əsasən tənqidi kino dünyasından gələn yeni kinoşünaslar dalğasının kinoya olan təcavüzü kimi başa düşülür. Nüfuzlu “Cahires du cinéma” jurnalının səhifələrində gedən materiallardan da görmək olar ki, onların çoxusu zəncirvari istehsala görə “Hollywood” tərəfindən senzuraya məruz qalmışdılar və buna görə də müəllif kinosu konsepsiyasını tələb edərək iddia edirdilər ki, rejissor baxışı ilə kadra alınmış film məhz rejissora məxsus olmalıdır. Bu cərəyanın tanınmış nümayəndələri Fransua Trüffo, Klod Şabrol, Erik Romer və Jan-Luk Qodard sayılır. “400 zərbə” filmi ilə tammetrajlı kino sahəsində debüt edən Fransua Trüffo özünü yüksək hissiyata malik olan bir şəxs kimi təsdiq etdi. Yetkinlik, dostluq, sevgi, aqibət, tənhalıq və çətin əldə olunan xoşbəxtliyə qovuşmaq ideyasının ötəri bir xarakter daşıması rejissorun “Juls və Cim”, “Yumşaq dəri”, “İki inglis qadını”, “Amerika gecələri” ekran əsərlərində məharətlə təsvir olunub. Klod Şabrol isə öz növbəsində xronika çəkən rejissor kimi tanındı. Hadisələri satirik və bədbin şəkildə nəql etməsi onu tez-tez dedektiv janra yaxınlaşdırırdı. Onun ilk filmləri o qədər də uğur qazanmadığı üçün rejissor digər kompaniyalarla müştərək macəra filmləri çəkməyə məcbur oldu. “Mari Şantal doktor Khaya qarşı” və “Pələng dinamitlə ətirlənir” əsərləri bu sıradandır. Amma sonradan onun tək müəllifi olduğu filmlər – “Qatil üçün kampaniya”, “Dişi maral” və “Qəssab” kinolentləri rejissora şöhrət qazandırdı. Erik Romer də bir müddət tanınmırdı. “Cahires du cinéma”nın səhifələrinə görə o, cərəyanın nəzəriyyəçisi, insan davranışlarını müşahidə edə bilən bir rejissor kimi yadda qaldı. O, “Maudla keçirdiyim gecə”, “Klaranın dizi” və “Günortadan sonrakı məhəbbət” filmlərində olduğu kimi sadə və aydın üslubu ilə tamaşaçının diqqətini cəlb etdi. Jan-Luk Qodard “Yeni dalğa” cərəyanının ən riskli və qəliz rejissoru oldu. Onun ekranlaşdırdığı “Qaçışın sonu”, “Dəli Pierrot” əsərlərindən sonra “La Chinoise” və “Uikend” kimi aydın olmayan və dolaşıq filmləri meydana çıxdı. Ancaq rejissor bununla heç kimə laqeyd qalmadığını göstərdi. Çoxları onu sevir və dövrün ən kreativ rejissoru sayırdı. Jan-Luk Qodardın kinosunu başa düşmək tamaşaçı üçün asan deyildi. Buna baxmayaraq etiraf etmək lazımdır ki, onun kino dilindən məharətlə istifadə etməsi Qodardı nəinki yenilikçi bir rejissor etmiş, eyni zamanda dövrün digər kinoşünaslarına təsir edə bilən bir sənətkara çevirmişdi.

İngiltərə kinosu da 60-cı illərdə öz inqilabını yaşayıb. Hələ Cek Kleytonun “Yuxarıda bir yer” filmindən əvvəl başlamış “Free cinema” (Azad kino) adı altında Britaniyanın qaynayan kino sənayesinə yeni nəfəs vermək üçün çəkiliş qrupu əllərinə kamera alıb sənaye məhəllələrinə gedərək cəmiyyətdə olan təbəqələşməni və ölkənin daxilində hökm sürən səfaləti göstərmək üçün belə bir cərəyanın əsasını qoydular. Fransanın “Nouvelle vague” (Yeni dalğa) cərəyanı kimi burada da hansısa bir hadisə lentə alınarkən mövzu seçimində, həmçinin bu hadisənin nəql edilməsi baxımından novatorluq gözə çarpırdı. Cərəyanın əsas oyunçuları Kerl Rayz – çexiyalı bir intelektual, “Şənbə günü gecə, bazar günü tezdən” filmilə göstərdi ki, kino cəmiyyətdə baş verən dəyişikliklərə qarşı həssas olmalıdır. Digər nümayəndə “Marafonçunun tənhalığı” ecazkar filminin müəllifi Toni Riçardson və “Əgər…” lentinə görə böyük uğur qazanan Lindsi Anderson olub.

