Tələbəlik illərimdə özümü skeptik sayırdım. Hesab edirdim ki, bu, ən düzgün yoldur. Bu, məni ateistlərə yaxın edirdi, amma ateist etmirdi. Əgər nəyisə sübut edə bilmirəmsə, özü də heç zaman sübut edə bilməyəcəmsə onu necə inkar edə bilərəm? Bu, mənim məntiqimə sığmır. Normal insanların da məntiqinə sığmamalıdır, çünki məntiq bizim hamımızda eynidir. Görünür, ateistlərdə başqa cürədir. Sözün açığı, mən dindən aralı gəzirdim.
Ümumiyyətlə, mən öz-özümə suallar verib, onlara cavab axtarmağa çalışan biriyəm. Boş vaxtlarımda fikirləşirəm, xüsusən də gecələr. Nə üçün gecələr? Çünki hamı yatanda sənə heç kəs mane olmur. Bu zaman insan daha yaxşı düşünməyə başlayır. Elə bu mətni də gecə yazdım. Əlqərəz…
Bir gün, daha doğrusu bir gecə mən qarşıma növbəti bir sualı qoydum. Allah var, yoxsa yox? Bir skeptik ilahi qüvvə qarşısında fikrini dəqiqliklə bildirə bilməz axı… Necə yəni, 50% inanıram, 50% isə inanmıram. Məqər Allahın varlığı, yoxluğu bizim inamımızdan aslıdır? Həmin gecə mən skeptik fikirlərimi qoydum kənara. Yadıma nisbilik nəzəriyyəsi düşdü. Başladım hər bir şeydə nisbilik axtarmağa. Çalışdım nümunələr gətirim. Pis və yaxşı anlayışların nisbi olduğunu söylədim. Çünki bir şey əgər pisdirsə, əks tərəfdən ona baxanda o bizə yaxşı görünür və s. Yəqin ki, fikrimi çatdıra bildim. Doğrudan da hər şey nisbidir. Və əgər hər şey nisbidirsə nə üçün hansısa bir materiyanın mövcudluğu, deyək ki, armudu stəkan, nisbi deyil? Ola bilərmi ki, armudu stəkan mövcud, eyni zamanda mövcud olmasın? Tutaq ki, bu da belədir. Bəlkə o, paralel dünyada mövcud deyil. Zarafat edirəm. Məgər bizim inamımız nəyisə dəyişdirir? Bu, bir az gülməli alınır. Bu yolla görmək istəmədiyin adamı yox etmək olar. Deməli, məsələ inamda deyil. Bu zaman belə bir fikir də yadıma düşdü: Əgər nəyəsə möhkəm inansan, o mütləq yerinə yetəcək. Əslində çoxlarımız bunu təcrübəmizdən keçirmişik. Bəli, bu belədir. Ancaq bu, yenə də nisbiliyə gətirib çıxarır. Fikrimi tuta bildiniz? Burada yadıma bir şey də düşdü. Məgər sizdə olmayıbmı ki, arzuladığınız və inandığınız bir şey həyata keçməsin. Olub, buna əminəm. Deməli, nə deyirsiniz deyin, məsələ inamda deyil. Məsələ bilirsiniz nədədir? Mən zikr edərkən müxtəlif variantları nəzərdən keçirirdim və mənə elə gəldi ki, az qala sualın cavabını tapacaqdım. Mən Allahın mövcudluğunu aşkar etmişdim, sanki onun yerini müəyyənləşdirmişdim az qala. Bu zaman canıma elə qorxu düşdü ki, mən dayandım və özümə söz verdim ki, daha bu haqda düşünməyəcəyəm. Anladım ki, Allah heç zaman özünün harada olduğunu bizə bildirməz. Onu qəbul etmək isə çətin olduğu qədər də asandır.