Bu cərəyanlar davam etdikcə paralel olaraq 60-cı illər boyu bütün Avropada kinematoqrafiya işinin dahi yaradıcıları sayılan rejissorların yerini möhkəmlədən tammetrajlı filmlər çəkilirdi. Bu ekran əsərlərinin Hollivudla əlaqəsi demək olar ki, yox dərəcəsində idi. Yəni bunlar böyük studiyaların gözəl dövrlərində çəkilən kalssik filmlərə aid deyildilər. Bəlkə də bu filmlərin vahid bir janrda cəmləşdirilməməsi səbəbindən ona “Sənət və esse” adını vermək təklifi irəli sürülmüşdü. Kino mühitinin bədii imkanlarından istifadə etmək üçün kommersiya diktatorlarından tamamilə uzaqlaşan bu kino fərqli, yaradıcı və bəzən də təcrübə məqsədilə yaradılan bir janr kimi tanınmağa başlandı. Bəzən bu cür ekran əsərləri kinonun əksinə gedən başqa bir cərəyan ilə oxşar idi. Digər liderlərlə bərabər Jan-Luk Qodard kinonu əyləncə növlərindən biri olduğu üçün tənqid edir və təsvirin gücünü təhlil edərək incəsənətlə gerçəkliyin arasında bir mərhələ olduğunu göstərməyə çalışırdı.

“Yeni dalğa” cərəyanından başqa, Fransada “Hiroshima mon amour” və “Marienbadda ötən il” filmlərinin müəllifi Alan Renenin timsalında müəllif kinosu mövcud idi. O, fərqli bir rejissor kimi tanınır, zamanın problemlərindən narahat qalan bir kinoşünas sayılırdı. Robert Bresson isə “Janna Darkın məhkəməsi” və “Lancelot du Lac” filmlərilə tamaşaçıları heyran edən bir rejissor idi. Fransada məskunlaşan yunan əsilli Konstantin Kosta-Qavras da “Z”, “Etiraf” və “Mühasirədə” kinolentlərilə siyasi mövzuda çəkilən filmlərə təkan verən rejissorlardan biri sayılırdı.

Heç bir kino cərəyanına qoşulmayan İtaliya kinematoqrafiyası müəllif kinosu pərəstişkarları üçün istinad nöqtəsinə çevrildi. Belə ki, dövrün bir çox tanınmış rejissorları milliyətcə italyan idi. “Səkkiz yarım”, “Roma” və “Amarkord” lentləri Federiko Fellinini beynəlxalq aləmdə bir nömrəli rejissora çevirdi. Onun 60-cı illərdəki şöhrəti yalnız “Gecə”, “The Eclipse” və “Blow-Up” filmlərini çəkən Mikelancelo Antonioni ilə müqayisə oluna bilərdi. Daha çox araqızışdıran, cəsarətli və birmənalı qarşılanmayan Pier Paolo Pazolini isə “Matfeydən İncil”, “Teorem”, “Dekameron” və “Salo və ya Sodomun 120 günü” ekran əsərlərilə şöhrət qazanmışdı. Adı çəkilən filmlər işgəncə və orgiya səhnələrinə görə kifayət qədər qalmaqal yaratdı. Daha fərqli və incələnmiş üslubuna görə “Rokko və onun qardaşları”, “Bəbir”, “Allahların süqutu” və “Venesiyada ölüm” filmlərinin müəllifi Lukino Viskontinin adını çəkmək olar.

İsveçdə müəllif kinosunun tanınmış siması İnqman Berqman ekranlaşdırdığı “Persona” filmilə hamıdan öndə gedirdi. Onun filmoqrafiyasının fundamental əsəri sayılan bu filmdə rejissor, iki qadın arasında olan münasibətləri araşdırır. Ancaq Berqman Şimali və Mərkəzi Avropa kinosuna töhfə verən yeganə şəxs deyildi. “Elvira Madiqan”ın müəllifi Bu Viderberq və “Salamandra” filminin rejissoru Alan Tanner Berqmanın əsas rəqibləri idilər.

Sözügedən dövrdə Şərqi Avropada azadlıq havası udanlar və köklü dəyişikliklərlə üzləşənlər olub. Stalin dövrü artıq geridə qalmış, yeni kino haqqında düşünmək üçün keçmişin sərt rejimini qırmaq zamanı yetişmişdi. Sovetlər Birliyində “Solaris”, “Andrey Rublyov” filmlərinin yaradıcısı Andey Tarkovski və “История Аси Клячиной, которая любила, да не вышла замуж” ekran əsərini lentə alan Andrey Konçalovski ölkənin əsas rejissorları kimi tanındılar. Polyak kinosu da çoxsaylı peşəkarlar və maraqlı kinofilmlərlə zəngin idi. Roman Polanskinin “Suyun içində bıçaq”, Yeji Skolimovskinin “Asan qələbə”, Andjey Vaydanın “Döyüşdən sonrakı mənzərə” polyak kinematoqrafiyasının ən uğurlu və sevilən filmləridir. Macarıstan kino sənayesi də Balaszs studiyalarının sayəsində böyük sıçrayış edərək perspektivli rejissorlarını dünyaya tanıtdı. Mikloş Yanço macar rejissoru kimi “Mənim yolum” və “Çarəsizlər” lentləri ilə dünyada tanınmağa başlandı. Özünəməxsus üslubu ilə İştvan Qaal isə “Şahinlər”, “Ölü mənzərə” ekran əsərlərilə böyük tamaşaçı alqışı qazanan rejissorlardan oldu. Ancaq kinoda dinamika daha çox Çexoslovakiyada müşahidə olunurdu. Burada Yan Kadar və Elmar Klosun birgə ekranlaşdırdıqları “Meydanda dükan”, Yan Nemetsin “Bayram və qonaqlar”, Vera Çitilovanın “Çobanyastığı”, Miloş Formanın “Yanğınsöndürənlərin bayramı” filmlərini xatırlamaq yerinə düşər. Ancaq Şərqi Avropanı bürüyən azadlıq mühiti bir ilğım kimi insanların gözü qarşısında yox oldu. Çünki onilliyin ortalarından başlayaraq azadlıq yenidən siyasi repressiyaların qurbanına çevrildi.

İspaniyada həmçinin söz azadlığını nəzarət altında saxlayan Franko rejiminin tətbiq etdiyi məhdudiyyətlərə baxmayaraq, 60-ci illərdə kinonu inkişaf etdirmək üçün yeni yollar axtarmaq istəyənlər oldu. İlk qığılcımlar Migel Pikaso, Basilio Martin Patino və Xaime Kamino kimi novatorların yaradıcılığında hiss olundu. Bu şəxslər kinoda təcrübə apara-apara “Escuela de Barcelona” məktəbinin komponentlərindən istifadə etdilər. Ancaq yüksək istedada malik olan yalnız iki rejissor ispan kinosunda böyük bir hadisənin qəhrəmanlarına çevrildi. Meksikaya sürgün olunmuş Luis Bunuel İspaniyaya qayıdandan sonra “Viridiana” filmini ekranlaşdırdı. Film Kann festivalında “Qızıl palma” mükafatı alsa da ölkədə elə bir qalmaqal yaratdı ki, Franko göstəriş verdi ki, rejissora vətəndaşlıq verilməsin. Bunuel yenidən Meksikaya, sonradan isə Fransaya qayıtmalı oldu. Onun Fransada çəkdiyi “Gündüz gözəli” və “Burjuaziyanın təvazökar cazibəsi” filmləri isə “Ən yaxşı əcnəbi filmi” nominasiyası üzrə Oskar mükafatı qazandı. Luis Bunuellə yanaşı, onun qohumu, rejissor Karlos Saura da ispan kinosuna təkan verən rejissor sayılır. O, “Ov”, “Nanəli kokteyl”, “Ləzzətlər bağı”, “Anjelikanın əmisi qızı” və “Qarğa artımı” kimi möhtəşəm filmlərin müəllifidir.

Alman kinosu Avropada baş verən dəyişikliklərə bir az gec cavab verdi. 70-ci illərin əvvəllərindən etibarən, sonradan parlayan rejissorlar görünməyə başladı. Cəmiyyətdə birmənalı qarşılanmayan Rainer Verner Fassbinder “Petra fon Kantın acı göz yaşları”, “Qorxu ruhu gəmirir” və “Tülkü və onun dostları” filmlərilə kino tənqidçilərini heyran etməyi bacardı. Populyarlıqda ondan heç də geri qalmayan “Cavan Torless” və “Şərəfini itirmiş Katarina Blumm” filmlərinin müəllifi Folker Şlündorf, “Agirre – Allahın qəzəbi” əsasən də “Qaspar Hauzerin sirri” ekran əsərinə görə böyük tamaşaçı alqışı qazanan Verner Herzog və “Amerikalı dost”  və “Zaman keçdikcə” kinolentlərilə diqqəti çəkən Vim Vendersi misal çəkmək olar.

Birgə film istehsalında baş verən bum

İki və ya daha çox ölkənin birgə film istehsalına cəlb olunması hələ səssiz kino dövründə həyata keçirilən bir hadisə idi. 1950-ci ildən sonra birgə istehsallar adiləşməyə başlasa da növbəti onillikdə bu təcrübə böyük bir partlayışla müşayiət olundu. Şimali Amerika kinematoqrafiyası xaricdə film çəkmək üçün cəzbedici yerlər görəndə onların bu ölkələrlə əməkdaşlığı yalnız o zaman məna kəsb etməyə başladı. “Hollywood” Avropada çəkilş apararkən başa düşdü ki, texniki heyəti və avadanlıqları Atlantik okeanın o biri tayına daşımaqdansa, birgə istehsal sistemini qurmaq daha ucuz başa gələr. Avropalılar da birgə istehsalların iqtisadi baxımdan sərfəli olduğunu anladılar. Əgər İtaliya, Fransa və İspaniya ilə hansısa bir tammetrajlı ekran əsərini maliyələşdirirdisə, aydın məsələ idi ki, lent ən azından bu iki ölkədə nümayiş olunacaqdı. Bu da filmin sonrakı taleyinə müsbət təsir göstərirdi.

Nəzəri cəhətdən bu, kino istehsalı sahəsində sadə bir alternativ nümunə idi. Bir də ki, birgə istehsallar o qədər mühüm əhəmiyyət kəsb etdi ki, onlar Avropada yeni kino cərəyanlarının yaranmasına yol açdılar. Maraqlıdır ki, tənqidçilər ilk günlər birgə əməkdaşlıq prosesinə inamsızlıqla yanaşırdılar. Onlar bu cür filmləri maraqsız və hibrid kino adlandırırdılar. Filmin hansı ölkə tərəfindən çəkildiyinə heç vaxt fikir verməyən tamaşaçı, Avropanın birgə istehsalçı şirkətlərin hər birindən topladıqları ləçəklərin ətirdən xoşlanır və məhəllə kinoteatrların qızıl dövründə olduğu kimi, sonradan video ilə rəqabətə tab gətirə bilməyən bu filmlərdən zövq alırdı.

İlk növbədə Hollivud Avropanı (İtaliya, İspaniya və Yuqoslaviya) əsrarəngiz filmlər istehsal etmək üçün ideal yer seçdi. İlk ikincilərin məsafə baxımından daha yaxın və müasir infrastruktura malik olması Şimali Amerika kinosunu bu ölkələrlə yaxınlaşdırdı. Kinq Vidor 1956-cı ildə “Hərb və sülh” filmini çəkərkən İtaliyanın onun ixtiyarına verdiyi kinostudiyanın çəkiliş meydançasını sınaqdan keçirən ilk rejissorlardan biri oldu. Sonradan nəhəng “Cinecittá” studiyalarında “Ben-Hur”, “Barabbas”, “Kleopatra” kimi möhtəşəm filmlər çəkildi. İspaniya belə studiyalara malik olmasa da, ölkə əvəzsiz təbiət mənzərələrini və kütləvi səhnələrdə çəkilişlər aparması üçün əsgərlərini kamera önünə çıxarmağa hər zaman hazır olan Franko rejiminin bütöv dəstəyini təklif edirdi. Robert Rossenin 1956-cı ildə “Makedoniyalı İskəndər” filmini ekranlaşdırarkən əldə etdiyi təcrübə digər rejissorları İspaniyaya gəlməyə sövq etdi. Beləliklə, Kinq Vidor “Solomon və Səba” filmini çəkməkdən ötrü İspaniyaya səyahət etdi. Entoni Mann bu ölkədə çəkdiyi “El Cid” ekran əsərində baş rolları Sofi Loren və Çarlton Hestona həvalə etdi. Stenli Kubrik “Spartak” filminin bir hissəsini burada çəkdi, Nikolas Rey də “Krallar kralı” möhtəşəm kinolentinə görə İspaniyaya köçməli oldu.

“Hollywood” qədim dövrü əks etdirən monumental əsərlər yaratmağa başlayanda artıq İtaliyada klassik Yunanıstan və Roma imperiyasından bəhs edən mövzulara keçid olunmuşdu. Yuxarıda adlarını çəkdiyimiz Hollivud istehsalı olan kinolentlərin uğur qazanması italyanların tez-tez epik janra müraciət etməsinə səbəb oldu. Onlar tarixi hadisələrə bir qədər etinasız yanaşsalar da, əsasən az tanınmış (məhşur olmayan) aktyorlardan istifadə edərək və aşağı büdcəli filmlər çəkə-çəkə özlərinin fərdi üslublarını yaratdılar. Bu ekran əsərlərində erotik ştrixlərlə yanaşı, açıq-aydın işgəncə səhnələri də adi hala çevrilmişdi. Beləliklə, bu qarşıqlıqdan yaranan maraqlı və populyar janr bütün dünyaya yayıldı. Şimali Amerikalılar bu epik janrı “Qılınc və sandal”, fransızlar qədim dövrə məxsus geyimləri nəzərdə tutub “Peplum” adlandırdılar, ispanlar üçün isə bu, sadəcə olaraq “Roma filmləri” adını aldı.

İtaliya çoxlu sayda “Peplum” filmləri çəkdi. Onlardan “Herkules”, “Ursus”, “Məğlubedilməz Masiste”, “Qalibin qılıncı”, “Qulların qiyamı”, “Pompeyin son günləri”, “Sodom və Homorra”, “Rodos heykəli”, “Yenilməz Persey” kimi ekran əsərlərinin adlarını çəkmək olar. Filmlərin istehsalında İspaniya, Fransa, Almaniya və hətta ABŞ da iştirak edirdi. Gözlənildiyi kimi, bazar bu növ filmlərlə doldu və artıq “Peplum” janrına müraciət olunmadı. Onun əvəzinə əsasən ispan və italyanlar tərəfindən yaradılmış “Spagetti-vestern” janrı meydana çıxdı. Janrın yaranması haqqında müxtəlif fərziyələr gəzsə də sonradan aydın oldu ki, italiyalı rejissor Serco Leone hələ o zaman məşhur olmayan Klint İstvudla “Bir ovuc dollar” filmini çəkəndə insanlar arasında əsl şok yaşanmışdı. Leone-İstvud cütlüyünün yaratdığı “Bir neçə dollar artıq”, “Yaxşı, pis və zalım” ekran əsərləri insanlar arasında Avropa vesterni janrına şövqlü məhəbbət oyatdı. Hollivud vesternin qüruba doğru getdiyi vaxtda isə Avropa vesternin meydana gəlişi ən yaxşı və uğurlu bir təsadüf oldu. Avropalı kinoşünaslar zorakı filmlər çəkməklə janra yaxınlaşmağın yeni üsulunu tapdılar. Film boyu iri kadrlar və yenilikçi musiqidən bolluca istifadə edərək bütün sujeti qisas üzərində qururdular. “Spagetti-vestern” janrında çəkilmiş səhnələr “Cinecittá” studiyası və Almeriyanın təbiət mənzərələri ilə bir-birini əvəzləyirdi. Janr Serco Leone, Klint İstvud, əvəzsiz aktyor Li Van Klif, sevilən bəstəkar Ennio Morrikone kimi istedadları kəşf etdi və özündən sonra “Django”, “Şahin caynaqları”, “MakQreqor üçün yeddi tapança”, “Ağ, sarı və qara”, “Rinqo üçün tapança”, “Tedeum” kimi gəlirli ekran əsərlərini qoydu. “Spagetti-vestern” filmlərinin istehsalı say etibarı ilə zəngin olub və 70-ci illərə kimi davam edib. Lakin hər zaman olduğu kimi, bu qədər filmlərin arasında uğur qazanmayan kinolentlər də olub. Buna görə də ilk tapıntılara baxmayaraq, janrın bu qolu zamanın sınağından çıxa bilmədi.

“Spagetti-vestern” janrının ən böyük uğuru Avropa ölkələri arasında kino istehsalı aliansını möhkəmləndirmək oldu. Əsasən İspaniya və İtaliya istənilən növ layihələri gerçəkləşdirməkdən ötrü öz güclərini səfərbər etdilər. Bu iki ölkə əməkdaşlığı istənilən janrın – qorxu filmləri, komediya, detektiv, müharibə filmlərinin öhdəsindən gəlib, əsas diqqəti “Sandokan”, “100 cəngavər”, “Qara zanbaq”, “Zorro yenidən at belində”, “Sürkuf – yeddi dəniz qəhrəmanı”, “Üç benqal çavuş”, “Agent 003: Atlantis əməliyyatı” kimi macəra filmlərinə yönəltdilər. Bu sonuncusu, Ceyms Bond haqqında çəkilən filmlərin çoxsaylı imitasiyalarından biri sayılır.

“EL CİNE” (Kino) kitabından

İspancadan çevirdi: Məmməd MƏMMƏDLİ

Leave a Reply

You cannot copy content of this page